"“Biz birlikdə güclüyük!” çağırışına daha çox ehtiyac duyulur" ÖZƏL-ŞƏRH
"Məlum olduğu kimi, paytaxt Bakıda, habelə Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək ciddi karantin rejimi tətbiq olundu, həmin ərazilərdə evdən çıxmaq yenidən “SMS icazə” ilə mümkün oldu". Bunu SİA-ya Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.
"Başqa hansı qadağalar qüvvəyə minir?
Dövlət və özəl təşkilatlarda işləyənlərlə bağlı məhdudiyyətlər tətbiq olunacaq, yəni işçilər 3 qrupa bölünərək müxtəlif vaxtlarda işə başlayacaq; ticarət mərkəzlərinin fəaliyyəti dayandırılacaq; ictimai-iaşə obyektlərinin yerində xidmət dayandırılacaq; bərbərxana-gözəllik salonlarında kosmetik xidmətlər, o cümlədən bu sahədə müştərilərin evində və ya digər məkanlarda xidmətlər dayandırılacaq; muzey və sərgi zallarının fəaliyyəti dayandırılacaq; malların satışı və xidmətlərin göstərilməsi ilə bağlı istisnalar nəzərə alınmaqla məhdudiyyətlər tətbiq ediləcək; eləcə də, açıq havada idman oyunları olmayacaq. 65 yaşdan yuxarı insanların evdən çıxmasına qadağa qoyulmasa da, tövsiyyə olunur ki, yaşlı sakinlər mümkün qədər evdə qalsın.
Əlbəttə, bu qadağalar Operativ Qərargah tərəfindən duyurulub, KİV tərəfindən tirajlanıb, əhalimiz bir xeyli məlumatlıdır. Bəs bu qərar nə üçün verilib? – Ən ümumiləşmiş, ən çox qəbulgörən fikir odur ki, bu, yeni növ koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirləri gücləndirmək zərurətindən irəli gəlir.
Gəlin, rəqəmlərə fikir verək: “Azərbaycanda dünənki rəqəmlərə görə, 491 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 6 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 12 min 729 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 799 nəfər müalicə olunaraq sağalıb, 154 nəfər vəfat edib, 5 7769 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”. – Bu, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 21 iyun tarixli məlumatıdır. – Məlum karantin yumşalmasından sonra günbəgün artan yoluxma sayının daha çox müşahidə olunduğu bölgələr üzrə belə bir qərarın qəbulu, necə deyərlər, qaçınılmaz olmuşdur. Keşkə, yoluxmada artım olmasaydı, keşkə, belə qadağalara ehtiyac olmasaydı. Bu yerdə, Nobel Sülh Ödüllü Tereza Ananın “Mən müharibənin əleyhinə deyiləm, sülhün lehinəyəm” sözlərini xatırlatmaq və “Mən qadağaların əleyhinə deyiləm, sağlamlığın lehinəyəm” deyərdim… Müharibə demişkən… müharibəmi? Bəlkə, daha doğru olar desək, “postmodern müharibə”. Mütəxəssislərin və ictimai-siyasi xadimlərin artıq dünya səviyyəsində ümumiləşmiş rəyinə görə, bu, “elan olunmamış üçüncü dünya müharibəsi” nüvə silahına güvənən güclərin belə, hələ öhdəsindən gələ bilmədiyi qeyri-adi müharibədir. Bu müharibəni biz başlatmamışıq, bu müharibə yalnız bizə qarşı deyil, ancaq bu müharibəyə məruz qalanlardan biri də bizik, bu müharibənin daha böyük acılar yaşatmaması üçün bir an öncə dəf edilməsi üçün səfərbər olmağa ehtiyac var. Üstəlik, “COVİD-19”a qarşı mübarizədə özünəxas təcrübə və “tərcümeyi-hal” qazanmış ölkəmiz, qarşı dönəmdə yoluxmanın artmasının qarşısını almaqçün qətiyyət, prinsipiallıq göstərmək zorundadır. “Biz birlikdə güclüyük!” şüarı bugünlərdə daha təsirli səslənir, bu çağırışa daha çox ehtiyac duyulur.
Əhalimiz, özəlliklə, Abşeron yarmadasında, eləcə də, Gəncə, Lənkəran, Yevlax, Cəlilabad və Masallıda yaşayan, işləyən vətəndaşlarımız sərt karantin rejimin 5 iyuldan o yana keçməməsi üçün 5 iyuladək olan dönəmi dözümlü, anlayışlı keçirməlidir. Bununçün, özünütəcridə çalışmaq, evdən mümkün olduğunca az çıxmaq, sosial məsafə və gigiyena qaydalarına əməl etmək – bax, bunca sadə amma zəruri tələblərə əməl etməliyik. Yarımay sərt karantin rejiminə əməl etmək, qarşı aylara SAĞLAMLIQ GÜNƏŞİ doğuracaqsa, bunu kim istəməz..? Fədakarlıqsa – fədakarlıq, xidmətsə – xidmət, hörmətsə – hörmət!
Artıq nə qədər tanınmış insan, dostumuz-tanışımız infeksiyaya yoluxubsa… “sərt karantin rejimi = sərt sağlamlıq rejimi” kimi alqılanmalıdır…Xalqımız, dövlətimiz, vətənimiz zaval görməsin!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB