Ermənistan böyük itkilər verəcək

Ermənistan böyük itkilər verəcək

Bu gün işğalçı Ermənistanda cərəyan edən proseslər, müxalifət təmsilçilərinin təqib və təhdid olunması heç də təəccüblü görünməməlidir. Çünki Ermənistanın mayası, necə deyərlər, terror, diktatura, irqi, milli, dini və siyasi azadlıqların təqib olunması prinsipləri ilə yoğurulub. Ona görə də hakimiyyətdə kimin, yəni, Sarkisyanın, Köçəryanın, yaxud da “demokrat” olduğunu bəyan etsə də, əksinə, yeni diktatura rejimi yaradan Paşinyanın olması işğalçı ölkənin idarəetmə mahiyyətini dəyişmir.

İyunun 16-da müxalifətdəki “Çiçəklənən Ermənistan” partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığının parlament tərəfindən ləğv edilməsi, onun ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb edilməsi də deyilənləri təsdiqləyir. Q.Sarukyanın həbs ediləcəyi istisna olunmur. Onun məhz Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu sübut edir. Yəni, budəfəki təqiblərin guya “demokrat” olan, guya xalqın içindən hakimiyyətə gəlmiş Nikol Paşinyanın birbaşa göstərişi ilə həyata keçirildiyi heç kimə sirr deyil. Populist çıxışları ilə tanınan Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra “demokratiya” adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi hər kəsə məlumdur. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atır, onları “asfalta uzatmaqla” hədələyir. Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılıb və hazırda istintaq davam edir. Hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Ölkədə siyasi repressiyalar həyata keçirilir. N.Paşinyanın yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdır. Ermənistanda totalitar inqilabi diktatura qurulub.

Lakin məsələ ondadır ki, bütün baş verən bu repressiyalra Qərbin demokratiya institutları heç bir reaksiya göstərmir, işğalçı ölkənin repressiyalarına qiymət vermirlər. Beləliklə, qlobal ictimai rəydə onun demokratik obrazının yaradılmasına xidmət göstərmiş olurlar ki, bu faktor da nəticə etibarilə Ermənistanın işğalçı yox, demokratik ölkə olması rəyinin yaradılmasına xidmət edir. Bu günə qədər nə ABŞ Dövlət Departamenti, nə Avropa Şurası Parlament Assambleyası, nə ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, nə ABŞ-ın Ermənistandakı səfiri, nə də Qərb ölkələrinin Ermənistandakı səfirlikləri baş verənlərə heç bir münasibət bildirməyiblər. Ancaq bənzər hadisələr Azərbaycanda baş versəydi, dərahal ölkəmizə qarşı sistemli bir qarayaxma kampaniyası başladar, uzun müddət bunu gündəmdə saxlamaqla beynəlxalq imicimizə zərbə vurardılar. Ona görə də Qərbin demokratiya institutları üçün əgər doğrudan da demokratik dəyərlər, insan hüquq və azadlıqları, söz azadlığı üstün dəyərdirsə, mütləq Ermənistanda baş verənərə adekvat münasibət bildirməli, işğalçı olkənin diktatura rejimini ifşa etməlidirlər.

Samiyə Abdulkərimova, 12 saylı Şəhər poliklinikasının Baş həkimi

Bütün xəbərlər Facebook səhifəmizdə