"Hazırda kifayət qədər tibb personalımız və çarpayılarımız mövcuddur. Lakin, virusa yoluxanların sayı yüksələcəyi təqdirdə pandemiyaya nəzarət etmək çətinləşəcək. Dinamika artacağı halda sərt karantin rejiminin uzadılmasının tərəfdarıyam". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olan deputatı Azər Badamov ölkədə virusa yoluxan şəxslərin dinamikasında artımla bağlı danışarkən deyib.
O bildirib ki, hazırda pandemiya ilə əlaqədar vəziyyət nəzarətdə saxlanılsa da rəqəmlər yüksəldiyi halda infeksiyadan doğan vəziyyəti nəzarətdə saxlamaq çətin olacaq: "Ölkəmizdə pandemiya ilə bağlı hazırkı vəziyyət nəzarətdə saxlanılır. Lakin təssüf hissi ilə bildirmək istərdim ki, ölkəmizdə yeni növ koronavirusa yoluxanların dinamikasında artım müşahidə olunur. Ölkəmizdə bugünkü vəziyyəti idarə etmək üçün kifayət qədər tibb personalımız və çarpayılarımız mövcuddur. Lakin, bu rəqəmlərin artacağı və daha da yüksələcəyi təqdirdə pandemiyaya nəzarət etmək çətinləşəcək".
Millət vəkilinin sözlərinə görə, hazırda sərt karantin rejiminin qaydalarına tam şəkildə əməl edilsə bu haldan qaçına bilərik və burada ən vacib məsələ hər bir vətəndaşın şüurlu şəkildə qoruyucu maskadan istifadə etməsidir: "Virusa nəzarəti stabil saxlamaq üçün düşünürəm ki, hamı sərt karantin rejiminin tələblərinə riayət etməlidir. Hər kəs bir qaydada özünü və yaxınlarını, ümumilikdə, cəmiyyətimizi qorumaq üçün tələblərə əməl etməlidir. Əks halda, dinamika artacağı təqdirdə təbii ki, sərt karantin rejiminin uzadılmasının tərəfdarıyam. Lakin, insanlarımız düşüncəli şəkildə qoruyucu tibbi maskadan istifadə edərsə, düşünürəm ki, buna ehtiyac yaranmayacaqdır".
Qeyd edək ki, dünən Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, ölkədə virusa yoluxanların sayı 590 nəfərə çatıb. Gün ərzində isə 7 nəfər virusdan həyatını itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB