İcazələr yalnız bu ehtiyaclar üzrə veriləcək

İcazələr yalnız bu ehtiyaclar üzrə veriləcək

"İcazə portalı fəaliyyətinə icazə verilmiş sahələrin və qurumların əməkdaşları üçündür. Bu icazələr işə gəlmək və işdən getmək üçündür". Bunu Operativ Qərargahın keçirdiyi brifinqdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

ASAN xidmətin rəhbəri bildirib ki, ikinci sistem isə SMS sistemidir: "Bu da digər vətəndaşlarımız üçündür, hansı ki, gündəlik təlabatlarını qarşılamalıdırlar. Onlar 8103-ə qısa SMS göndərib yalnız vacib olduqda evi tərk edə bilərlər. Bundan təbii ki, ehtiyaclarını qarşılamaq üçün istifadə edə bilərlər.

Tibbi müəssisələrə getmək zərurəti yaranarsa 1 kodunu şəxsiyyət vəsiqəsinin seriyası ilə birgə 8103-ə göndərməklə bu ehtiyaclarını qarşılaya bilərlər. Əgər bu proses 2 saat müddətini keçərsə vətəndaş tibb müəssisəsindən arayış alıb evə qayıda bilər.

Ərzaq və dərman, açıq havada gəzinti və ya hər hansı bir xidmət almaqla bağlı 2 kodundan istifadə etmək mümkündür. Bu hər vətəndaşa gündə bir dəfə verilir. Bankda, poçtda vətəndaşa göstərilən xidmət vaxtı uzanırsa həmin xidmət sahəsinin onlara verdiyi xidmət kağızını götürüb evə qayıda bilərlər. Yenə də qeyd edtmək istəyirəm ki, zərurət olmadan yaşayış yerini tərk etməmək lazımdır.

Yaxın qohumun dəfnində iştirak etmək üçün isə Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etməklə burada iştirak edə bilərlər".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə