"Virusa inanmayanlar digərlərinin əziyyətinin üstündən xətt çəkir" ÖZƏL - AÇIQLAMA

"Virusa inanmayanlar digərlərinin əziyyətinin üstündən xətt çəkir" ÖZƏL - AÇIQLAMA

"Virusa inanmayan şəxslər sərt karantin günlərində evdə qalan, sosial məsafəni saxlayan, bütün qaydalara riayət edən şəxslərin əziyyətinin üstündən xətt çəkirlər". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü olan deputatı Cavid Osmanov deyib.

O bildirib ki, koronavirusla mübarizədə Operativ Qərargah tərəfindən bu günə qədər bir sıra tədbirlər müəyyənləşdirildi və həyata keçirildi, bu tədbirlərin hər biri Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə uyğun tətbiq edilir, lakin, sərt karantin rejiminin yumşaldılmasından sonra biz yoluxma sayında artım müşahidə edirik və dünən isə ilk dəfə ölkəmiz üçün rekord həddə, bir gündə 7 nəfər virusdan həyatını itirdi: "Bu hal heç də xoşagələn mənzərə yaramır. Əgər daha əvvəl sərt karantin rejimi tətbiq olunmasaydı bugünkü mənzərə daha gərgin statisikanı ortaya qoya bilərdi. Ölkəmizdə virusun yayılma tempi daha çox ola bilərdi. Sərt karantin rejimi tətbiq etməklə insanların biri-biri ilə təmasını maksimum azaltmış olduq. Elə həmin ərəfədə səhiyyə infrosturukturunun hazır vəziyyətə gətirilməsi də həyata keçirilmişdi. Dünyanın bir çox ölkələrində belə bir mənzərənin şahidi olmuşuq. Hansı ki, sərt karantindən sonra yumşalmaya doğru getdikdə yoluxma statistikasında artım dinamikası müşahidə olunub. Biz də də eyni mənzərə hazırda özünü göstərir".

Millət vəkili vurğulayıb ki, bu məsələdə dövlət öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirir lakin, vətəndaşların indiki vəziyyətdə daha məsuliyyətli olmasına ehtiyacımız var: "Son iki həftə ərzində iki günlük sərt karantin rejimi tətbiq edildi. İlk növbədə 5 ayrı bölgədə tətbiq olundu, daha sonra onların sayı 9-a çatdı. Bu o deməkdir ki, virusun yayılma coğrafiyası da genişlənir. Sərt karantin günlərində vəziyyətdən sui-istifadə hallarına da şahid olduq. Müxtəlif yollarla ölkəmizin başqa rayonlarına üz tutmuş insanların bu sərt karantin günlərini adi istirahət günləri kimi qəbul etdiyi müşahidə etdik. Məhz bu hallar da virusun yayılma çoğrafiyasını təbii ki, genişləndirir. Ən vacib məsələ hazırda vətəndaşın vəziyyətin mürəkkəbliyini anlaması və məsuliyyətli davranmasıdır. Qoyulan qaydalara riayət etmək vacibdir. Əks təqdirdə yoluxmaların sayı davam edəcək, paralel olaraq ölüm hallarının da sayı artmış olacaq. Bəzi məsuliyyətsiz vətəndaşlarımız bu qədər yoluxma və insan təlafatına baxmayaraq, bu prosesin bütün dünyanı əhatə etməsinə baxmayaraq hələ də bu virusa inanmırlar. Bunu hələ də dünya miqyasında oyun adlandıranlar var. Təbii ki, bunların hamısı cəfəngiyyatdır. Bütün bunlara inanan şəxslər sərt karantin günlərində evdə qalan, sosial məsafəni saxlayan, bütün qaydalara riayət edən şəxslərin əziyyətinin üstündən xətt çəkirlər. Virusa inanmayan insanlar fədakar həkimlərimizin, eyni zamanda Daxili İşlər Nazirliyi orqanlarının əməyinin üstündən xətt çəkirlər. Ümumiyyətlə bu sahədə çalışan, bu mübarizəyə qoşulan hər kəsin əziyyətinin üstündən xətt çəkirlər. Bundan sonrakı vəziyyət də vətəndaşın məsələyə nə dərəcədə məsuliyyətli yanaşacağından asılıdır".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə