Azərbaycan Ordusu: dövlətin dayağı, xalqın güvənc yeri, qürur mənbəyi

Azərbaycan Ordusu: dövlətin dayağı, xalqın güvənc yeri, qürur mənbəyi

Prezident İlham Əliyev: “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var!”

Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. Bu gün artıq müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusu vardır.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi. Bu baxımdan, ölkəmizdə dövlətin və dövlətçiliyin əsas sütununu təşkil edən güclü ordunun formalaşdırılması və inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ həm də Azərbaycanın nizami ordusunun formalaşdırılması kimi əlamətdar olmuşdur. Ötən əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması, bu mənada, mühüm əhəmiyyət daşımışdır. Bundan başqa, Ulu Öndərin rəhbərliyi ilə gənclərimiz müxtəlif respublikalarda hərbi təhsil almış, ixtisaslı hərbçi kadrlar kimi formalaşaraq, vətənə qayıtmışlar. Dahi liderin birbaşa şəxsi təşəbbüsü ilə o dövrdə hazırlanan hərbi kadrlar sonradan müstəqil Azərbaycanın qüdrətli milli ordusunun peşəkar komandan heyətini təşkil etmişdir.

Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində milli ordumuz davamlı olaraq inkişaf edir.

“Əminəm ki, Azərbaycan gücləndikcə, ordumuz da güclənəcək”

“Bu gün Azərbaycan Ordusu hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə, nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Əminəm ki, Azərbaycan gücləndikcə, ordumuz da güclənəcək. Artıq ordumuz istənilən vəzifəni həll etməyə hazırdır” deyən ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanda müasir hərbi sənaye kompleksi yaradılmış, Silahlı Qüvvələrin maddi-texniki bazası müasir texnika və silahlarla zənginləşdirilmiş, bu sahədə kadr hazırlığı təkmilləşdirilmişdir. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində, gündən-günə daha da möhkəmlənir və döyüş qabiliyyətini artırır.

Ordu quruculuğu - son 17 illik uğurlu nəticələr

Məhz Prezident İlham Əliyevin son 16 illik uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycanın dövlət büdcəsində müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait, artıq bir neçə ildir ki, ardıcıl olaraq, Ermənistanın ümumi dövlət büdcəsindən çoxdur. Bununla yanaşı, Müdafiə Sənayesi Nazirliyində 400 addan çox müdafiə təyinatlı məmulatın istehsal olunması ölkəmizin hərbi qüdrətinin artmasının bariz nümunələrindəndir.

Bu gün Azərbaycan Ordusunun malik olduğu silah və texnikanın 80 faizindən çoxu yenilənib, ordumuz ən müasir silahlarla təchiz olunub. Hazırda güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir və şəxsi heyətin döyüş ruhu yüksəkdir. Hərbi şəhərciklərin çox hissəsi yenidən tikilib və ya tam təmir edilib. Prezident İlham Əliyevin ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Bu gün orduda xidmət etməyə yaşı çatan hər bir Azərbaycan vətəndaşı, könüllü olaraq, torpaqlarımızın müdafiəsi uğrunda döyüşmək əzmində olduğunu nümayiş etdirir. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. Prezident İlham Əliyev hər çıxışında Azərbaycan Ordusunun gücünü və torpaqlarımızı azad etmək əzmində olduğunu xüsusi olaraq vurğulayır. Elə 2018-ci il aprelin 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində də dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev ordu ilə bağlı mühüm mesajlar verdi: “Biz yaxşı bilirik və bunu tarix, yaxın tarix və bölgədə gedən proseslər göstərir ki, bir çox hallarda, beynəlxalq hüquq normaları işləmir. Kim güclüdür, o da haqlıdır. Biz bunu dəfələrlə görmüşük, bu gün də görürük. Demək olar ki, son 15 il ərzində beynəlxalq davranış qaydaları dəyişdi və beynəlxalq hüquq normaları arxa plana keçdi. Güc amili önəm qazandı. Bu, reallıqdır. Biz real həyatda yaşayırıq və reallıqla hesablaşmalıyıq".

Azərbaycan Ordusu - dünyanın 50 ən güclü ordusu sırasında

Son 17 ildə ölkədə aparılan ardıcıl islahatlar və düşünülmüş daxili və xarici siyasət nəticəsində, Azərbaycan Cənubi Qafqaz regionunun ən nüfuzlu dövlətinə çevrilib. Müstəqilliyimizin, dövlətçiliyimizin qarantı olan və yeni inkişaf mərhələsinə qədəm qoyan Silahlı Qüvvələrimiz regionun ən güclü ordusu və xalqımızın güvən yeridir. Hərbi qüdrətini, ardıcıl olaraq, artıran Azərbaycan Ordusu hazırda dünyanın 50 ən güclü ordusu sırasındadır.

“Bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sıralarındadır. Aprel, Naxçıvan qələbələri bir daha ordumuzun və xalqımızın vətənpərvərlik ruhunu gücləndirir”. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezidnent İlham Əliyev ordumuzun döyüş qabiliyyətinin hər ötən gün artdığını deyir. Xalq tam arxayın ola bilər ki, ordumuz istənilən vəzifəni yerinə yetirməyə qadirdir: “Bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sıralarındadır. Güclü ordunun yaradılması üçün güclü iqtisadiyyatımız olmalıdır. Son 15 ildə Azərbaycan qədər iqtisadi sahədə inkişaf edən ölkə olmayıb. İqtisadiyyatımız 3,2 dəfə artıb. Azərbaycan bu gün iqtisadi baxımdan, özünü rahat hiss edir. Biz öz hesabımıza yaşayırıq və heç bir yerdən yardım almırıq. Öz zəhmətimizlə qazanılan vəsaiti ölkə qarşısında duran məqsədlərə yönəldirik. Bunların arasında ordu quruculuğu əsas yerdədir. 2003-cü ildən bu günə qədər hərbi xərclərimiz 15 dəfə artıb”.

Hərbi qüdrətini, ardıcıl olaraq, artıran Azərbaycan Ordusu ən müasir silahlarla, hərbi texnika və digər müdafiə təyinatlı qurğularla tam təchiz edilib. Ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu son dövrlərdə qazanılan hərbi uğurlar da aydın surətdə göstərir. Ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətin və düşünülmüş strateji xəttin nəticəsidir ki, bu gün Azərbaycan ən müasir silahları almaqla yanaşı, onların bir çoxunu özü istehsal etmək qabiliyyətindədir. Həmin arsenalın bir hissəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilən hərbi parad zamanı nümayiş etdirildi.

Möhtəşəm güc: Azərbaycan Ordusunun daimi inkişafı

Azərbaycana qarşı düşmənin informasiya savaşını daha da genişləndirdiyi haqqında məlumatlar yayılır. Onu müəyyən üsullarla həyata keçirməyə çalışırlar. Onların sırasında Azərbaycan Ordusu haqqında təxribatçı informasiyalarla yanaşı, müxtəlif yüksək vəzifəli şəxslər barədə həqiqətə uyğun olmayan məlumatların uydurulması da vardır. Hətta xüsusi təşkil edilmiş üsulla ermənilər azərbaycanlı adı ilə sosial şəbəkələrdə qeydiyyatdan keçir və informasiya savaşında iştirak edirlər.

Təbii ki, bütün bunlar gözlənilməz deyil və Azərbaycan tərəfinin iradəsini qətiyyən sındıra bilməz. Əksinə, Azərbaycan daha təkmil üsullarla və daha təmkinli qaydada bizə dost olmayan dairələrin cavabını verir. Belə ki, son aylar ardıcıl olaraq keçirilən mötəbər tədbirlərdə bir daha bunun şahidi oluruq. Belə ki, danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Azərbaycan Prezidenti, Ali Baş Komandan tutarlı cavb verməsi bir daha dövlət başçımızın ordu siyasətinin düzgün və uğurlu həyata keçirilməsinin məntiqi nəticəsidir: "Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır!".

Göründüyü kimi, Azərbaycan Prezidenti yüzillik erməni yalanını beynəlxalq miqyasda bir daha ifşa etdi, Ermənistan baş nazirini isə yenə də "öz dilindən yandırıb” gülüş hədəfinə çevirdi. Bu, ölkə başçısının qətiyyətli və prinsipial mövqeyinin nəticəsidir.

Bu gün ordumuz ən yüksək səviyyədədir

Bu fikri konkret faktlar təsdiq edir. Beynəlxalq ekspertlər dəfələrlə fikir bildiriblər ki, Azərbaycan Ordusu bütün göstəricilərinə görə Cənubi Qafqazda ən güclü ordudur. Ayrıca, Ermənistan silahlı qüvvələrindən dəfələrlə qüdrətlidir. Məsələn, 2016-cı ilin məlum Aprel döyüşlərində Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın etdi. Erməni əsgərlər qaçmaqla xilas olmağa çalışırdılar. Ermənistan ordusunu tam məğlubiyyətdən Rusiya xilas etdi. Bunu indi rəsmi səviyyədə açıq deyirlər. Ermənilər yalvarıblar ki, Azərbaycanı dayandırsınlar. Lakin hətta qısamüddətli döyüş belə göstərdi ki, Ermənistan ordusu Azərbaycan Ordusundan dəfələrlə zəifdir. Həm təşkilati, həm silahlanma, həm döyüş taktikası, strateji planlama kimi istiqamətlərdə erməni ordusu çox geridə qalır. İndi Ermənistan rəsmiləri ordudakı xəyanətkarları, caniləri, silah alverçilərini, bacarıqsız zabitləri axtarmaqla məşğuldursa, Azərbaycan rəhbərliyi ordunu daha da gücləndirir. Bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bununla bağlı Prezident İlham Əliyev bəyan edib: "Ulu Öndərin misilsiz xidmətləri Azərbaycan xalqının qəlbində daim yaşayır. Biz onun işini davam etdiririk. Ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Müasir səviyyədə işlər görülür, hərbi texnika alınır, döyüş qabiliyyəti artır. Bir sözlə, bu gün Azərbaycan Ordusu öz gücünü göstərir və göstərməlidir".

Konkret ifadə etsək, bu gün Azərbaycan Ordusunun davamlı olaraq inkişaf etdirilməsi dərin düşünülmüş, müasir reallıqları və tələbatları tam nəzərə alaraq aparılan siyasətin birbaşa bəhrəsidir. Şübhə yoxdur ki, bu proses inkişaf etdiriləcək. Onun başlıca özəlliyi ondan ibarətdir ki, Azərbaycan Ordusunun inkişaf konsepsiyası bütövlükdə Azərbaycanın inkişafı konsepsiyasının tərkib hissəsidir. Buna görədir ki, dövlət başçısı xüsusi vurğulayır: "Azərbaycan bu gün bütün sahələrdə uğurla inkişaf edir. Əminəm ki, bu inkişaf dayanıqlı olacaq".

Azərbaycan Prezidenti, Ali baş Komandan İlham Əliyev cənablarının deydiyi kimi: "Gün gələcək Azərbaycanın dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır”.

Bəli, nə qədər ki, əzəli-əbədi torpaqlarımız düşmən işğalı altındadır, Azərbaycan əsgəri silahını yerə qoymayacaq! Bəli, bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, onun İlham Əliyev kimi Lider Prezidenti, Ali Baş Komandanı var. Həmçinin, əlində silah gecə-gündüz Vətənə keşik çəkən igid əsgər və zabitləri vardır və işğalçı Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkərək, Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir, əks-təqdirdə, təcavüzkar Ermənistan qarşısında qüdrətli Azərbaycan Ordusunun gücünü bir daha görəcək! Və hər şeyin bir sonu olduğu kimi, bu ədalətsiz münasibətin də bir sonu olacaq. Və o zaman Azərbaycan Ordusunun qarşısında kimsənin dayanması mümkün olmayacaq. Ölkə rəhbərliyinin də əminliklə dediyi kimi, O GÜN MÜTLƏQ GƏLƏCƏK!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə