"İşə bir saat tez başlamaq, bir saat tez bitirmək deməkdir" ÖZƏL - AÇIQLAMA

"Əslində səhər bir saat işə tez başlamaq, işi bir saat tez də bitirmək deməkdir. Eyni zamanda bir saat tez işdən çıxan şəxsin kifayət qədər vaxtının olması deməkdir." Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Bakıda pilləli iş saatına keçidlə bağlı fikirlərini bildirərkən deyib.

Onun sözlərinə görə, hazırda Bakıda pilləli iş saatına keçid etmək vacib hesab edilə bilər və buna ehtiyac yaradan bir sıra amillər və səbəblər də mövcuddur: "Bu gün Bakı şəhərində əhalinin və fərdi avtomobil sahiblərinin sayı çoxalmışdır. Hamı da hər yerə öz fərdi avtomobildən istifadə edərək gedir. Xüsusilə də işə və təhsil müəsisələrinə gedənlərin eyni iş saatında fəaliyyətə başlanması yollarda tıxac problemini yenidən gündəmə gətirir. Ona görə də fəaliyyət müəssisələrinin işə başlama vaxtlarında müxtəlifləşdirilməyə ehtiyac var".

Millət vəkili bildirib ki, xüsusilə də təhsil müəssisələrinin və digər müəssisələrin fəaliyyət qrafikində dəyişikliyə getmək olar və bunun sadəcə müsbət nəticələrini görmüş olarıq:

"Məsələn, Təhsil müəssisələrinin fəaliyyətinə saat 8-dən başlamaq olar və yaxud da bəzi müəssisələrin səhər fəaliyyətə başlama vaxtını fərqli saatlara salmaq olar. Bu da işə gedənlərin eyni saatda küçədə hərəkətdə olmasının qarşısını almış olar. Əslində səhər bir saat işə tez başlamaq, işi bir saat tez də bitirmək deməkdir. Eyni zamanda bir saat tez işdən çıxan şəxsin kifayət qədər vaxtının olması deməkdir. Bununla da həmin şəxsin özünün ayrı bir özəl işinin də görülməsinə imkan yaranmış olaacaq. Bütün bunları nəzərə alaraq Bakıda pilləli iş saatının tətbiq olunmasını müsbət və vacib hesab edirəm".

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bu barədə müsahibəsində məsələ ilə bağlı təklif irəli sürdüklərini bildirib və bu qəbul olunacağı təqdirdə işin başlama və bitmə saatlarının aşağıdakı kimi təşkil olunması təklif edilir.

1. Saat 8:00-dan saat 17:00-dək;

2. Saat 8:30-dan saat 17:30-dək;

3. Saat 9:00-dan saat 18:00-dək;

4. Saat 9:30-dan saat 18:30-dək;

5. Saat 10:00-dan saat 19:00-dək.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə