Hərbi paradda Azərbaycan da təmsil olunacaq

Hərbi paradda Azərbaycan da təmsil olunacaq

Çünki Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında olduqca effektiv və güclü müdafiə siyasəti aparır

Məlum olduğu kimi, Moskvada İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 75 illiyi ilə bağlı hərbi parad mayın 9-da keçirilməli idi. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bu parada böyük əhəmiyyət verirdi, qonaqların siyahısı əvvəlcədən tərtib olunmuşdu. Ancaq bütün dünyanı ağuşuna alan koronavirus epidemiyası ilə bağlı hərbi parad iyun ayının 24-də keçirilməsi qərara alınıb.

Qeyd edək ki, hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyəti təmsil edəcək. Paradda hərbçilərimizin ölkəmizin istehsalı olan silahlarla təntənəli keçidi olacaq. Mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edəcək.

Qeyd edək ki, Moskvada keçiriləcək hərbi parada 19 ölkənin ordusu dəvət olunub. Paraddan öncə bütün hərbi qulluqçular koronavirus testindən keçəcək. Paradda təxminən 14000 nəfərin iştirak etməsi planlaşdırılıb.

Azərbaycanın Moskvadakı hərbi paradda iştirakı niyə zəruridir?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, əlbəttə, Rusiyanın regional siyasətindən narazıyıq: "Rusiyanın siyasi və hərbi dəstəyi olmadan Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamağa gücü çatmaz. Elə 2016-c ilin aprel ayında savaşın cəmi 4 gün çəkməsinə görə İrəvan Moskvaya minnətdar olmalıdır. Əks halda hərbi qüvvələrimiz daha böyük əraziləri azad edəcək, bu isə bəlkə də Ermənistanın o zamankı hakimiyyətini münaqişənin həlliylə bağlı “mərhələli həll” planına razılaşmağa vadar edəcəkdi. Kreml açıq-aşkar hadisələrin bu istiqamətdə inkişafını əngəllədi. Buna baxmayaraq, rəsmi Bakı Kremlin “Sizin hərbçilər də Moskvadakı hərbi paradda iştirak etsin” dəvətinə mənfi cavab verə bilməzdi.

Birincisi, keçmiş SSRİ-nin faşizm üzərində qələbəsində Azərbaycanın və azərbaycanlıların da payı var. Müharibədə 300 min soydaşımızı itirmişik, neftimiz olmasaydı, sovet tankları və təyyarələri yerindən tərpənməyəcəkdi. Bunun bir daha vurğulanması səbədindən hərbçilərimizin paradda iştirakı zəruri sayıla bilər.

İkincisi, paradda erməni hərbçiləri də iştirak edəcək. Yəni Moskvadakı paradda erməni hərbçiləri iştirak edib, azərbaycan hərbçiləri iştirak etməsəydi, İrəvan bundan Azərbaycana qarşı informasiya müharibəsində istifadə edəcəkdi. Digər tərəfdən Kremlin özü də Bakının “yox” cavabından narazı qalacaq və gələcəkdə bu amildən Azərbaycana qarşı istifadə edəcəkdi. Hazırki şərtlər daxilində Moskva ilə münasibətləri gərginləşdirmək üçün İrəvana bəhanə verməyə lüzum yoxdur.

Azərbaycan hərbçilərinin Moskvadakı paradda iştirakı ölkəmizin yalnız Rusiyadakı hərbi paradda iştirakıyla kifayətlənməsi anlamına da gəlməməlidir. Azərbaycan hərbçiləri dost və müttəfiq dövlətlərin, o cümlədən Pakistanın, Belarusun hərbi paradlarında da iştirak ediblər. Bakının daşnak-bolşevik işğalından azad olunmasının 100 illiyi ilə bağlı paytaxtımızda Azərbaycan və Türkiyə ordularının hərbi paradda birgə iştirak hələ də xatirələrdədir. Dəvət edildiyimiz halda dost, müttəfiq və tərəfdaş dövlətlərin hərbi paradlarında iştirak zəruridir.

Vaxtanq Maisaya: “Azərbaycan Ordusu dünya səviyyəsində ən müasir orduya çevrilib”

“Azərbaycan Ordusu yalnız regional deyil, dünya səviyyəsində də ən müasir və ən güclü orduya çevrilib”. Bunu Gürcüstan bürosuna açıqlamasında hərbi ekspert Vaxtanq Maisaya bildirib. Onun sözlərinə görə, Gürcüstan Azərbaycanda həyata keçirilən hərbi islahatlar təcrübəsindən yararlana bilər: “Azərbaycan milli hərbi sənaye kompleksinin yaradılması məsələsini uğurla həll edib. Ölkədə hərbi məhsullar istehsal olunmaqla yanaşı, yeni silah növləri də işlənib hazırlanır. Həmin silahlar ən müasir hərbi əməliyyatlar şəraitinə çox uyğundur. Azərbaycan Silahlı Qüvvələrinin hərbi məhsullara olan tələbatının təxminən 40 faizini özü təmin edir və bu çox yaxşı göstəricidir”.

V.Maisaya deyib ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında olduqca effektiv və güclü müdafiə siyasəti aparır: “Ölkənin hərbi strategiyası yeni hərbi təhlükəsizliyin reallıqlarına ideal olaraq uyğundur. Azərbaycan söszsüz ki, regional səviyyədə silahlanma yarışında lider olaraq həm Gürcüstan, həm də Ermənistanı dəfələrlə qabaqlayır”.

Azərbaycan Ordusunun yaranmasının 102 illiyi münasibətilə təbriklərini çatdıran ekspert hərbçilərimizin beynəlxalq təhlükəsizliyin təmin olunması və sabitliyin gücləndirilməsində müsbət rol oynadığını qeyd edib: “Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq terrorizmlə mübarizədə və sülhməramlı əməliyyatlarda fəal iştirak edir. Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlıq komponenti də var. Hər üç ölkənin hərbçiləri birgə təlimlərə qatılır. Bu əməkdaşlıq eneji təhlükəsizliyi sahəsində də həyata keçirilir. Belə ki, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, TAP və TANAP kimi çox mühüm regional və qlobal əhəmiyyətli layihələr regional səviyyədə enerji təhlükəsizliyinin təmin olunmasında hərbi qüvvələrin rolunu artırır”.

Hərbi ekspert Ramil Məmmədli: "Müstəqil dövlətimizin ordusu Qırmızı meydandakı hərbi keçiddə iştirak edir, öz müstəqil ölkəsinin təmsilçisi olur"

Hərbi ekspert Ramil Məmmədov da belə bir parada iştirak etməyi zəruri bilir: «1945-ci il 24 iyunda Moskvada bu qələbə ilə əlaqədar hərbi parad keçirilib. İndi də məlum məsələlərlə bağlı mayın 9-da keçirilməli olan parad qeyd olunan tarixə təxirə salınıb. Sovet dövrü Azərbaycan üçün tarixi bir dövr olduğundan, eyni zamanda həmin müharibədə hansı formada iştirakımızı nəzərə alaraq, ölkəmizin bu paradda iştirakını vacib sayıram. Bu qələbə ilə bağlı keçirilən tədbirdə iştirak etməliyik. Sovet dövründən tam imtina etməyimiz doğru olmazdı. Ermənistanın bu paradda iştirakının gözlənilməsi bizə mane olmamalı, imtinamıza əsas verməməlidir. Azərbaycanın öz müstəqilliyini əldə etməsinin özü böyük bir tarixdir. Müstəqil dövlətimizin ordusu Qırmızı meydandakı hərbi keçiddə iştirak edir, öz müstəqil ölkəsinin təmsilçisi olur.

Bu müharibədə minlərlə Azərbaycan oğlu canını qurban verib. Arxa cəbhədə də böyük əziyyət çəkmişik. Qələbənin əldə olunmasına bütün imkanlarımızla dəstək olmuşuq. İndi belə tarixlə bağlı hərbi paradda niyə də iştirak etməməliyik?”

Yevgeniy Mixaylov: "Azərbaycan ordusu Ermənistan hərbi birləşmələrindən qat-qat üstündür"

«Azərbaycan ordusunun döyüş qabiliyyətinə görə Ermənistan hərbi birləşmələrindən qat-qat üstün olduğu göz qabağındadır». Bunu milli münaqişələr üzrə rusiyalı ekspert Yevgeniy Mixaylov bildirib.

Onun sözlərinə görə, yalnız humanitar yardımlara bel bağlayan Ermənistandan fərqli olaraq Azərbaycan hər cür silahlar almaq iqtidarındadır: “İstər təlim-tədris, istərsə də müasir silahlar idxalı sahəsində Azərbaycan Rusiya ilə səmərəli əməkdaşlıq edir. Bununla bağlı rəsmi Yerevanın bütün iradları və qorxuları əsassızdır. Rusiya olmasa belə, başqa ölkələr də Azərbaycana silah satarlar, çünki ödəniş yerindəcə həll olunur. Ermənistan tərəfi isə yalnız humanitar yardımlara bel bağlaya bilər, yeganə səmərəli müdafiə amili isə Gümrüdəki Rusiyanın hərbi bazasıdır. Özü də Rusiya ordusu separatçı regionu yox, məhz Ermənistanın özünü qoruyacaq ki, bu da Paşinyan rejimini bərk narahat edir”.

Azərbaycan hərbi nümayəndələrinin Moskvadakı Qələbə paradında iştirak edəcəklərini xatırladan ekspert deyib: “Rəsmi Yerevan üçün bu da yaxşı xəbər deyil. Rusiya ilə Azərbaycan müttəfiq və tərəfdaş ölkələrdir, bunu rəsmi kürsülərdən mütəmadi olaraq səsləndirirlər. Ermənistan da müttəfiqimizdir, KTMT-nin üzvüdür, lakin bu ölkənin hökuməti hazırkı rusofob siyasətini davam etdirsə, Rusiya ilə müttəfiq münasibətləri pozula bilər”.

O, həmçinin Ermənistanın təxribatçı addımları ilə Azərbaycanı cavab tədbirlərə təhrik edə biləcəyini istisna etməyib: “Paşinyan rejiminin danışıqlar aparmaq iqtidarında olmaması göz qabağındadır. İşğal olunmuş ərazilərin qaytarılmasına dair daha əvvəl əldə olunmuş razılaşmalar qəsdən pozulur. Hətta Ermənistanın təhlükəsizliyinə zamin olan Rusiya belə artıq Yerevanın atdığı addımlardan əsəbiləşdiyini gizlətməyə lüzum görmür”.

Andrey Bıstritski: "Moskva ilə Bakı arasında münasibətlərdə heç bir çətinlik yoxdur"

«MDB-nin bir neçə ölkəsində COVID-19 pandemiyası ilə əlaqədar karantin tədbirləri kəskinləşdirilib və bu səbəbdən həmin dövlətlərin rəhbərləri tədbirdə iştirak etməyəcəklər. Bir neçə MDB ölkəsi rəhbərlərinin Moskvada keçiriləcək Qələbə Paradında iştirak etməməsi siyasi məna daşımır». Bu fikri “Valday” Beynəlxalq Diskussiya Klubu Fondunun Şura sədri Andrey Bıstritski söyləyib. O xatırladıb ki, MDB-nin bir neçə ölkəsində COVID-19 pandemiyası ilə əlaqədar karantin tədbirləri kəskinləşdirilib və bu səbəbdən həmin dövlətlərin rəhbərləri tədbirdə iştirak etməyəcəklər.

Rusiya Beynəlxalq İşlər Şurasının Baş direktoru Andrey Kortunov pandemiya şəraitində Rusiyanın Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə bağlı Moskvada keçiriləcək tədbirlərdə çoxlu sayda nümayəndə heyətinin iştirak edəcəyinə ümid bəsləmədiyini bildirib. “Həmin dövlətlərin başçılarının Paradda iştirak etməməsi ikitərəfli münasibətlərə təsir göstərməyəcək. Dövlət başçılarının tədbirə qatılmaması, eyni zamanda, bu ölkələrin İkinci Dünya müharibəsinin nəticələrinin revizionist traktovkasına qoşulması anlamına gəlmir”, - deyə ekspert vurğulayıb. Analitik Moskva ilə Bakı arasında münasibətlərdə heç bir çətinliyin olmadığını da diqqətə çatdırıb.

Prezident İlham Əliyev: “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var!”

Bəli, bu gün güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində milli ordumuz davamlı olaraq inkişaf edir.

“Bu gün Azərbaycan Ordusu hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə, nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Əminəm ki, Azərbaycan gücləndikcə, ordumuz da güclənəcək. Artıq ordumuz istənilən vəzifəni həll etməyə hazırdır” deyən ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanda müasir hərbi sənaye kompleksi yaradılmış, Silahlı Qüvvələrin maddi-texniki bazası müasir texnika və silahlarla zənginləşdirilmiş, bu sahədə kadr hazırlığı təkmilləşdirilmişdir. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində, gündən-günə daha da möhkəmlənir və döyüş qabiliyyətini artırır. Məhz bu, reallıqdır ki, Azərbaycan Ordusu - dünyanın 50 ən güclü ordusu sırasındadır. Bütün bunlar göstərdi ki, belə xəbərləri yenə eşidəcəyik. Müharibə hələ bitməyib. Nə qədər ki, əzəli-əbədi torpaqlarımız düşmən işğalı altındadır, Azərbaycan əsgəri silahını yerə qoymayacaq!

Bəli, bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, onun İlham Əliyev kimi Lider Prezidenti, Ali Baş Komandanı var. Həmçinin, əlində silah gecə-gündüz Vətənə keşik çəkən igid əsgər və zabitləri vardır və işğalçı Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkərək, Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir, əks-təqdirdə, təcavüzkar Ermənistan qarşısında qüdrətli Azərbaycan Ordusunun gücünü bir daha görəcək!

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə