XX əsrin əvvəllərində Gürcüstanda ermənilərin azərbaycanlılara qarşı soyqırımı
XIX yüzilliyin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqaz siyasətində yeni mərhələ başlandı. I Pyotrun vəsiyyətlərini silah gücünə həyata keçirən Çar Rusiyası Qacarlar dövlətinə və Osmanlı imperiyasına qarşı apardığı müharibələrin gedişində Cənubi Qafqazı türk-müsəlman əhalisindən təmizləmək siyasəti yeritdi. Bu diyarı bütünlüklə xristianlaşdırmağa çalışan işğalçılar erməniləri kütləvi surətdə Osmanlı imperiyası və Qacarlar dövləti ərazisindən köçürüb Cənubi Qafqazın azərbaycanlılar yaşayan ərazisinə yerləşdirməyə başladı.
Beləliklə, Çar Rusiyası işğal etdiyi Cənubi Qafqazın ənənəvi etnik mənzərəsinə və demoqrafik durumuna da təcavüz etdi: Cənubi Qafqazın aborigen türk-müsəlman əhalisi olan azərbaycanlıların atababa torpaqlarına yeni xristian etnosunu köçürüb gətirdi. Gələcəkdə ermənilərə oyuncaq dövlət yaratmaq siyasəti yeridən çar müstəmləkəçiləri Azərbaycan torpaqlarında əvvəlcə ermənilərdən ötrü "Erməni vilayəti", sonra isə "İrəvan quberniyası" adlanan bir quberniya yaratdılar.
Ermənilərin Cənubi Qafqaza köçürülməsindən sonra bu diyarın ən qədim yerli əhalisi olan azərbaycanlılara qarşı qanlı qırğınlar dövrü başlandı. İşğalçılar tərəfindən silahlandırılan və hərtərəfli müdafiə olunan gəlmə ermənilər dinc, əliyalın azərbaycanlıları və digər türk-müsəlman xalqlarını kütləvi sürətdə məhv etməyə başladılar.
Cənubi Qafqazın tarixində türk-müsəlman əhaliyə qarşı kütləvi soyqırımları və deportasiyalar dövrü başlandı. Çoxsaylı ilk mənbələrin, o cümlədən arxiv sənədlərinin araşdırılması nəticəsində bütün Azərbaycan torpaqlarında – İrəvanda, Naxçıvanda, Qarabağda, Zəngəzurda, Gəncədə, Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Kürdəmirdə, Salyanda, Lənkəranda, Urmiyada və digər ərazilərdə, həmçinin Şərqi Anadoluda yüz minlərlə türk-müsəlman əhalinin ən dəhşətli üsullarla məhv edilməsinə dair saysız-hesabsız faktlar aşkar olunmuşdur.
1918-1920-ci illərdə həm Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejimi, həm də Ararat (Ermənistan) Respublikası Azərbaycan xalqına qarşı dövlət səviyyəsində dəhşətli soyqırımları törətdi. Bütün bu kütləvi qırğınlar tarixdə dövlət tərəfindən həyata keçirilən ən dəhşətli soyqırımı cinayətləridir.
İstedadlı tədqiqatçı Fəxri Valehoğlunun oxuculara təqdim olunan "Tiflis quberniyasında azərbaycanlılara qarşı 1905-ci il kütləvi qırğınları" kitabında Azərbaycan xalqına qarşı soyqırımları tarixinin yeni səhifələri açılır. Alim ilk dəfə olaraq ermənilərin Tiflis quberniyasında, o cümlədən Tiflisin özündə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlarının tarixini ayrıca bir tədqiqat mövzusu kimi qələmə alır. Məhz bu baxımdan Fəxri Valehoğlunun “Tiflis quberniyasında azərbaycanlılara qarşı 1905-ci il kütləvi qırğınları” kitabı olduqca gərəkli bir əsərdir. Əsərdə çox qiymətli və oxuculara indiyədək məlum olmayan fakt materialları verilir. Müəllifin 1905-1906-cı illərdə gürcü və rus mətbuatında dərc olunmuş materiallar və arxiv sənədləri əsasında aşkara çıxardığı çoxsaylı və olduqca qiymətli faktlar sübut edir ki, bəhs olunan dövrdə Cənubi Qafqazın başqa yerlərində olduğu kimi, Tiflis quberniyasında da azərbaycanlılara qarşı dəhşətli soyqırımları həyata keçirilmişdir. Həmin faktlardan aşağıdakılar diqqəti daha çox cəlb edir:
Pəmbək və Zəngəzur mahallarında azərbaycanlılara qarşı soyqırımı:
20 sentyabr 1905-ci ildə Pəmbək mahalının Qursalı, Xancığaz və Gözəldərə kəndlərinin çörək dalınca yaxınlıqda yerləşən Cəngi kəndinə gedən 20 azərbaycanlı sakini erməni silahlıları tərəfindən güllələnərək quyuya doldurulur.
Yenə həmin ildə Zəngəzur qəzasının Sisyan kəndində 190, Dərəbas kəndində 278, Kürtlər kəndində isə 120 azərbaycanlı sakin ermənilər tərəfindən qətlə yetirilir.
Azərbaycanlılara qarşı Tiflis soyqırımı:
Cənubi Qafqazın digər bölgələrində (Bakı, Şamaxı, Quba, İrəvan, Naxçıvan, Qarabağ, Zəngəzur, Gəncə və s.) azərbaycanlılara qarşı baş vermiş kütləvi qırğınların həmin dövrdə erməni millətçiliyinin mərkəzi olan Tiflisə də keçməsinin qarşısını almaq üçün şəhərin azərbaycanlı ziyalıları nə qədər səy göstərsələr də (erməni ziyalılarının tam əksinə olaraq!) bu, mümkün olmur. 22 noyabr 1905-ci ildə ermənilər şəhərdə çaxnaşma yaradır. Əvvəlcədən düşünülmüş plana uyğun olaraq, “Daşnaksutyun” terror təşkilatının silahlı dəstələri Tiflis yüksəkliklərində mövqe tutub şəhərin azərbaycanlılar yaşayan Şeytanbazar məhəlləsini gülləboran edirlər.
Şəhər küçələrində sərbəst gəzib-dolaşan silahlı daşnaklar hakim dairələrin gözləri qarşısında guya “qanun mühafizəçiləri”, “gözətçilər” kimi özbaşınalıqlar edir, yoldan keçənlərin üstlərini yoxlayır, azərbaycanlıları isə gördükləri yerdəcə güllələyirlər.
“Daşnaksutyun”un rəhbərlərindən olan “məşhur” terrorçu Armen Qaronun (Qaregin Pastırmacyanın) başçılıq etdiyi 500 nəfərlik silahlı quldur dəstəsi xüsusi amansızlıq göstərir. Soyqırımları noyabrın 23-də daha dəhşətli xarakter alır. Şəhərin küçələri vəhşicəsinə qətlə yetirilmiş dinc, əliyalın və günahsız azərbaycanlı sakinlərin meyitləri ilə dolur. Hadisələrin canlı şahidi olan tanınmış gürcü publisistləri və ictimai xadimlərinin soyqırımlarının qarşısını almaq üçün etdikləri müraciətlər də heç bir nəticə vermir. Daşnakların qəddarlığından heyrətə gələn gürcü ictimaiyyəti nümayəndələrinin “barbarcasına qırğında” iştirak edənlərin cəzalandırılması və “Daşnaksutyun”un əsl simasının təhqiq olunması tələbi ilə mətbuat vasitəsilə siyasi təşkilatlara ünvanlanmış açıq məktubları Cənubi Qafqazı qan çanağına döndərənlərin gerçək sifətini üzə çıxarırdı.
Gürcü ictimai xadimləri mətbuatda dərc olunmuş daha bir müraciətlərində isə 29 noyabrda gürcüdilli “Tsnobis purtseli” qəzetinin redaksiyası önündə, onların gözü qarşısında silahsızsuçsuz azərbaycanlıların daşnaklar tərəfdən öldürülməsinə cavab verilməsini tələb edirdilər. Müraciətin bir yerində deyilirdi: “Dünən bizim redaksiyanın qarşısında dəhşətli qətl hadisəsi baş verdi. İki tatar fəhləsi canlarını qurtarmaq üçün gizlənməyə yer axtarırdı... Bizim mətbəənin işçiləri biçarələri çağırırdılar:
“ - Buraya gəlin!”. Amma, nə faydası, bu zaman erməni “gözətçiləri” tatarları gördülər və güllələdilər… İki silahsız tatarı… silahlanmış güruh … rəhmsizcəsinə öldürdü. Öldürməklə ürəkləri soyumadı, ruhsuz cəsədləri dəyənəklərlə döyməyə və bıçaqlamağa başladılar, cəsədləri təhqir etdilər. Sonra “gözətçilər” cəsədin birini götürüb Kürə atdılar... Bütün bunlar “Daşnaksutyun” partiyasının adı ilə baş verir...”.
1905-ci il noyabrın 27-də Borçalının cənubunda – Lorudakı Allahverdi-Elyar misəritmə zavodunda azərbaycanlı fəhlələrə qarşı kütləvi qətllər törədilir. Zavodda çalışan erməni işçilər törədiləcək qətliam barədə əvvəlcədən məlumatlandırılır və işə çıxmırlar. Həmin gün böyük bir silahlı erməni dəstəsi zavodu mühasirəyə alır və onun 16 nəfər azərbaycanlı işçisini qətlə yetirir. Bu soyqırım aktı, həm də, erməni fəhlələrinin öz iş yoldaşlarına xəyanətkar münasibətinin göstəricisi idi.
Tiflis azərbaycanlılarına qarşı soyqırımının daha böyük miqyas almasının qarşısını Borçalıda erməni quldurlarına qarşı baş qaldırmış xalq hərəkatı alır. Xalq hərəkatının iştirakçıları Qarayazıda, Başkeçiddə və Sarvan ətrafında “Daşnaksutyun”u maliyyələşdirən tiflisli varlı erməni sahibkarlarının obyektlərini (fermaları, xutorları, zavodları və s.) dağıdırlar. Ancaq bu zaman bir nəfər də olsun dinc erməniyə xəsarət yetirilmir! Çox keçmədən hərəkat genişlənir. Dərhal mahalda yaşayan döyüşkən qarapapaqlar tərəfindən könüllü süvari müdafiə dəstələri toplanır və Tiflisdəki soydaşlarına kömək üçün göndərilir. Borçalıların Tiflisə gəlib Şeytanbazarda döyüş mövqeyi tutması və erməni silahlı dəstələrilə açıq döyüşə girməsi Tiflis ermənilərini vəlvələyə salır. Erməni məhəllələri panikaya düşüb boşalır, onların sakinləri isə rus və gürcü məhəllələrinə sığınır. Azərbaycanlı özünümüdafiə dəstələri ilə açıq silahlı döyüşə girməyə cəsarət etməyən erməni-terrorçu dəstələri 29 noyabrda Şeytanbazarda böyük yanğın törədirlər. Yeri gəlmişkən, bu zaman azərbaycanlılara məxsus evlər və mülklərlə yanaşı yunan kilsəsi də yandırılır.
Borçalıların Tiflisə yürüməsi nəticəsində hadisələrin gedişində gözlənilmədən dönüşün baş verdiyini görən və bundan əvvəl azərbaycanlılara qarşı soyqırımına göz yuman yerli hakimiyyət strukturları dərhal “sülh təşəbbüsü” ilə əl-ayağa düşür.
Danışıqlar başlanır, eyni zamanda, şəhərə əlavə hərbi qüvvələr yeridilir. Müsəlman və erməni məhəllələrində sülh çağırışlı mitinqlər təşkil edilir. Dekabrın 1-də barışıq əldə olunur. Tiflisdə və Borçalıda erməni terrorçularına qarşı özünümüdafiə dəstələrinin təşkil edilməsində general-leytenant İsrafil bəy Yadigarovun oğlulları – general-mayor Həsən bəy Yadigarov və poruçik Hüseyn bəy Yadigarovun başçılığı ilə Borçalı ağaları və bəyləri aparıcı rol oynayırdı. Hüseyn bəy Yadigarov özünün Şeytanbazardakı Vorontsov küçəsində yerləşən evindən şəhərin azərbaycanlı özünümüdafiə dəstələrinə rəhbərlik edirdi. Həsən bəy Yadigarov isə Borçalıda baş qaldırmış xalq hərəkatına başçılıq edirdi.
Tiflis soyqırımı zamanı şəhərin azərbaycanlı əhalisinin xeyli hissəsi məhv edildi. Şəhərin azərbaycanlı əhalisi, həm də, çox ağır ruhi-mənəvi zərbəyə də məruz qaldı. Təsadüfi deyil ki, barışıq əldə olunduqdan az sonra Zaqafqaziya şeyxülislamı Axund Əbdüssəlam Axundzadənin 18 yaşlı qızı aldığı əsəb sarsıntısından dünyasını dəyişdi, şeyxülislamın özü isə baş verən qanlı hadisələr nəticəsində ağır xəstələnib vəzifəsini tərk etmək məcburiyyətində qaldı...
Fəxri Valehoğlunun araşdırmaları bir daha sübut edir ki, 1905-ci il Borçalı xalq hərəkatı xalqımızın erməni təcavüzünə qarşı müqavimət və mübarizə tarixinin şərəfli səhifələrindəndir
Vahid Ömərov
f.f.d.dosent
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB