“Azərbaycan gəncliyin intellektual potensialı sayəsində ölkəmiz ən azı Yaxın Şərqin düşünmə mərkəzinə çevrilə bilər”- DEBAT (SƏSTV)
- Prezident İlham Əliyevin 2011-2015-ci illər gənclərə dair dövlət proqramının hazırlanması ilə bağlı verdiyi sərəncam ölkə gəncləri nələr vəd edir?
Gülsel Səfərova: - Bu sərəncam gənclərin həyatında yeni bir mərhələnin başlanmasına gətirib çıxardı. Ümumiyyətlə, ölkə başçısının gənclərlə görüşü bütün Azərbaycan gəncliyinə olan diqqət və qayğının bariz nümunəsi olduğu kimi, onlara böyük bir həddiyə oldu. Gənclərin üzərinə ikiqat məsuliyyət düşdü. Bilirik ki, ölkə başçısı tərəfindən sözügedən proqramın hazırlanmasına dair sərəncam aprelin 6-da verilib. Biz Prezident Administrasiyası tərəfindən hazırlanan proqramın işçi qrupuna daxil edildik və həmçinin də ölkə başçısı ilə görüşdə olduq. Son 15-20 gündə baş verən bu cür mütərəqqi hal bütün Azərbaycan gəncliyinin gələcəyə yönəlik uğurlu işlərinin təminatçısı kimi çıxış edir. Ümumiyyətlə, bundan öncə də sərəncamlar olub və çox güman ki, bundan sonra da olacaq. Amma bu sərəncamın özəlliyi ondan ibarətdir ki, 4 il ərzində sırf praktik işlər görüləcək. Proqramın özündə Azərbaycançılıq, dövlətçilik, milli mənəvi, hətta universal dəyərlər öz əksini tapsa da, burada eyni zamanda gənc mütəxəssislərin, gənclərin sosial iqtisadi şəraitinin artırılması yer tapmalıdır. Ölkə başçısı ilə görüşdə bütün problemlərə toxunuldu və ölkə başçısının sıx qrafiki zamanı gənclərə iki saat vaxt ayırması gənclərə olan sevgi və qayğısını bir daha göstərdi. Ölkə başçısının özünün də nitqində gənclərn bütün problemlərini əhatə edən fikir və ideyalar var idi. Orada iştirak edən gənclər əslində onu müşahidə etdilər ki, ölkə başçısı həqiqətən də gənclərin problemləri ilə yaxından tanışdır. Bu konteksdən çıxış edərək gənclər orada müxtəlif suallar, fikirlər, hətta ölkə başçısına müxtəlif ideyalarını nümayiş etdirdilər. Mənim də öz növbəmdə fikir və təkliflərim oldu. Əsas fikirlərim ondan ibarət idi ki, bildiyiniz kimi Azərbaycan sosial-iqtisadi cəhətdən inkişaf edir və çox güman ki, yaxın 5-10 il ərzində bu inkişaf tempimiz daha da artacaq. Bu inkişaf tempində gənclərin intellektual potensial səviyyəsi mühüm amilə çevrilməlidir. Hətta bunu ölkə başçısı açılış nitqində də söyləyib. Bizim təşkilat tərəfindən belə bir təklif irəli sürüldü ki, Azərbaycan gəncliyi intellektual potensialının daha da inkişafı istiqamətində intellektual təhlükəsizliyin formalaşması üçün bir ixtiraçılıq mərkəzi və ya keyfiyyətli düşünmə mərkəzi yaradılsın. Çünki qloballaşan dünyada elm texnika mühüm amilə çevrilir. Onsuz da Azərbaycan gəncliyi bunlardan geri qalmır. Amma biz geri qalmamaq yox, bizim iddiamız olmalıdır ki, öz regionumuzun birinciliyini əldə edə bilək. Burada birincilik düşünmə mərkəzindən gedir. İstəyirik ki, Azərbaycan gəncliyi intellektual potensialı sayəsində ən azı Yaxın Şərqin düşünmə mərkəzinə çevrilsin. Bu realdır. Çünki ölkəmizin istər təbii, istər insan resurları, potensialı buna imkan verir ki, biz bu iddiada olaq. Əgər biz bu iddianı gerçəkləşdirsək, düşünürəm ki, xaricdən bizim cəmiyyətə mənfi təsirlər olmayacaq, Azərbaycan gəncliyi öz dövlətçiliyini, millətçiliyini dərk edərək öz xalqının, millətinin, dövlətinin inkişafı istiqamətində işlər aparacaq. Bu da elmi tərəqqiyə aparan ixtiralardır. Əgər biz bu sferanı götürsək Azərbaycan bu istiqamətdə kifayət qədər irəlidə olacaq.
Səbuhi Abbasov: - Əslində gənclərə dair dövlət proqramı bundan əvvəl də qəbul olunmuşdu. Lakin yeni proqram Azərbaycan gənclərinin ən ali mərtəbəsini müəyyənləşdirəcək. Ulu öndər Azərbaycanda gənclərlə bağlı həqiqətən də düşünülümüş, uzun müddətli bir kurs qoyub. Əgər fikir vermisinizsə, birinci dövlət proqramı giriş xarakteri daşıyırdı. Təbii ki, hər bir dövlətdə müstəqillik qazandıqdan sonra keçid dövrü olur. Hər şeyi birdən-birə etmək mümkün olmur. Əgər keçid uğurla həyata keçirilərsə, ondan sonrakı proseslər də uğurla davam edər. Ona görə çox şükürlər olsun ki, bundan əvvəlki proqramlar o qədər uğurla həyata keçirilib ki, hazırda həmin proqramlara ehtiyac yoxdur. Artıq daha ali, böyük problemləri həll edəcək, ətraflı, geniş problemlərin həllini özündə birləşdirəcək proqama ehtiyac var. Bu zərurətdən çıxış edən ölkə başçısı bu proqramın hazırlanması məsələsini ortaya qoydu. Burada bir yenilik var ki, proqramın hazırlanmasında cəmiyyətdə formalaşan, öz intellektual qabiliyyətini ortaya qoyan gənclər bura cəlb olunub. Mən belə düşünürəm ki, bu gənclər proqramında ən çox yeri gənclərin məşğuliyyəti ilə bağlı məsələlər tutmalıdır.
- Ölkə başçısının gənclərə verdiyi digər töhfəsi Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarının məvaciblərinin artırılması ilə bağlı Sərəncamı oldu. Rəsmi sənəd daha çox gəncləri sevindirdi. Bu sərəncamı gənclər necə qiymətləndirir?
Gülsel Səfərova: - Əlbəttə, bu hal gənclər tərəfindən çox yaxşı hal kimi qiymətləndirilir. Əgər cəmiyyətdə nəsə müsbət tərəfə dəyişirsə və bu bilavasitə gəncliyə toxunursa, bu mütərəqqi hal kimi dəyərləndirilməlidir. Alimlər bizim cəmiyyətin elmi cəhətdən üst qatı, elmi bazasıdır. Alimsiz cəmiyyət yoxdur. Alim müəyyən proseslərdə özünün fikirləri olan və o fikirləri sənədlərdə və ya digər yerlərdə təsbit edən onunla uğur qazanan inkişaf modelidir. Hər bir ölkənin alimləri var. Azərbaycanda da alimlərə göstərilən bu diqqət, qayğı məni bir gənc kimi sevindirir. Hətta məni alim olmağa da sövq edir. Mən də o sərəncamdan sonra belə bir fikrə gəldim ki, elmi iş götürüm. Əgər bir gənc kimi məndə belə bir hiss yaradıbsa, əminəm ki, mənin kimi düşünənlərin sayı çoxdur. Ümumiyyətlə, bu cür inkişaf tempi ölkəmizin bütün sferasında var. Hər il Azərbaycanda müxtəlif sahələrdə islahatlar aparılır. Geosiyasi cəhətdən əlverişli mövqedə yerləşən, çoxlu dostları ilə yanaşı düşmənləri də olan Azərbaycan üçün belə bir inkişaf tepmi qeyri-adidir. Azərbaycanın istər elmi, istər iqtisadi, istərsə də siyasi cəhətdən inkişaf tempi göz qamaşdırır. Ona görə də elmin inkişafı, alimlərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı verilən sərəncamlar cəmiyyəti daha da stimullaşdırmalı, həvəsləndirməli daha çox iş görməyə sövq etməlidir.
- Azərbaycanın gələcəyi olan bugünki gənclik gələcəyə hesablanan mövqe ortaya qoya bilirmi?
Səbuhi Abbasov: - Bütövlükdə götürdükdə Azərbaycan gəncliyi, öz mövqeyini, maraqlarını, arzularını fəaliyyətini məqsədyönlü şəkildə ortaya qoyub. Alimlərin məvaciblərin artırılması onların çoxdankı arzuları idi. Bu da düşünülmüş elmi siyasətin bir hissəsidir. Alimlərin məvaciblərin artırılması onların məsuliyyətinin, elmi işlərinin keyfiyyətinin artması, sosial iqtisadi, ailə vəziyyətinin yaxşılaşması deməkdir. Bu gün gənclərin cəmiyyətdə tutduqları mövqeni idarə etmək bir qədər çətindir. Cəmiyyətdə elmi texniki inkişaf o qədər sürətlə gedir ki, bəziləri onunla ayaqlaşa bilir, bəziləri ondan qabağa gedir, bəziləri isə geridə qalır. Şükürlər olsun ki, biz geridə qalmamışıq. Geridə qaldıqda cəmiyyətdə neqativ hallar baş verir. Gənclər öz yollarından çıxır, onları hansı istiqamətə desən aparmaq mümkün olur. Cəmiyyətdə baş verən son hadisələr onun göstərdi ki, Azərbaycanda texnologiya ilə ayaqlaşmaq tam öz axarındadır. Lakin çox cüzi faiz var ki, o inkişafdan geridə qalır və istənilən təsir altına düşərək müəyyən maraqlara uyğun hərəkət edir. Belə olan halda cəmiyyət də öz sözünü deyir. Nəyin səhv və ya düz, nəyin bizə lazım olub, olmadığını cəmiyyət çox gözəl dərk edir. Ona görə də hesab edirəm ki, bu gün Azərbaycan gəncliyi bütövlükdə formalaşma mərhələsindədir. Azərbaycan gənci dünyaya doğru irəliləyir, gənclərimizin səsi xaricdən gəlir. Bu gün Azərbaycan istənilən ölkədə tədbirlər həyata keçirir, ölkə həqiqətlərini dünyaya çatdıra bilirik. Ölkə gəncliyi bir sözlə ölkə başçısının apardığı siyasəti birmənalı şəkildə dəstəkləməlidir. Başqa istiqamət seçməyə mənəvi haqqımız yoxdur.
- Bu günki bəzi gənclərin ictimai təşkilatlarda, intellektual oyunlarda iştirak etmək, təhsil müəssisələrində çalışmaqdan imtina edirlər. Bu arzuolunmaz halın səbəbini necə izah edərdiniz?
Gülsel Səfərova: - Əgər hər hansı bir cəmiyyətdə inkişaf gedirsə, o inkişafa aparan yolda müəyyən qədər problemlər olacaq. Bu normal bir hadisədir. Bu gün inkişaf edən Azərbaycanda gəncliyin üzərinə düşən məsuliyyəti dərk edən subyektləri azlıq təşkil edir. Bunu biz boynumuza almalıyıq. Azərbaycan gəncliyinin ümumi 10 faizi ictimai sektorda fəaliyyət göstərir. Amma dövlətçilik, millətçilik, Azərbaycançılıq öz xalqı naminə fəaliyyət göstərən nə qədər təşkilatlarımız var? Var amma istədiyimiz sayda deyil. Azərbaycan gəncliyi Avropada təmsil edilir, amma bu təmsilçilik Azərbaycançılıq, dövlətçilik istiqamətindədirmi? Var çox var. Amma boynumuza alaq ki, Azərbaycanın müsbət imici yox, mənfi imici üzərində işləyən, Azərbaycan vətəndaşı statusuna layiq olmayan gənclərimiz də var. Gənclərimizə dövlətçilik ənənələri aşılanmalıdır. Azərbaycanda bir neçə təşkilatlar var ki, sırf bu istiqamətdə fəaliyyət göstərir. Lakin bu mənə görə azdır. Azərbaycanın ümumi potensialını nəzərə alsaq ölkəmizin səviyyəsi artıq o həddə gəlib çatıb ki, dünyada intellektual potensialına görə liderliyə layiqdir və bu liderliyi əldə etmək üçün ideoloji aspekti birmənalı şəkildə gücləndirmək lazımdır.
Səbuhi Abbasov: - Bu iş gənclərin məşğuliyyətinin təmin edilməsi ilə sırf bağlıdır. Hər şey maddiyatdan asılıdır. Biz gənclərə bildirməliyik ki, fiziki işlə məşğul olub yüksək məvacib alan gəncin bir müddətdən sonra gücü tükənəcək. Lakin elm sahəsində çalışan bir müddətdən sonra alim ola bilər. Bu da onun vətəndaş cəmiyyətində mühüm yer tutmasına səbəb olacaq. QHT-lərə Dövlət Dəstəyi Şurası daha çox sosial layihələrə önəm verir. Lakin onlar gənclərin məşğuliyyəti ilə bağlı layihələrə də mühüm yer ayrılmalıdır. Bu layihələr tez bir zamanda gənclərə təqdim ediməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB