Astara rayon Gijəbə qəsəbəsinin Qəcimardə kənd sakini nədən şikayətçidir?

Astara rayon Gijəbə qəsəbəsinin Qəcimardə kənd sakini nədən şikayətçidir?
"Səs" İnformasiya Agentliyinin poçtuna Respublikamızın əksər bölgələrindən məktublar daxil olmaqda davam edir. Təəssüf hissi ilə qeyd edək ki, məktubların əksəriyyəti yerli məmurlardan şikayət xarakterlidir. Bunlardan birini oxucuların diqqətinə çatdırırıq. Astara rayonunun Gijəbə qəsəbəsinin Qəcimardə kənd sakini Ruqiyyə Baxşiyeva rayonun Dövlət Xəritəçəkmə və Torpaq İdarəsinin müdiri Eldar Quliyevdən və Astara rayon məhkəməsinin hakimi Ülvi Qəmbərovdan etdiyi şikayətin detallarında da yerlərdə hələ də süni maneələrin qalmasında maraqlı olan vəzifəli şəxslərin olduğunu sezmək mümkündür. Şikayətçi R.Baxşiyevanın SİA-ya ünvanladığı məktubunda yazır: "Qaynım Oğlan Baxşiyevə himayəçilik edənlərin səyi nəticəsində mənə məxsus olan torpaq sahəsinin mənimsənilməsinə cəhd edilib. Evimin iki metrliyindən keçən hissəsində yerləşən dəmir darvaza, təndirxana və tövlə məhkəmənin hakimi Ülvi Qəmbərovun çıxardığı qərar nəticəsində O.Baxşiyev tərəfindən zəbt olunub. Ü.Qəmbərov 2009-cu il fevral ayının 13-də mənim və ərimin iştirakı olmadan qaynım O.Baxşiyevin xeyirinə qərar çıxarmışdır. Ü.Qəmbərov işləri qaydaya salmaq üçün Dövlət Xəritəçəkmə və Torpaq İdarəsinin müdiri Eldar Quliyev və onun sağ əli İbrahim Abıyevdən də saxta arayış almış və guya mən O.Baxşiyevin 10 sotluq torpağını zəbt etmişəm, ərazidə yerləşən tikililər də O.Baxşiyevə məxsusdur. Halbuki çıxarılan qərar ədalətsizdir. Birmənalı şəkildə deyə bilərəm ki, həyata keçirilən haqsızlıqlar O.Baxşiyevin verdiyi pul müqabilində törədilmişdir. Çünki sonradan 2009-cu il iyun ayının 19-da Şirvan Apellyasiya Məhkəməsi Astara rayon məhkəməsinin çıxardığı qərarı ədalətsiz hesab edərək, ləğv etmişdir.
Rayon polis şöbəsinin əməkdaşı polkovnik-leytenant Akif Rəhimov birbaşa O.Baxşiyevə dəstək verir. Çünki həyətimdə otun çalınmasına etiraz etdiyim və O.Baxşiyevə narazılığımı bildirdiyim zaman qaynım tərəfindən döyülərək, təhqir olunsam da, A.Rəhimov məsələyə ciddi reaksiya bildirməkdən imtina etdi. Əksinə, proseslərin növbəti gedişində ərim Həbib Baxşiyev məsuliyyətə cəlb olunaraq, 17 gün Kürdəxanlı təcridxanasında saxlanıldı. Daha sonra isə, rayon məhkəməsinin hakimi Ü.Qəmbərovun qərarı ilə 3 ay müddətinə əməkhaqqının 15 faizini dövlətə köçürməklə məsuliyyətə cəlb olundu.  Bu, azmış kimi, oğlum Bilal Baxşiyev də əməkhaqqından 15 faiz tutulmaqla, 6 ay müddətinə məsuliyyətə cəlb edilib.  O.Baxşiyev isə məni döydüyünə görə, əməkhaqqının 15 faizinin tutulması ilə 6 ay cəzalandırıldı."
Mətbuat haqqında qanunun tələblərinə uyğun olaraq şikayətçinin ərizəsində yazılan ünvanlarla telefon əlaqəsi yaratmaq cəhdimiz uğursuz oldu. Buna baxmayaraq qarşı tərəfin münasibətini dərc etməyə borclu olduğumuzu nəzərə alıb onların məsələ ilə bağlı fikir və təkliflərini işıqlandırmağa həmişə hazır olduğumuzu bildiririk.

Bütün xəbərlər Facebook səhifəmizdə