"Sosial şəbəkələr insanları çaşdırmaqla məğuldur" ÖZƏL - MÜNASİBƏT

"Sosial şəbəkələr insanları çaşdırmaqla məğuldur" ÖZƏL - MÜNASİBƏT

"Əgər vətəndaş məsuliyyətsizliyi bu cür davam edərsə yoluxma sayı artacaq. Təbii ki, dövlət də daha sərt qaydalar tətbiq edəcək. Bu gün virusdan canımızı qurtarmaq üçün vətəndaş həmrəyliyinə və məsuliyyətinə ehtiyacımız var". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, hazırda sərt karantin qaydaları davam edərkən artıq qaydalara riayət etməyən vətəndaşlarımızın bir qismində məsuliyyət hissi yaranmağa başlayıb və qaydalara riayət olunur:

"Lakin bunu hər bir şəxsə aid etmək olmur. Yenə də karantin qaydalarına riayət etməyən insanlara rast gəlirik. Bunu gündəlik olaraq Daxili İşlər Nazirliyinin məlumatlarında da rast gəlirik. Hər gün mindən artıq şəxs karantin qaydalarını pozduğu üçün cərimələnir. Bunun özü də böyük bir rəqəmdir. Bu da onu göstərir ki, məsələyə qeyri-ciddi yanaşan vətəndaşlarımız hələ də var. Onlar özlərinin və digərlərinin həyatlarını təhlükəyə qoyurlar.

Bu gün istənilən platformada maarifləndirici işlər və təbliğatlar aparılır. Dövlətimiz tərəfindən görülən tədbirlərin nəticəsində və vətəndaşlarımızın dəstəyi sayəsində müəyyən nailiyyətlər əldə etsək də bəzi vətəndaşlarımız bu istiqamətdə dövlətə kömək etmir. Bəzi şəxslər digər insanları da çaşdırmaqla məğuldur. Bu sosial şəbəkələrdə də hiss olunur. Bəzi təxribatçı qruplar sosial şəbəkələr vasitəsilə geniş anti-təbliğat qururlar. Hər bir vəcdlə dövlətin gördüyü işlərə kölgə salmağa çalışırlar".

QHT sədri bildirib ki, bu gün Azərbaycanın ən yaxşı və müasir xəstəxanaları virusla mübarizəyə ayrılıb, peşəkar həkimlərimiz isə insanların həyatını xilas etməyə çalışırlar:

"Prezident İlham Əliyev vurğuladı ki, əgər vətəndaşlar müəyyən olunan qaydalara riayət etməsə, yoluxma halları artsa daha sərt karantin qaydaları tətbiq olunacaq və cərimələr artırılacaq. Hesab edirəm ki, bu düzgün addımdır. Əgər vətəndaş ondan tələb olunan sadə davranış qaydalarına əməl etmək istəmirsə, o zaman dövlət bu addımı atmalıdır. Bu addımı atmaqla da əsas məqsəd Azərbaycan vətəndaşının həyatını qorumaqdır.

Düşünürəm ki, sosial şəbəkələrdə xüsusilə təbliğatı genişləndirməliyik. Təxribatçı qruplara qarşı ziyalılarımız, vətəndaş cəmiyyətləri, KİV-lər qətiyyətlə mübarizə aparmalıdır. Sosial şəbəkədə vətəndaşları çaşdıran, təbliğatçılıqla məşğul olan şəxslər hüquq mühafizə orqanları tərəfindən cəzalandırılmalıdır. Bütün bunlara qarşı ictimai qınaq olmalı və geniş vüsət almalıdır. Hər bir vətəndaş digərini bu istiqamətdə düz yola çəkməlidir. Vətəndaş qınağı bu gün üçün çox vacib və aktualdır".

Anar Xəlilov qeyd edib ki, bizdən tələb olunan ən sadə qaydalara riayət etsək tezliklə yoluxmaların qarşısını ala bilərik və virusa az itkilərlə qalib gələ bilərik: "Əks təqdirdə isə əgər vətəndaş məsuliyyətsizliyi bu cür davam edərsə yoluxma sayı artacaq. Dövlət də təbii ki, daha sərt qaydalar tətbiq edəcək. Bu gün virusdan canımızı qurtarmaq üçün vətəndaş həmrəyliyinə və məsuliyyətinə ehtiyacımız var".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə