Avropa Birliyi Azərbaycan üçün əsas bazardır ÖZƏL - AÇIQLAMA

Avropa Birliyi Azərbaycan üçün əsas bazardır ÖZƏL - AÇIQLAMA

"Azərbaycan və Avropa Birliyi arasında əməkdaşlığın gücləndirilməsi ilə yanaşı eyni zamanda Azərbaycan Avropanın təhlükəsizliyinə töhfəsinin artmasına gətirib çıxaracaq". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Vüqar Bayramov Prezident İlham Əliyevin iştirakı ilə Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında sammitindən danışarkən deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Azəraycanın əsas ticarət tərəfdaşıdır və Azərbaycanın ümumi ticarət dövriyyəsinin 40 faizindən çoxu Avropa İttifaqının payına düşür: "Azərbaycan ixracatının təxminən yarısı, məhz, Avropa Birliyinə yönəlib. Eyni zamanda təbii ki, Azərbaycan Avropa Birliyi ilə tərəfdaşlıq proqramı çərçivəsində əməkdaşlıq edir. Şərq Tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirilən əməkdaşlıqda mühüm iqtisadi inteqrasiya və standartların uyğunlaşdırılması əsas istiqamətdir. Həmin istiqamətdə də Azərbaycan Şərq Tərəfdaşlıq proqramı çərçivəsində də Avropa Birliyi ilə məhz standartların tətbiq edilməsi sahəsində əməkdaşlığı davam etdirir. Eyni zamanda, təbii ki, Avropa Birliyi Azərbaycan üçün əsas yeni bazardır. Avropa Birliyi 500 milyondan artıq istehlakçısı olan bir bazardır və Azərbaycan məhsullarının Avropa Birliyi bazarına daxil olması əsas prioritetlərdən biridir. Rəqabətli bazardır, rentabellidir və xüsusilə də qeyri-neft sektorunda çalışan sahibkarlar üçün gəlir əldə etmək imkanları daha genişdir".

Millət vəkili bildirib ki, Azərbaycan eyni zamanda Avropa Birliyinin enerji təhlükəsizliyinə də töhfə verən ölkədir: "Azərbaycan Prezidentinin təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizi Avropanın, xüsusilə də Cənubi Avropanın enerji təhlükəsizliyinə birbaşa töhfə verəcək. Bu il ərzində məhz TAP-ın tikintisinin tamamlanması və artıq mavi qazın son olaraq İtaliya bazarına çıxarılacağı gözlənilir. Bu da nəticə etibarilə imkan verəcək ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində yeni alternativ mənbə rolunu oynasın. Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyəti illik olaraq 31,5 milyard kubmetrdir. Birinci mərhələdə Avropaya 10 milyard kubmetr, ikinci mərhələdə isə 20 milyard kubmetr mavi qazın nəql edilməsi nəzərdə tutulur. Nəticə etibarilə Azərbaycan və Avropa Birliyi arasında əməkdaşlığın gücləndirilməsi ilə yanaşı eyni zamanda Azərbaycan Avropanın təhlükəsizliyinə töhfəsinin artmasına gətirib çıxaracaq. Bu isə ondan xəbər verir ki, tərəflər arasında əməkdaşlıq staratejidir, eyni zamanda tərəflərin müstəqil mövqeyinin qorunması kontekstindən inkişaf etdirilir. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi Azərbaycan müstəqil şəkildə xarici siyasətini qurur. Eyni zamanda xarici iqtisadi siyasətinin qurulmasında da Azərbaycan müstəqil mövqe nümayiş etdirir. Təbii ki, bu ondan xəbər verir ki, Azərbaycan müstəqil mövqeyini qorumaqla növbəti mərhələdə də staraji olaraq Avropa Birliyi ilə əməkdaşlığının dərinləşməsini həyata keçirəcək".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə