"COVID-19-la bağlı insanlara psixoloji yardımlar göstərilməlidir" ÖZƏL - MÜNASİBƏT

"COVID-19-la bağlı insanlara psixoloji yardımlar göstərilməlidir" ÖZƏL - MÜNASİBƏT

"İnsanlara psixoloji yardımlar göstərilsin. Ümumiyyətlə, belə bir mərkəz təşkil edilsin. İnsanlar bu mərkəzlərdə psixoloji yardımlar alsın". Bu sözləri SİA-ya açıqlamasında "Yoluxucu Xəstəliklərlə Mübarizə" İctimai Birliyinin sədri, həkim Fikrət Xəlilov pandemiya ilə əlaqədar insanlarda yaranmış inamsızlığın necə aradan qaldırıla biləcəyi haqqında danışarkən deyib.

Onun sözlərinə görə, bu inamsızlığın mənbəyində əsas etibarilə pandemiyanın gözlənilməz karakter daşıması dayanır və heç kəsin zərrə qədər belə olsa vəziyyətin axarını müəyyənləşdirə bilməməsindən irəli gəlir: "Heç kəsin gözləmədiyi bir hadisədir bu pandemiyanın ortaya çıxması. Dünya ictimaiyyəti anidən bununla qarşılaşdı və heç kəs təsəvvür edə bilməzdi ki, dünyada insanlar və dövlətlər belə biri-birindən təcrid olunacaq. Vəziyyətin bu yerə gəlib çıxacağını heç kəs ağlının ucundan belə keçirdə bilməzdi. Bu birdən-birə baş vermiş böyük bir hadisədir. Ona görə də insanlar bir balaca çaşqın vəziyyətdə qalıb".

Fikrət Xəlilov insanlardakı bu inamsızlığın və çaşqınlığın aradan qaldırılması üçün tətbiq oluna biləcək üsullardan danışıb və bildirib ki, bu halda vətəndaşlara psixoloji yardımların göstərilməsi daha effektli ola bilər: "Bu məsələ ilə bağlı danışarkən, mən həmişə məsləhət görmüşəm ki, insanlara psixoloji yardımlar göstərilsin. Ümumiyyətlə, belə bir mərkəz təşkil edilsin. İnsanlar bu mərkəzlərdə psixoloji yardımlar alsın. Təbii ki, bu dövlət səviyyəsində təşkil olunmalıdır. Ölkəmizdə çoxlu sayda savadlı və yaxşı psixoloqlar var. Onların iştirakı ilə mərkəzlər təşkil etmək lazımdır. Əsas etibarilə isə xidmət onlayn qaydada aparılmalıdır ki, insanlarımız uzaqdan və sosial məsafəni saxlayaraq da psixoloji yardımlar ala bilsin".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə