Bu günümüzün baş qəhrəmanlarından biri və birincisi məhz tibb işçiləridir ÖZƏL - AÇIQLAMA
"Bu gün tibbi işçilərinin peşə bayramı günüdür. Bu günü də Azərbaycan xalqına, tibb işçilərinə bəxş edən məhz Ulu Öndərimiz Heydər Əliyevdir. Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətləri nəzərə alınaraq hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Odur ki, bu gün, bu peşə bayramı münasibətilə həm öz adımdan, həm də üzvü olduğum Səhiyyə komitəmizin adından bütün dəyərli tibbi, səhiyyə işçilərini təbrik edir, onlara can sağlığı, fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıram". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü olan deputatı Kamilə Əliyeva 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə danışarkən deyib.
Onun sözlərinə görə, bu günün, bu bayramın qeyd edilməsinin ağır pandemiya şəraitində ikiqat, üçqat əhəmiyyəti var, çünki bu ilin yanvar-fevral aylarından dünyamızda, fevral-mart aylarından isə ölkəmizdə yaşanan koronasvirus pandemiyası, koronavirus bəlası ilə mübarizədə cəbhənin ən qaynar nöqtələrində, səngərlərdə olanlar məhz tibbi, səhiyyə işçiləridir: "Məhz onlar bu mübarizədə, gizli, gözəgörünməz düşmənlə müharibədə müsəlləh əsgərlər kimi, səfərbər olunublar, necə deyərlər, döyüşə, savaşa atılıblar. Bu günümüzün əsas, baş qəhrəmanlarından biri və birincisi məhz səhiyyə, tibb işçiləridir. O səhiyyə, tibb işçiləri ki, aylardır gecələrini-gündüzlərinə qatıblar, günlərlə, həftələrlə, aylarla ev-eşik, ailə-övladı üzü görməyiblər, həyatlarını riskə, təhlükəyə ataraq, öz peşə borclarını layiqincə yerinə yetirməyə çalışıblar və bu gün də səbrlə, təmkinlə, əzmlə öz fəaliyyətlərini bir an fasilə vermədən davam etdirməkdədirlər. Bu gün əgər ölkəmizdə bir çox ölkələrdəki insanlıq dramları, daha kritik hallar yaşanmayıbsa, baş verməyibsə, buna görə ilk növbədə səhiyyə, tibbi işçilərimizə və onlara bu ağır günlərdə ikiqat, üçqat diqqət göstərən dövlətimizə, dövlət başçımıza borcluyuq. Dövlətimizin, səhiyyə işçilərimizin fədakarlığı sayəsində itkilərin, yoluxmaların sayı digər ölkələrlə müqayisədə qat-qat aşağı olub. Düzdür, son günlər narahatlıq, həyəcan doğuran məqamlar da yaşanır, ancaq əgər səhiyyə işçilərimizin bu qədər fədakarlıqlarına hörmətimiz, ehtiramımız, dövlətimizin gördüyü işlərə, atdığı addımlara sayğımız, minnətdarlığımız varsa, o zaman daha məsuliyyətli olmağımız gərəkir".
Millət vəkili əlavə edib ki, qoyulan tələblərə, karantin şərtlərinə, həkimlərimizin, tibb işçilərimizin çağırışlarına, məsləhətlərinə sonunacan bir nəfər kimi əməl etməli, tibbi maskalardan, əlcəklərdən istifadə etməli, sosial məsafəni gözləməliyik: "O zaman həm dövlətimizin, həm də aylardır dinclik bilməyən, əzizlərinin, ailələrinin üzünə həsrət qalan, bizim sağlamlığımızın keşiyində dayanan həkimlərimizin, səhiyyə işçilərimizin çiyinlərindəki yükünü azaltmış, bu bəlaya birlikdə qalib gəlmiş olarıq. Odur ki, bir daha bu əlamətdar gündə hər bir vətəndaşımıza səslənərək, çağırış edirəm ki, deyilənlərə, tələblərə, şərtlərə əməl etsinlər, sosial məsafəni gözləsinlər, həm özlərini, həm də yaxınlarını, ətrafdakıları qorusunlar. Eyni zamanda, fürsətdən istifadə edib, bir daha bu əlamətdar gün münasibətilə həkimlərimizi, səhiyyə işçilərimizi təbrik edir, o cümlədən, dövlət başçımızın dünən imzaladığı iki Sərəncamla yüksək fəxri adlara və medallara layiq görülən tibb işçilərimizə növbəti uğurlar, növbəti müvəffəqiyyətlər arzu edirəm. Bayramınız mübarək!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB