Azərbaycan xanımı pandemiya dövründə də bütün proseslərdə aktiv iştirak etdi ÖZƏL - MÜSAHİBƏ

Azərbaycan xanımı pandemiya dövründə də bütün proseslərdə aktiv iştirak etdi ÖZƏL - MÜSAHİBƏ

Pandemiya dövründə Azərbaycan xanımları həm maarifləndirmə işlərində, həm də pandemiya ilə mübarizədə aktiv şəkildə ictimai fəaliyyətlərini davam etdirdilər. "İnkişafa Doğru Qadın Təşəbbüsü" İctimai Birliyinin sədri Ziba Nəbiyeva koronavirus pandemiyası dövründə Azərbaycan xanımlarının fəaliyyəti, xanım sahibkarların aktivliyindən danışıb. SİA sizə həmin müsahibəni təqdim edir:

- Ziba xanım, ilk növbədə pandemiya dövründə cəmiyyətimizin xanımlarının COVID-19-la mübarizədə fəaliyyətini necə dəyərləndirərdiniz?

- Azərbaycan qadını pandemiya dövründə də bütün proseslərdə aktiv olaraq iştirak etdi. Vətəndaş cəmiyyəti üzvləri, həm QHT rəhbərləri, həm də KİV nümayəndələri olan xanımlar, həmçinin, sahibkar xanımlarımız və cəmiyyətin müxtəlif təbəqələrindən olan xanımlarımız kifayət qədər məhsuldar fəaliyyət göstərdilər. Bu məsələdə həm çeviklik göstərdilər, həm də öz töhfələrini verdilər. "İnkişafa Doğru Qadın Təşəbbüsü" İctimai Birliyinin sədri olaraq bütün ətrafımda olan QHT nümayəndələrinin, xanımlarının bu proseslərdə necə aktiv iştirak etdiyini müşahidə etdim. Xanımlarımız da "Biz birlikdə güclüyük!" deyərək həmrəylik göstərdi. Bu, həm sosial dəstək proqramlarında özünü göstərdi, məsələn, bir çox vətəndaş cəmiyyəti üzvləri ərzaq yardımında, tibbi ləvazimatların alınıb sosial dəstəyə ehtiyacı olan şəxslərə təqdim olunmasında və digər məsələlərdə dəstəklərini əsirgəmədilər. Həmçinin, sosial şəbəkələrdə və KİV-lərdə geniş maarifləndirmə işləri də aparıldı. Bu istiqamətdə əsasən səhiyyə yönümlü QHT-lərin rolu çox oldu. Biz də öz təşkilatımızın səhifəsində rəsmi mənbələrə istinad edərək məlumatlar paylaşırdıq. Bu məlumatlara koronavirusdan necə qorunmalı, qoruyucu vasitələrdən necə düzgün istifadə etməli və s. bilgilər daxil idi. Çünki, əhalinin əksəriyyəti ümumiyyətlə tibbi maskadan düzgün istifadə qaydalarını bilmirdi. Həmçinin, əhalidə virusla bağlı, onun varlığı ilə əlaqədar çox böyük inamsızlıq var idi və bu, inamsızlıq çox böyük fəsadlar yaradırdı.

- Pandemiya dövründə xanımlarımızla birgə apardığınız maarifləndirmə işləri əsasən nədən ibarət idi?

- Bütün əhali ilə işləmək, həm sosial şəbəkələrdə, həm real həyatda təbliğatların aparılmasında vətəndaş cəmiyyəti üzvəri olan xanımlarımızın böyük rolu oldu. Hər bir fəaliyyətdə güc birlikdədir. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının QHT-ləri koordinasiya edərək onların fəaliyyətini birgə istiqamətləndirməkdə çox böyük təşəbbüsləri oldu. QHT-lərə Dövlət Dəstəyi Şurası və Real TV-nin birgə təşkilatçılığı ilə şəhərdə ictimai monitorinqlər və maarifləndirmə həyata keçirildi. "İnkişafa Doğru Qadın Təşəbbüsü" İctimai Birliyinin sədri olaraq şəxsən özüm və digər xanım QHT rəhbərləri ilə birgə Nərimanov və Yasamal rayonlarında keçirilən ictimai monitorinqlərdə gün ərzində iştirak edirdik. Əhalinin maarifləndirilməsini də həyata keçirirdik. Həm tibbi ləvazimatları alıb insanlara paylayırdıq, həm də onlardan necə düzgün istifadə etmək lazım olduğunu təbliğ edirdik. Mart-aprel aylarında davamlı şəkildə bu təbliğat QHT-lərin iştirakı ilə aparılırdı. Əlbəttə, fəaliyyətimiz yalnız maarifləndirmədən ibarət deyildi. Ərzaq mağazalarında, ictimai nəqliyyatda və digər məkanlarda bütün bu dövr ərzində baş verən ictimai prosesləri, hadisələri monitorinq edib onun nəticələrini yazılı şəkildə Operativ Qərargaha göndərirdik.

- Karantin dövründə sosial məsafəni saxlamaqla, sosial izolyasiya dövründə hansı vasitələrlə təbliğat aparılırdı?

- Vətəndaş cəmiyyəti üzvləri olan xanımlarımız "Evdə qal", "Evdə qal və cəmiyyəti qoru" kampaniyalarına çox böyük dəstək olurdu. Sosial şəbəkələrdə müxtəlif müsabiqələr keçirilirdi. İnsanları həm maarifləndirirdik, həm də onların darıxmaması üçün müxtəlif təbliğat növlərindən, onlayn sorğulardan istifadə edirdik.

Həmçinin, kütləvi informasiya vasitələri ilə vətəndaş cəmiyyəti üzvləri olan xanımlarımız daim məlumat verirdilər, maarifləndirirdilər, ölkəmizin çox çevik şəkildə həyata keçirdiyi COVID-19-la mübarizə tədbirlərini həm dəstəkləyirdilər, həm də onlara əməl edirdilər. Mən özüm də mütəmadi olaraq müxtəlif KİV-lərə müsahibə verir və teleproqramlarda iştirak edirdim. Davamlı şəkildə biz təbliğatı vasitələrdən istifadə edirdik. Bu bizim borcumuzdur və bu proseslər bitənə qədər, virusun müalicəsi tapılana qədər də bunu etməliyik.

- Bu dövr ərzində sahibkar xanımlarımızın fəaliyyətini necə dəyərləndirirsiniz?

- Yalnız vətəndaş cəmiyyəti üzvləri olan xanımlarımız deyil, sahibkar xanımlarımızın da fəaliyyətini xüsusilə qeyd etmək istərdim. Sahibkar xanımlarımız bu dövr ərzində böyük töhfələr verdilər. Məsələn, dövlətin dəstəyi ilə tibbi maska istehsal edən müəssisənin açılmasında sahibkar xanımlarımızın böyük rolu oldu. Həmçinin, kütləvi şəkildə maska istehsalına başlayana qədər yaranmış boşluğu doldurmaq üçün şəhərdə və regionlarda aktiv sahibkar xanımlarımız və könüllülər öz təşəbbüsləri hesabına maska tikib əhaliyə paylayırdılar. Aztəminatlı ailələrə sosial dəstəyin göstərilməsində də sahibkar xanımlar təşəbbüskarlıq nümayiş etdirdilər.

Hər bir sahədə qadınlarımız çox yüksək aktivlik göstərdilər. Bu xüsusi karantin dövründə dövlətimiz tərəfindən sahibkarlıq subyektlərinə kompensasiyalar verildi. 190 manat müavinət 600 min nəfərə təqdim olundu. Təşkilatımızın xanım üzvləri bu məsələlərin əlaqələndirilməsində çox yaxından iştirak edirdi. Bizə çoxlu müraciətlər olurdu. Elektron proqramlardan, onlayn şəkildə istifadə edə bilməyən əhali təbəqəsi var idi. Bir çox sahibkar subyektlərinə onlayn qeydiyyatdan keçməkdə dəstək olundu. 190 manat təminatla bağlı da qeydiyyatdan keçməkdə çətinlik çəkənlərə dəstək verildi.

Bildiyiniz kimi, Heydər Əliyev Fondu tərəfindən xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə dəstək üçün sosial yardım aksiyaları keçirildi. Ərzaq təminatı ilə bağlı da əlaqələndirmə işlərində, insanlara bu məlumatı çatdırmaq və onlayn qeydiyyatdan keçirməkdə dəstəyimiz oldu.

- Ümumiyyətlə cəmiyyətimizin bütün xanımlarının pandemiya ilə mübarizədə məsuliyyətini necə dəyərləndirirsiniz?

- Azərbaycan xanımları öz fəaliyyətini bu dövrdə də davam etdirdi və bundan sonra da davam etdirəcək. Xüsusilə də kütəvi informasiya vasitələrinin rolunu yüksək qiymətləndirirəm. Bir neçə sujetlərdə biz jurnalist xanımlarımızın "qırmızı zona" deyilən COVID-19 xəstələrinin müalicə olunduğu xəstəxanalara daxil olaraq ağır xəstələri çəkərək, təhlükə ilə üz-üzə gələrək məlumatları əhaliyə çatdırdıqlarının şahidi olduq. Əsasən də xanım jurnalistlər bu təhlükəli prosesdə aktiv iştirak etdilər.

Bizim fədakar xanım həkimlərimizin, tibb işçilərinin koronavirusla mübarizədə misilsiz rolunu xüsusi olaraq qeyd etmək istəyirəm. Ön cəbhədə vuruşan ağxalatlı xanımların çiynində böyük məsuliyyət var. Bu onların həm özləri, həm pasiyentlər, həm də ailə üzvləri qarşısında məsuliyyətləridir. Tibb işçilərinin xidmətləri o qədər önəmlidir ki, bunu deməklə bitirmək mümkün deyil.

Sonda bir daha vətəndaşlarımıza müraciət edərək ölkəmizin COVİD-19 pandemiyası ilə mübarizədə apardığı tədbirlərə dəstək olmağa sosial məsuliyyət və həmrəylik nümayiş etdirməyə çağırıram. Xanımlarımızı Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevanın bu həssas dönəmdə xalqa ünvanlandığı səmimi müraciətlərinin təbliğatçısı olmağına rica edirəm. Unutmayaq ki, biz birlikdə güclüyük!

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə