Prezidentin hərbi hissələrdə ideoloji tərbiyə ilə bağlı tapşırığı böyük önəm kəsb edir
26 İyun-Azərbaycan Silahlı Qüvvələri Günü hər il ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Çünki ordumuz xalqımızın güvənc yeridir. Təsadüfi deyil ki, bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasındadır. Azərbaycan Ordusu ən müasir silahlarla, hərbi texnika və müdafiə təyinatlı qurğularla tam təchiz edilib. Ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu son dövrlərdə qazanılan hərbi uğurlar da aydın surətdə göstərir. Azərbaycan Ordusunun qüdrəti gündən-günə artır, qələbələr, nailiyyətlər bir-birini əvəzləyir.
Ordumuzun Aprel döyüşlərində qazandığı qələbə, eləcə də 2018-ci ildə həyata keçirdiyi uğurlu Naxçıvan əməliyyatı işğal atındakı torpaqlarımıza tam nəzarət etməyə imkan verir. Bu əməliyyat nəticəsində əldə edilmiş yüksəkliklər strateji xarakter daşıyır. Bu yüksəkliklər Azərbaycan Ordusuna Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək imkanı yaradır. Aprel döyüşləri və Naxçıvan əməliyyatı bir daha göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü hərbi yolla bərpa etməyə qadirdir. Ordunun kadr potensialının artırılması, şəxsi heyətin bilik və bacarığının, döyüş ruhunun yüksəldilməsi, hərbçilərin sosial problemlərinin həlli dövlətin qarşıya qoyduğu prioritet məsələlərdəndir. Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi, bu məsələnin də öhdəsindən layiqincə gəlib. Artıq Azərbaycan hərbçisinin qarşısında bir hədəf var, o da ərazilərimizin işğaldan azad edilməsidir.
İyunun 25-də Prezident İlham Əliyev Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında ordu quruculuğundan danışaraq bildirib ki, biz müharibə şəraitində yaşayırıq və belə olan halda ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifədir. Dövlətimizin başçısı Dağlıq Qarabağ münaqişəsinə toxunaraq qeyd edib ki, biz münaqişə ilə bağlı mövqeyimizdə möhkəm dayanmışıq və bir addım geri atmayacağıq. Beynəlxalq təşkilatlar indi ərazi bütövlüyü prinsipini xüsusilə qeyd edirlər. Avropa İttifaqının sonuncu Şərq Tərəfdaşlığı Zirvə görüşündə çıxış edənlərin, dünya liderlərinin bir çoxları bu məsələyə aydınlıq gətiriblər. Ərazi bütövlüyü prinsipi insanların, xalqların öz müqəddəratını təyin etmək prinsipindən üstündür. Heç kimin bu haqda şübhəsi olmasın. Cənab Prezident qeyd edib ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına biz heç cür imkan verə bilmərik. Əslində Prezidentin nitqi görülən və görüləcək işərin, eyni zamanda işğal faktına son qoyulması üçün hansı zəruri şərtlərin olmasının qısa məcmusu idi. Prezident qeyd etdi ki, son illər ölkəmizdə ordu quruculuğunda, xüsusilə hərbi hissələrin tikintisində Azərbaycan standartları tətbiq edilir və bu standartlar ən yüksək qiymətə layiqdir. Yeniliklər də kifayət qədər çoxdur, xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Ona görə də Prezident İlham Əliyev bu məsələlərə toxunaraq bildirdi ki, son illərdə ordumuzun silah-sursat, texnika ilə təchizatı da təşkil edilir. Bu məqsədlər üçün milyardlarla dollar vəsait xərclənib.
Bu gün texniki təchizat baxımından Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bizim zirehli texnikamız ən yüksək standartlara cavab verir. Bizim hava hücumuna qarşı müdafiə sistemimiz müasirləşib, hava hücumuna qarşı müasir qurğularımız imkan verir ki, bizim ölkəmiz, o cümlədən strateji obyektlər qorunsun. cəbhə bölgəsində yaranmış vəziyyət bir daha onu göstərir ki, Azərbaycan strateji üstünlüyə malikdir. Bundan sonra da ordumuzun müasir silah-sursat, texnika ilə təchizatı davam etdiriləcək. Hər bir Azərbaycan vətəndaşı bu gün öz Milli Ordusu, onun şəxsi heyəti ilə və döyüş qabiliyyəti ilə fəxr edir.
Abbasova Fərqanə, 72 saylı orta məktəbin direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB