“Sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır” Prezident
Ötən həftə məlum oldu ki, ölkədə karantin müddətinin uzadılmasına ehtiyac var və dünyadakı əksər dövlətlər kimi, biz də bu addımı atacağıq. Bu, virusla mübarizədə qalib gəlmək üçün vacibdirsə, demək, müzakirəyə ehtiyac yoxdur. Amma karantinin müddəti uzadılırsa, bundan irəli gələn bir çox başqa məsələlər də yoluna qoyulmasını tələb edir. Xüsusilə də, evdə qalmağa məcbur olan əhalinin üzləşdiyi sosial və iqtisadi problemlər də həll edilməlidirlər. Dövlət başçımızın həftə ərzində keçirdiyi videomüşavirə və videoiclasda bu məqamlara toxunuldu və onların yoluna qoyulması üçün həqiqətən çox böyük addımlar atıldı.
Düşünülmüş siyasətin uğurlu nəticələri…
Bəli, pandemiya başlayandan indiyə qədər məhz ölkə Prizedinin düşünülmüş siyasəti nəticəsində Azərbaycanda vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Fakt odur ki, məhz bu düşünülmüş siyasətin nəticəsində ölkəmiz bu böhranlı vəziyyəti dünyanın bir çox ölkələrindən daha yaxşı idarə edə bilib. Amma pandemiyanın nə vaxt qurtaracağını da heç kim bilmir. Ona görə də, sayıqlığı itirmədən atılan addımları davam etdirmək lazımdır.
"Həkimlər yaxşı bilirlər və artıq ictimaiyyətə də dəfələrlə bu fikir çatdırılıb ki, sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Hər kəs yaxşı başa düşür ki, koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq". Bu fikirləri Prezident İlham Əliyev Gəncə şəhərində modul tipli xəstəxananın açılışından sonra bir qrup tibb işçisi ilə görüşündə deyib. Dövlətimizin başçısı onu dabildirib ki, bu xəstəliklə yaşamağa məcburuq və artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir: "Ona görə bütün ölkələrin əsas səyləri odur ki, yoluxmanın sürəti azalsın, az insan xəstələnsin və ölkələrin səhiyyə sistemi imkan versin ki, bütün xəstələr lazımi müalicə alsınlar. Odur ki, biz bu addımı atdıq və hesab edirəm ki, düz etmişik, baxmayaraq ki, indi bəzi ölkələr daha da irəliyə gedərək, daha çox yumşaldıcı addımlar atır. Təbii ki, bunun əsas səbəbi iqtisadi sahədə olan problemlərdir”.
Azərbaycanda da belə problemlərin olduğunu vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, beş ayın nəticələrinə görə iqtisadiyyatımız tənəzzülə uğrayıb: “O qədər də böyük tənəzzül deyil - cəmi 1,7 faiz. Ancaq biz ilin əvvəlində çox yaxşı iqtisadi göstəricilər nümayiş etdirmişdik. Bizim çox böyük planlarımız, çox gözəl perspektivlərimiz var idi. Bütün aparıcı beynəlxalq maliyyə qurumları da 2020-ci ili Azərbaycanda sürətli inkişaf ili kimi görürdülər və bunu bəyan edirdilər. Biz şüurlu şəkildə məhdudlaşdırıcı tədbirləri gördük və deyə bilərəm, dünyada ilk ölkələrdən idik ki, bütün lazımi məhdudlaşdırıcı tədbirləri gördük, məktəbləri, ali məktəbləri, ictimai iaşə obyektlərini, böyük ticarət mərkəzlərini bağladıq ki, kütləvi yoluxmanın qarşısı alınsın".
"Sosial sahədə heç bir ixtisar olmayacaq"
"Mən demişəm ki, sosial sahədə heç bir ixtisar olmayacaq. Hesab edirəm ki, koronavirus pandemiyasının miqyasından asılı olmayaraq, ilin sonuna qədər insanların yaşayış səviyyəsi dəyişməz olaraq qalmalıdır". Keçən il çox böyük sosial paketin tətbiq olunduğunu xatırladan dövlətimizin başçısı deyib: “Minimum əməkhaqqı orta hesabla iki dəfə, minimum pensiya 70 faiz artdı. Müavinətlər 50 faiz, 100 faiz artdı. Problemli kreditlər kompensasiya şəklində insanlara maddi hədiyyə olaraq verildi. Yəni, bu məqsədlər üçün milyardlarla manat xərcləndi. Pandemiyaya qarşı mübarizə üçün 3 milyard manatdan çox vəsait nəzərdə tutulur. Bu vəsaitin bir hissəsi xərcləndi və biz yeni avadanlıqlar alırıq. İndi 23 laboratoriyamız var. Amma, eyni zamanda, problem ondadır ki, artıq fevral, mart aylarında sifariş edilmiş avadanlığı, hansısa cihazı biz bəzən ala bilmirik. Çünki bunu istehsal edən ölkələr onu satmır, özləri üçün saxlayırlar. Problem bundadır”.
"Dövlət tərəfindən atılmış addımlar əgər ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq"
Prezident İlham Əliyev qeyd edib ki, biz yaranmış vəziyyətdən şərəflə çıxmağa çalışmalıyıq. “Ancaq dövlət tərəfindən atılmış addımlar əgər kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq. Dəstək isə nədən ibarətdir? Sadəcə olaraq, üç adi qaydanı gözləmək, buna əməl etmək və məsuliyyət, nizam-intizam göstərmək. Biz birlik, həmrəylik nümayiş etdirmişik. Çətin vəziyyətdə olan insanların problemlərini həll edirik, o cümlədən ictimai təşkilatlar, Heydər Əliyev Fondu. Əlbəttə ki, əsas yük dövlətin üzərindədir. Aztəminatlı təbəqəyə yardımlar edilir. Mənim təşəbbüsümlə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna sahibkarlar, ayrı-ayrı adamlar tərəfindən 100 milyon manatdan çox vəsait daxil edilib. Bu, böyük vəsaitdir və həmrəyliyin təzahürüdür. Necə ki, həmrəylik, birlik göstəririk, məsuliyyət də göstərməliyik. Bunu inkişaf etmiş bir neçə ölkənin liderləri qeyd edir ki, bu, müharibədir və burada düşməni görmək mümkün deyil. Eyni zamanda, bilmək mümkün deyil, bu müharibə nə vaxt bitəcək. Bunu heç kim deyə bilməz. İndi əlbəttə ki, hər kəs peyvəndi gözləyir, o cümlədən də biz. Amma bəzi həkimlərin fikrinə görə, peyvənd də bəlkə bu koronavirusu tam məhv edə bilməyəcək. Kim bilir? Bu peyvənd hələ icad edilməyib. Hələ bunun üzərində iş aparılır. Amma yoluxanların sayı artır, beləliklə, təhlükə də artır. Ona görə burada ancaq və ancaq vətəndaşların məsuliyyəti ön planda olmalıdır”.
"Məsuliyyətsiz insanlara qarşı ictimai qınaq olmalıdır"
"«Dövlət nə lazımdırsa, onu edir. Bundan artıq nəsə etmək mümkün deyil. Çünki nə lazım idisə, biz onu etmişik və edəcəyik", - deyən dövlət başçısı bildirib ki, koronavirusa qarşı mübarizəyə istənilən vəsaiti xərcləməyə hazırıq, vəsaitimiz də var və heç kimdən də asılı deyilik: "Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanın heç kimə müraciət etməyib. Onu da bildirməliyəm ki, beynəlxalq maliyyə qurumlarının məlumatına görə, dünyada 150 ölkə kredit üçün müraciət edib. Yəni, beynəlxalq birliyin əksər hissəsi. Azərbaycan etməyib. Çünki ehtiyac yoxdur. Özümüz edirik, vəsaitimiz də var və xərcləyirik. Amma gərək indi məsuliyyətsiz adamlar bunu dərk etsinlər. Bir də ki, bu adamlara qarşı ictimai qınaq olmalıdır. Qapalı yerlərdə maska taxmayana qarşı, əlbəttə ki, cərimə tətbiq edilməlidir. Amma, eyni zamanda, bunu görən başqa vətəndaş onu tənbeh etməlidir, onu başa salmalıdır. Gözləməməlidir ki, polis gələcək, onu cərimələyəcək. Polis də insanları qorumaq üçün gecə-gündüz küçələrdədir, gecə-gündüz fasiləsiz işləyir. Ona görə qapalı şəraitdə hər kəs maska taxmalıdır”.
Xalqın dövlət başçısına inam və rəğbəti tükənməzdir
Göründüyü kimi, indi dünyanın bir çox böyük dövlətlərinin belə koronavirus pandemiyasının ağır fəsadları qarşısında zəif, naəlaac qaldığı bir məqamda, Azərbaycanda Prezident İlham Əliyevin müdrik liderliyi ilə bu təhlükənin önlənməsi, əhalinin sağlamlığının qorunması üçün ardıcıl, düşünülmüş addımlar atılıb. Nəticə göz qabağındadır. Bu gün Azərbaycan xalqı və dövləti, bəlkə də, son yüzilin ən ağır sınağından uğurla, zəfərlə çıxmaq üzrədir. Təhlükənin ilk anından “Biz birlikdə güclüyük” deyə bəyan edən və dövlətin bütün resurslarını səfərbər etməyi bacaran cənab Prezidentin tarixi xidmətləri nə qədirbilən xalqımız unudacaq, nə də əlahəzrət zaman. Çünki dövlətimizin başçısı heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə hərəkət etmir, Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasətində öz təsdiqini tapır. Təsadüfi deyildir ki, hər gün minlərlə soydaşımız Prezidentimizin ünvanına yüzlələr minnətdarlıq məktubları göndərir və bu məktublarda ümumi bəlaya çevrilmiş pandemiyaya qarşı mübarizədə dövlət başçısının qətiyyətinə, tələbkarlığına, humanizminə, xeyirxahlığına, qayğısına və şəfqətinə heyran qaldıqlarına dilə gətirir, öz rəhbərləri ilə fəxr və qürur hissi keçirdiklərini vurğulayırlar. Xalqının qürür mənbəyinə çevrilmiş Prezident İlham Əliyev isə bəyan edir ki, bütün imkan, potensial və resurslarımızdan istifadə edib bu çətin sınaqdan da şərəflə çıxacağıq. Hal-hazırda karantin rejiminin müddətini pandemiyanın hələ də mövcudluğu şəraitində uzatsaq da, eyni zamanda, mərhələli şəkildə sosial təcrid siyasətinin yumşaldılması istiqamətində də addımlar atmaq niyyətindəyik. Əsas olan odur ki, həmrəyliyimiz və birliyimiz heç zaman olmadığı qədər ən yüksək səviyyədədir.
Bəli, dövlət başçımızın müdrik liderliyi ilə bu təhlükənin arşısınnı alınması və əhalinin sağlamlığınnı qorunması yolunda düşünülmüş addımlarına dəstək olmaq üçün insanlarımız da öz üzərlərində məsuliyyət hiss etmələri vacibdir. Bütün vətəndaşlarımız məsuliyyətli davranmalı, "Evdə qal" prinsipinə əməl ounmaqla digər insanların da bu təhlükədən yayınmasına nail olmalıyıq.
Bir sözlə, koronavirusla bağlı situasiya hökumətin tam nəzarətindədir. Ola bilsin dövlət xalqın təhlükəsizliyi üçün bir qədər də zəruri və sərt addımlar atsın. Amma onu bilməliyik ki, bütün atılan addımlar Azərbaycan insanı, onun sağlamlığı və təhlükəsizliyi üçündür!
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB