"Məsələni zarafat obyektinə çevirdilər, nəticə isə göz qabağındadır" ÖZƏL - AÇIQLAMA
"Bəzi kütləvi informasiya vasitələrində, media resurslarında buna səthi yanaşaraq məsələni zarafat obyektinə çevirlənlər oldu. Əhaliyə bunun bir oyun olduğunu təbliğ etmək istəyənlər oldu. Bütün bunların acı nəticəsini biz bu gün yaşayırıq". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü olan deputatı İlham Məmmədov COVID-19-la mübarizədə hazırkı vəziyyəti dəyərləndirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, pandemiyanın başladığı andan etibarən atdığımız addımlara geri qayıtmağımız təəssüf verici bir haldır: "Yenidən sərt karantin rejimi tətbiq olundu. Bu zərurət aparılan işlərə baxmayaraq insanların COVID-19-la mübarizəyə hörmətsizcə yanaşmasından yarandı. Təəssüf ki, bəzi kütləvi informasiya vasitələrində, media resurslarında, sosial şəbəkələrdə buna səthi yanaşaraq məsələni zarafat obyektinə çevirlənlər oldu. Əhaliyə bunun bir oyun olduğunu təbliğ etmək istəyənlər oldu. Bütün bunların acı nəticəsini biz bu gün yaşayırıq.
Artıq virusdan həyatnı itirənlərin sayı çoxalır. Dünən üçün 491 yoluxma faktı aşkarlanıb, biz hələ bu rəqəmi eşitməmişdik. Əgər bu dinamika davam edərsə bir müddətdən sonra eşidəcəyimiz rəqəmlər çox dəhşətli mənzərə yarada bilər. Dövlətimizin iqtisadi gücü, səhiyyəmizin imkanları vəziyyəti ələ almaq imkanındadır, lakin, hər bir gücün və strukturun müəyyən bir dözüm dərəcəsi var".
O bildirib ki, bu gün fəliyyətinə icazə verilən sektorların işçiləri çalışır, gün ərzində nəqliyyatdan istifadə edir və istənilən halda yüzlərlə insanla qarşılaşır, təəsüflər olsun ki, kimin virus daşıyıcısı olduğunu bilmirik:
"İstər ölkəmizdə, istərsə də dünyada buna qarşı mübarizənin əsas silahı virusdan qorunmaqdır. Qaydalara riayət etmək, söhbət sanitar-gigiyenik qaydalardan gedir, dezinfeksiya edici vasitələrdən istifadə etmək, qoruyucu tibbi maskadan istifadə etmək, sosial məsafəni saxlamaq. Bu sadə qaydalara əməl edərək özümüzü COVID-19-dan qoruya bilərik. Bu gün artıq təbliğata da yer qalmayıb. Hər şey göz qabağındadır. İnsanlar şüurlu şəkildə anlamalıdırlar ki, artıq elə bir adam yoxdur ki, ən azı yaxınımızda, ətrafımızda və yaxud da tanıdığımız insanda bu virusa yoluxma baş verməsin. Artıq bu mənzərə özünü göstərir.
Araşdırmalar nəticəsində məlum olub ki, insanlar arasında ən azı bir metr məsafə mövcuddursa yoluxma riski 12,8 faizdir. Bir metrdən artıq məsafədə isə artıq bu 2,3 faizə düşür. Bu gün dünya standartlarında qəbul edilən sosial məsafə 2 metr, 2,5 metrdir. Bu sadə üsullardan sitifadə etməklə, maska taxmaq, sanitar-gigiyenik qaydalara riayət etmək və məsafə saxlamaqla özümüzü maksimum qoruya bilərik. Bunu insanlara təkrar-təkrar çatdırmalı və deməliyik. Bunun başqa bir üsulu yoxdur. İnsanlar ilk növbədə hər bir şəxs fərdi qaydada COVID-19-la mübarizəyə məsuliyyətli yanaşmalı, ailəsini və yaxınlarını, ümumilikdə isə cəmiyyətimizi, xalqımızı düşünməlidir və atdığı hər bir addımda bu cəmiyyəti necə təhlükəli bir vəziyyətlə üz-üzə qoyduğunu anlamalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB