İyunun 23-ü ölkəmizdə dövlət qulluqçularının peşə bayramıdir. Bu bayram Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli “Dövlət Qulluqçularının Peşə Bayramı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilmişdir. Xatirladaq ki, bu bayram ilk dəfə BMT Baş Assambleyasının 20 dekabr 2002-ci il tarixli qətnaməsinə əsasən, 2003-cü ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü kimi qeyd edilmişdir. Həmin qətnamədə BMT-nin üzvü olan dövlətlərə tövsiyə olunmuşdur ki, dövlət qulluğunun dövlətlərin inkişafında əhəmiyyətini daha yaxşı işıqlandırmaq və təbliğ etmək məqsədilə xüsusi gün təsis etsinlər. Dövlət qulluqçusunun dövlətin, cəmiyyətin və hər bir vətəndaşın həyatında önəmini, demokratik, hüquqi və dünyəvi dövlətin qurulması prosesində dövlət qulluğunun rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edildiyini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin günü “Dövlət Qulluqçularının Peşə Bayramı Günü” kimi təsis etmişdir. Respublikamızda çalışan çoxsaylı dövlət qulluqçuları öz bayramlarını 2006-cı ildən etibarən təntətnəli şəkildə qeyd edirlər.
Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda Ümumilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə ali hakimiyyətə qayıdışı ilə ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar edilmiş, dövlət idarəçiliyinin yeni əsasları formalaşdırılmış və Azərbaycan davamlı inkişaf yoluna qədəm qoymuşdur. Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi prosesinə başlanılmış, dövlət qulluğu sahəsində daha geniş islahatlar həyata keçirilmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Ulu Öndərin təşəbbüsü və müəllifliyi ilə hazırlanan ilk milli Konstitusiya müasir dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi bazası rolunu oynamışdır. Dövlət idarəetməsində köklü islahatların aparılması mühüm əhəmiyyət kəsb etdiyi üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında” Fərman imzalanmışdır. Komissiya dövlət quruculuğunun inkişaf etdirilməsi, dövlət idarəetmə, o cümlədən dövlət qulluğu sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi, habelə yeni normativ hüquqi aktların işlənib hazırlanması sahəsində mühüm işlər görmüşdür. 2000-ci ildə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Bu qanunun qəbul edilməsi ilə dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyuldu. “Dövlət qulluğu” və “dövlət qulluqçusu” anlayışları da məhz bu qanunla gündəmə daxil oldu.
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət qulluğu siyasəti bu gün ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, dövlət qulluğu sahəsinin inkişafına xüsusi diqqət yetirilir. Ölkə başçısının rəhbərliyi ilə bu sahədə mühüm dövlət proqramları təsdiq olunmuş, dövlət qulluğu sahəsində mütərəqqi normativ hüquqi baza formalaşdırılmış, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları vaxtında aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizmin yaradılmasına diqqət artırılmışdır. Dövlət qulluğu sahəsindəki islahatları sürətləndirmək, dövlət qulluğunu daha yaxşı təşkil etmək məqsədilə Prezident İlham Əliyevin fərmanı ilə 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradıldı. Komissiyanın əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikasının Konstitusiyasının 55-ci maddəsinə müvafiq olaraq vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququnun həyata keçirilməsi üçün dövlət qulluğuna qəbulun bərabərlik, şəffaflıq və müsabiqə əsasında keçirilməsi ilə bağlıdır.
Ölkəmizdə dövlət qulluqçularının peşəkarlığını artırmaq məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dövlət qulluqçularının hazırlanmasında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçularının peşə səviyyəsinin yüksəldilməsində, dövlət qulluğunun nəzəri və praktiki məsələlərinin öyrənilib müvafiq təkliflər verilməsində rolu böyükdür. Azərbaycanda dövlət qulluqçularının sayı ildən-ilə daha da artır ki, bu da yeni idarəetmə strukturlarının yaradılması və bəzi qurumların yenidən təşkil olunması ilə bağlıdır.
Dövlət başcısının Sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” təsdiq edilmişdir. Strategiyanın əsas məqsədi dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır.
Ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini daha da artırır. Dövlət qulluğu mühüm əhəmiyyət daşıyan sahə, çətin və məsuliyyətli, eyni zamanda, şərəfli bir peşədir. İnsanlar öz gündəlik həyatlarında rastlaşdıqları problemlərin həllində dövlət qulluqçularına böyük ümid bəsləyirlər. Dövlət qulluqçusu da, öz növbəsində, ona bəslənən ümidləri doğrultmalıdır.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB