İntiqam Babayev: “Gənc ailələrə ipotekaların verilməsi qaydalarının sadələşdirilməsi ilə bağlı təkliflər paketi hazırlanır”
Yeni hazırlanan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında gənclərin sosial problemlərinin həlli, məşğulluq məsələləri və gənc ailələrə ipoteka kreditlərin verilməsi ayrıca bənd kimi daxil edilib. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. Onun sözlərinə görə, bu zəmində Azərbaycanda gənc ailələrə ipotekaların verilməsi qaydaları sadələşdiriləcək: "Gənclərin sosial inkişaf blokunda mənzil üçün ipoteka verilmə qaydalarının daha da sadələşdirilməsi yer alıb. Bildiyiniz kimi, bu gün sosial ipotekaya ayrılan vəsaitin həcmi mənzil bazarına cavab vermir və bununla bağlı müvafiq göstərişlər verilib. Artıq təkliflər paketi hazırlanır və çox güman ki, bu blokda öz əksini tapacaq. Eyni zamanda gənclərin mənzil probleminin həll edilməsi və gənclərin effektiv məşğulluğunun təmin edilməsi ilə bağlı da bir sıra addımlar nəzərdə tutulub. Dövlət proqramının verilməsi ilə bağlı verilən sərəncamın priambulasında əsas hədəflərdən biri məhz peşəkar mütəxəssislərin işlə təmin edilməsi və gənclərin menecment sahəsinə cəlb edilməsidir".
İ.Babayev qeyd edib ki, hələlik Azərbaycanda gənc ailə məfhumunun dəyişdirilməsi və bu məfhuma digər statusların əlavə edilməsi ilə bağlı müzakirələr aparılmır: "35 yaşa qədər gənc ailələrin sayı çox olduğuna görə bu sahədə bürokratiyanın qarşısını almaq üçün əvvəlcə bir neçə kateqoriya seçiləcək. Gənc alimlər, Milli Qəhrəmanlar və onların ailə üzvlərindən olan gənclər, beynəlxalq aləmdə yüksək nəticələr qazan idmançılar, dövlət qulluğunda çalışan gənclər, qaçqın və məcburi köçkün ailələrindən olan istedadlı gənclər güzəştli şərtlərlə ipoteka kreditləri ala biləcəklər. Eyni zamanda qeyd edim ki, hazırda nə qədər gənc ailənin mənzilə ehtiyacının olması dəqiqləşdirilməyib. Bu məsələ yenidən təhlil olunmalıdır. Azərbaycanda mənzil bazarının dərindən araşdırılmasına böyük ehtiyac var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB