"Görünən odur ki, ölkədə həyacan təbili çalınır" ÖZƏL - AÇIQLAMA

"Görünən odur ki, ölkədə həyacan təbili çalınır" ÖZƏL - AÇIQLAMA

"Bu qaydalar yəqin ki, biraz daha sərtləşdirilməlidir ki, vətəndaşlarımız bu problemdən sağ-salamat çıxa bilsin. Vətəndaşlarımız dövlətin verdiyi qərarlarla həmrəy olmalıdır. Bu qaydalar heç kəsin hüquqlarını məhdudlaşdırmaq üçün deyil, bu qaydalar bizim sağlamlığımız və sağ qalmağımız üçündür". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü olan deputatı Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, pandemiyanın ilkin mərhələsində hər nə qədər ölkəmizi bu problemdən uzaq tutmağa çalışsaq da, ölkə rəhbərinin birbaşa nəzarəti ilə həyata keçirilən tədbirlər çox böyük effekt vermiş olsa da, təəssüflər olsun ki, bütün görülən tədbirlərə baxmayaraq, bu virus heç bir sərhəd tanımadığına görə son günlərdə yoluxma sayları və virusdan vəfat edənlərin sayı artmışdır: "Burada təbii ki, bəzi vətəndaşlarımızın məsuliyyətsizliyi və laqeydliyi də öz işini gördü. Biz pandemiya ilə mübarizənin birinci mərhələsini müsbət nəticələrlə başa vurduq və görünür bu, vətəndaşımızda bir qədər rahatlıq yaradıb. Digər dünya ölkələri ilə müqayisədə Azərbaycanda yoluxma və vəfat edənlərin sayının çox az olduğuna, bütün sosial-iqisadi imkanlarla təmin edildiyini görən vətəndaş bu virusun təhlükəlilik həddini unutmağa başladı. Küçələrdə, parklarda və digər ictimai yerlərlə tələblərə əməl etmədən hərəkət edən vətəndaşlarımızın məsuliyyətsizliyi ucbatından yoluxmaların sayı artdı.

Bu gün əlbəttə ki, vəziyyət təkcə Azərbaycanda belə deyil, ümumilikdə dünya statistikasına baxsaq bir çox dünya ölkələrində də sanki yoluxmanın ikinci fazasına keçilib. Çin tamamilə virusdan qurtulmuşdu, lakin, ölkədə yenidən qadağalara başlanılıb. Pekin şəhərinə giriş-çıxışlar dayandırılıb. Digər şəhərlərdə də eyni zamanda, Avropa şəhərlərində də eyni vəziyyət hökm sürür".

Millət vəkili vurğulayıb ki, bütün bunlar dünya ölkələrini yeni tədbirlər icra etməyə məcbur edir və ölkə rəhbərləri dünyanı xilas etmək üçün, bəşəriyyəti, insanları xilas etmək üçün yeni tədbirlər görməyə məcburdur: "Azərbaycanda iki həftə ərzində 2 günlük sərt karantin rejimi tətbiq edildi. Bu sərt karantin rejimini bu həftə sonu da davam etdirməyimizə ehtiyac olacaq. Biz bunların nəticəsini qarşıdan gələn həftələrdə müşahidə edəcəyik. Təbii ki, yoluxma və vəfat sayında enmə olarsa, sağalanların sayı artarsa o zaman yumşalmalardan söhbət gedə bilər. Lakin, bu gün görünən odur ki, ölkədə həyacan təbili çalınır. Bu gün özümüzü, ailəmizi, yaxınlarımızı və cəmiyyətimizi qorumaq üçün qaydalara riayət etməliyik. Bu qaydalar yəqin ki, biraz daha sərtləşdirilməlidir ki, vətəndaşlarımız bu problemdən sağ-salamat çıxa bilsin. Vətəndaşlarımız dövlətin verdiyi qərarlarla həmrəy olmalıdır. Qeyd etmək istəyirəm ki, bu qaydalar heç kəsin hüquqlarını məhdudlaşdırmaq üçün deyil, bu qaydalar bizim sağlamlığımız və sağ qalmağımız üçündür. Bu baxımdan vətəndaş və dövlət həmrəyliyi Azərbaycanda yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirmiş olacaq".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə