"Dövlət əhalini yaddan çıxartmadı və daha bir uğurlu addım atdı" ÖZƏL - AÇIQLAMA
"Nazirlər Kabinetinin sonuncu sənədi və qəbul etdiyi qərarlar da məhz, sərt karantin rejiminə riayət etməklə yanaşı ölkə əhalisinin imkansız təbəqəsinin bu dövr ərzində sərt karantin rejimi elan olunan şəhər və rayonlarda maddi təminatını nəzərə alınaraq qəbul edilib. Dövlət bu cəhətdən daha bir uğurlu addım atdı". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü olan deputatı, tarix elmlər doktoru Anar İsgəndərov Nazirlər Kabinetinin qəbul etdiyi sonuncu qərarla bağlı danışarkən deyib.
O bildirib ki, Nazirlər Kabinetinin sonuncu, yeni qərarı əslində bizə pandemiya ilə mübarizənin ilk dövrlərini xatırladır: "Azərbaycan dövləti koronavirus epidemiyası ilə bağlı ilk gündən dövlət səviyyəsində mümkün olan hər bir addımı atdı. Dövlət bir tərəfdən insanların sağlamlığının qayğısına qalır, virusa yoluxanların müalicəsində ən müasir dərmanlardan istifadə edir, digər tərəfdən isə dövlət maddi, iqtisadi cəhətdən nə qədər ziyanla üz-üzə qalsa da müəssisələri bağlamış olsa da, insanların və cəmiyyətin xeyrinə mümkün olan hər bir tədbiri gördü. Azərbaycan dövlətinin həyata keçirdiyi bu tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təqdir olundu. Digər tərəfdən Azərbaycan güclü bir dövlət olaraq mümkün olduğu qədər qonşu dövlətlərə yardım göstərdi. Bu məsələnin birinci tərəfidir. Bəs, niyə bu uğuru axıra qədər davam etdirmək mümkün olmadı? Dövlət tərəfindən mümkün olan tədbirlər reallaşdırıldı, lakin, bir cəmiyyət və xalq olaraq Operativ Qərargahın qarşımıza qoyduğu tələblərə hamı tam riayət edə bildimi? Xeyir".
Millət vəkili vurğulayıb ki, Azərbaycan polisi və Azərbaycan həkimi, xüsusilə də, tibb işlərimizin hər biri bu dövr ərzində əlindən gələni əsirgəmədi və hətta nə qədər həkim bu yolda dünyasını dəyişdi: "Lakin, Azərbaycan vətəndaşı, söhbət hər kəsdən getmir, məsələ qaydalara riayət etməyən, koronavirus epidemiyasını zarafat obyektina çevirərək belə bir şeyin olmadığı deyən, Operativ Qərargah tərəfindən qarşımıza qoyduğu ən sadə tələblərə riayət etməyən şəxslərdən gedir, hansı ki, bütün bu səbəblərə görə dünyanın bir çox ölkələrinə, eyni zamanda, Azərbaycana pandemiya sanki yenidən qayıtdı. Biz bunu hiss edirik. Nazirlər Kabinetinin sonuncu sənədi və qəbul etdiyi qərarlar da məhz, sərt karantin rejiminə riayət etməklə yanaşı ölkə əhalisinin imkansız təbəqəsinin bu dövr ərzində sərt karantin rejimi elan olunan şəhər və rayonlarda maddi təminatını nəzərə alınaraq qəbul edilib. Dövlət bu cəhətdən daha bir uğurlu addım atdı. Əhalini yaddan çıxartmadı və əminik ki, buna ehtiyacı olan insanların hamısı 190 manat məbləğində maddi yardımı alacaqlar".
Qeyd edək ki, Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmələrin verilməsi haqqında qərar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB