Beynəlxalq təşkilatlar Ermənistandakı hakimiyyətin əsl mahiyyətini dərk etməlidirlər

Beynəlxalq təşkilatlar Ermənistandakı hakimiyyətin əsl mahiyyətini dərk etməlidirlər

Son illərdə beynəlxalq təşkilatların işğalçı Ermənistanda baş verən hadisələrin, xüsusilə, insanlara qarşı güc tətbiq edilməsi, qan tökülməsi, məhkəmə qərarı olmadan insanların həbs edilməsi, sabitsizlik, xaos və s. məsələlərin üzərindən heç nə olmamış kimi keçməsi acı təəssüf doğurur. Ermənistanda indiki hakimiyyətə alternativ olmaq istəyən siyasi təşkilatlar daim təzyiq altındadır, siyasi fəallar həbs olunur, hakimiyyətin mövqeyini tənqid edən media, QHT-lər qapadılır, fəal jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri həbs olunur.

Ölkəyə rəhbərlik etdiyi gündən populist çıxışları ilə tanınan N.Paşinyan Ermənistanın inkişafı, işsizlik probleminin aradan qaldırılması, əsgər ölümünün qarşısının alınması, ölkədə demokratik prinsiplərin inkişafı və münaqişənin nizamlanması istiqamətində heç nə edə bilmədi. Paşinyan ölkə rəhbərliyinə gəldikdən sonra, əksinə, danışıqlar prosesinə zərbə vurdu. Onun işğal altında olan Azərbaycan ərazilərinə tez-tez yersiz səfərlər etməsi, Dağlıq Qarabağda keçirilən beynəlxalq hüquq normalarına zidd olan saxta “seçkiləri” dəstəkləməsi, əslində, əhalinin diqqətini ölkə daxilindəki narazılıqlardan yayındırmaq idi.

Yeri gəlmişkən, bu vaxta qədər Dağlıq Qarabağda keçirilən bütün “seçkilər” heç bir ölkə və beynəlxalq təşkilat tərəfindən tanınmayıb. İşğal altındakı ərazilərdə keçirilən qeyri-qanuni tədbirlərdə Paşinyanın populist çıxışları da qeyri–ciddi qarşılanıb. Çünki onun çıxışları hökumət başçısından çox, küçə uşaqlarının dediklərinə uyğun gəlirdi. Yerli ziyalılar və ictimai-siyasi xadimlər də bu reallığı etiraf edirlər. Onlar da indiyədək Ermənistana belə qeyri-ciddi, siyasi təfəkkürü olmayan, savadsız birinin rəhbərlik etmədiyini bildirirlər. Əslində, küçə və meydanlardan hakimiyyətə gəlmiş birindən bundan artıq nə gözləmək olardı? Məsələnin digər tərəfi Qərbin niyə susmasıdır? ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib. Demokratik dəyərlər kobud şəkildə pozulur, amma buna göz yumulur. Əgər məsələ doğrudan da demokratik prinsiplərə hörmətdən gedirsə, niyə baş verənlərə münasibət bildirilmir və işğalçı dövlətə təzyiq göstərilmir? Təbii ki, bu, ilk hadisə deyil. Demokratiya carçıları özlərini görməməzliyə vurur, işğalçı dövlət ərköyünlüyünü artırır. Bu tendensiyanın nə zamandək davam edəcəyi məlum deyil. Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etdikdə niyə reaksiya verilmədi? Amma Azərbaycanda jurnalist ölümü dərhal azad mətbuatın kobud şəkildə pozulması kimi dəyərləndirilir. Demək, bir ölkə üçün jurnalist ölümü demokratiyanın “tələbi”, başqa bir ölkə üçün mətbuat azadlığının pozulmasıdır. Ermənistanın ictimai-siyasi xadimləri də etiraf edirlər ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı repressiv vasitələrdən geniş şəkildə istifadə etməklə, onları bir-bir sıradan çıxararaq zərərsizləşdirdi. O, öz siyasi rəqiblərini bir-bir həbsə atdırır, onlara hədə-qorxu gəlir və sanki meydanlarda “demokratiya” deyib haray-həşir salan Paşinyan deyildi. Onun göstərişi ilə indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılıb və hazırda istintaq davam edir.

Paşinyanın bu “demokratik islahatlarna” Qərbin seyrçi mövqeyi faşist ideologiyasına meyilli baş nazirin əl-qolunu daha da açır, getdikcə onu daha da azğınlaşdırır. Fürsətdən istifadə edən baş nazir gələcəkdə özünə rəqib olacaq istənilən şəxsi korrupsiyaya qarşı mübarizə ittihamı ilə həbs etdirir, özünü xalqın təəssübkeşi kimi göstərərək, rəqiblərini sıradan çıxarır. Artıq yerli əhali onu diktator kimi qəbul edir. Zamana və məkana görə dəyişən ədalət meyarı dünya dövlətlərinin, təşkilatların mövqeyini şübhə altına alır, onlara inamsızlığı artırır. İnamsızlıq olan bir dünyada hansısa münaqişəli məsələnin ədalətli həllindən danışmaq utopiyadır.

Murad Zeynalov, 78 saylı orta məktəbin direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə