17 iyun Cəhiyyə İşçilərinin peşə bayramıdır

17 iyun Cəhiyyə İşçilərinin peşə bayramıdır

Sabah insanlara həyat və sağlamlıq bəxş edən tibb işçilərinin peşə bayramidir. Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə tibb işçilərinin peşə bayramı üçün 17 iyun tarixinin müəyyən edilməsi təsadüfi deyil. Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri ilə 1918-ci il iyunun 17-də Səhiyyə Nazirliyi təsis olunub.

Ötən 102 ildə Azərbaycan səhiyyəsi böyük inkişaf yolu keçib.Tibbi yardımın təşkili üçün yeni xəstəxanalar və apteklər açılıb, həm əhaliyə, həm də döyüşlərdə yaralanan əsgər və zabitlərə tibbi yardımın təşkili, həmin dövrdə geniş yayılmış yoluxucu xəstəliklərin qarşısının alınması üçün tədbirlər görülüb. Cümhuriyyətin səhiyyə sahəsində mühüm tədbirlərindən biri də tibbi kadrların hazırlığı idi. Həmin dövrdə Cümhuriyyət hökumətinin xaricə təhsil almaq üçün göndərdiyi tələbələrdən bir çoxu təbabət üzrə təhsil alırdılar. Digər tərəfdən, 1919-cu ildə əsası qoyulan Bakı Dövlət Universitetində tibb fakültəsi yaradıldı. Bu tibb kadrları sonralar səhiyyəmizin kadr potensialının özəyini təşkil etdilər. Bu istiqamətdə iş sovet hakimiyyətinin ilk illərində də davam etdirilib, yüzlərlə yeni xəstəxana, poliklinika və aptek yaradılıb.

Azərbaycan səhiyyəsinin sonrakı inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Səhiyyə məsələlərinə böyük diqqət və qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə bugünkü iri tibb müəssisələrinin əksəriyyəti inşa olunub əhalinin istifadəsinə verildi. Kadr hazırlığına böyük diqqət yetirən Ulu Öndər istedadlı gəncləri tanınmış tibb təhsili ocaqlarına göndərir, orada yüksək ixtisaslı kadrlar kimi formalaşmasına şərait yaradırdı. Həkimlərin ixtisasını artırması üçün Azərbaycanda müxtəlif konfranslar, simpoziumlar keçirilirdi. Ümummilli Lider bu fəaliyyətini müstəqillik illərində - xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdışından sonra da davam etdirdi.

Hazırda insanların sağlamlığının qorunması, gələcək nəslin sağlam böyüməsi ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və dövlətimizin başçısı bu məsələləri daim diqqət mərkəzində saxlayır. Son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər onu dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Ölkəmizdə 600-dən artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır.

Səhiyyə sahəsində aparılan islahatların davamı olaraq icbari tibbi sığortanın tətbiqi hökumətin səhiyyə sahəsində apardığı islahatların tərkib hissəsidir. İcbari tibbi sığortaya keçid ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığını artırır. İcbari tibbi sığorta müasir və keyfiyyətli tibbi xidməti təmin edən səhiyyənin maliyyələşdirilməsinin yeni formasıdır.

Bütün bunlar sübut edir ki, Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin edilməsi istiqamətində icra olunan layihələri dövlətimizin başçısı Ğənab İlham Əliyev daim nəzarətdə saxlayır. Bu layihələr, eyni zamanda, vətəndaşlarımızın məhz ölkəmizdə yüksək səviyyəli tibbi xidmətlərdən yararlanması ilə bağlı görülən mühüm işlərin davamlı olduğunu göstərir.

Bugünkü durumda koronovirusla mübarizədə həkimlərin fədakarlıq göstərməsi bu peşə sahiblərinin nə qədər müqəddəs bir fəaliyyətlə məşğul olmasını bir daha önə çəkdi. Koronovirusla mübarizəyə cəlb olunmuş həkimlərin məvaciblərinin artırılması ilə bağlı dövlət başcisi Sərəncamı imzaladi. Həkimlər insan sağlamlığı, insanın yaşaması uğrunda öz həyatlarını təhlükəyə qoyurlar. Həkimlər ən xoş sözlərə, ən böyük təşəkkürlərə layiqdirlər. Əziz həkimlərimiz, peşə bayramniz mübarək.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə