"Maskanı yalnız çənəyə taxmaqla özümüzü qəhrəman hesab edirik" ÖZƏL - MÜNASİBƏT
"Qonşu Gürcüstanda gündəlik yoluxmalar 2-3 nəfərdir. Avropa ölkələrində də koronavirusun artım dinamikasının aşağı endiyini görürük. Onu da görürük ki, hansı ölkələrdə COVID-19 təhlükəsi azalır, o ölkələrin insanları müəyyən olunmuş qaydalara daha çox ciddi riayət edirlər". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olan deputatı Azər Badamov deyib.
Millət vəkili bildirib ki, bu gün əsas vəzifəmiz pandemiya ilə effektiv mübarizə aparmaqdır və bu istiqamətdə artıq narıncı zona elan olunmuş yerlərdə yenidən sərt karantin rejimi tətbiq olunmuşdur: "İnsanlardan maksimum dərəcədə yaxın təmasın azaldılması tələb olunur. Ehtiyac olmadığı hallarda küçəyə çıxmamaqları tövsiyyə olunur. Tibbi maska həyatımızın bir nömrəli vasitəsinə çevrilməlidir. Artıq ikinci gündür ki, sərt karantin rejimi tətbiq olunub. Müşahidələrimiz bizə göstərir ki, bəzi insanlarda COVID-19 infeksiyasının necə dəhşətli olması barədə hələ də məlumat yoxdur və yaxud da məsuliyyətsizlik bizim içimizdədir. Çünki, artıq tanış və yaxınlarımızın da bu xəstəlikdən necə əziyyət çəkdiyini görürük. Bu xəstəliyin ağır fəsadları KİV-də gecə gündüz təbliğ olunur. Dövlət cəmiyyətin maarifləndirilməsi üçün bütün imkanları ortaya qoyub. Biz necə cavab veririk? Çox təəssüf ki, tibbi maskadan istifadə etməkdən imtina edənlər var. Avtobus sürücülərindən başlamış xidmət sahələrinə qədər insanların əksəriyyəti tibbi maskanı çənəsinə taxmaqla kifayətlənir və hardasa bir yoxlama görəndə tez maskanı ağıza keçirməklə kimisə aldatmış hesab edir. Belə hərəkətlərlə, nəzarətdən yayınmaqla özümüzü qəhrəman hesab edirik. Biz dərk etmirik ki, belə hərəkətlərimizlə heç kimi aldatmırıq. Biz özümüz özümüzü aldadırıq. Bu hərəkətlərimizlə biz özümüzü və cəmiyyəti təhlükə altına atmış oluruq".
Azər Badamovun sözlərinə görə, pandemiya ilə mübarizədə hansı ölkələrin vətəndaşları düşünülmüş şəkildə qaydalara riayət edirsə, o ölkələrdə infeksiyanın yoluxma sürəti minimuma enmişdir, məsələn, qonşu Gürcüstanda gündəlik yoluxmalar 2-3 nəfərdir: "Avropa ölkələrində də koronavirusun artım dinamikasının aşağı endiyini görürük. Onu da görürük ki, hansı ölkələrdə COVID-19 təhlükəsi azalır, o ölkələrin insanları müəyyən olunmuş qaydalara daha çox ciddi riayət edirlər. Bizdə maarifləndirmə ilə bağlı qeyd etmək istəyirəm ki, bir istiqamətdə dövlət bütün imkanlardan istifadə etmişdir. Görürük ki, maarifləndirmə bizə heç yaxşı təsir etmir. Ona görə də qanunların daha da sərtləşdirilməsinə ehtiyac olduğunu düşünürəm. Cərimələr sərtləşdirilməlidir. Hətta, həbs, qəti imkan tədbirlərindən də istifadə olunmalıdır. Burada heç kimə güzəşt olunmamalıdır. Çünki, bu ölkənin milli təhlükəsizlik məsələsidir. Yenə qeyd etmək istəyirəm ki, heç kimə güzəşt olunmadan ciddi cəza tədbirləri işə salınmalıdır. Məhz, belə olan halda bu gözə görünməz bəla ilə effektiv mübarizə aparmaq olar. Yoxsa dövlətin iqtisadi imkanları da xərclənir, bütün resurslar da bu işə cəlb olunub, bəzi məsuliyyətsiz insanların ucbatından görülmüş bütün işlər heçə enir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB