MUXTAR NAĞIYEV,
YAP Səbail rayon təşkilatının sədrinin birinci müavin
1993-cü ilin 15 iyun şadisələrindən 27 il ötür. Tariximizin zirvəsi olan 15 iyun Milli Qurtuluş Günü adi bayramlardan deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir hadisədir. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin məntiqi sonluğudur. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daima xalqına arxalanan və xalqına arxa- dayaq olan Dahi Lider Heydər Əliyevdir.
"Xalq 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı"
1993-cü ilin ortalarına doğru ölkədə hakimiyyət böhranı getdikcə daha kəskin xarakter alırdı. Bu dövrdə hakimiyyətdə olan qüvvələr öz səriştəsiz əməlləri ilə Azərbaycanın müstəqilliyi üçün təhlükə yaratdılar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müstəqilliyimizin bu mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".
1993-cü ildə xalqın xahiş və tələbi ilə Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynamışdır. 1993-cü ildə "olum, ya ölüm" ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilmişdir.
Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etmiş, ömür yolu doğma vətənə xidmət nümunəsinə çevrilmişdir. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutmuşdur. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırmışdır. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilmişdir. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir.
"Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyib meydana atılan böyük ürəkli Vətən oğlunun bu addımı öz xalqı və Vətəni qarşısında misilsiz fədakarlığı idi"
15 iyun - Qurtuluş günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Milli Məclisin həmin tarixi qərarında deyilir: "Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi".
Həmin vaxtdan bu günə qədər Ümummilli Liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etmiş, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq gələcəyə inamla baxan güclü bir dövlətə çevrilmişdir. Bu illərdə Heydər Əliyevin gərgin zəhmət, əzm və siyasi iradə sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir.
Həqiqətən də sübut olundu ki, müstəqilliyi qoruyub saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətindir
Ulu Öndər Heydər Əliyev 15 iyun tarixi barədə danışakrən vurğuylayıb ki, bu hadisə zərurətdən doğan bir faktor idi. Belə ki, 28 may Respublika Günü münasibəti ilə 2001-ci il mayın 26-da keçirilmiş tədbirdə bu barədə belə demişdir: "1991-ci ildə müstəqilliyi elan etmək çətin bir məsələ deyildi. Çünki bu, tarixi zərurətdən irəli gəlmiş bir hadisə idi. SSRİ dağılırdı, istəsən də, istəməsən də sən öz respublikanın aqibətini müəyyən etməli idin. Burada da müstəqillikdən savayı başqa yol yox idi. Amma bu müstəqilliyi qoruyub saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi".
Müstəqillik yoluna qədəm qoymuş respublikamızın qarşısında yeni mərhələdə tarixi vəzifələr dururdu. Tarix bu vəzifələrin yerinə yetirilməsi üçün ölkənin intellektual, sosial - iqtisadi potensialından, ictimai-siyasi qüvvələrindən səmərəli istifadə olunmasını tələb edirdi. Heydər Əliyevin 2001-ci il 20 mart tarixli fərmanında bu barədə deyilir: "Təəssüf ki, 1991-1993-cü illərdə bu istiqamətdə bu barədə heç bir iş aparılmadı. Müstəqil Azərbaycan dövlətinin keçdiyi yeni mərhələdə ölkənin iqtisadi, siyasi maraqları, təhlükəsizliyi, ərazi bütövlüyünün təmin olunması ilə bir araya sığmayan daxili və xarici siyasəti müstəqil dövlətçiliyə, onun sonrakı taleyinə ağır zərbələr vurdu. Azərbaycanda Ermənistanın təcavüzü ilə yanaşı, daxili ictimai sabitlik də pozulmuş, müxtəlif qanunsuz silahlı dəstələr yaradılmış və ölkənin daxilində qızğın hakimiyyət çəkişməsi başlanmışdı".
Bu QAYIDIŞ, sözün həqiqi mənasında, Azərbaycan millətinin və dövlətçiliyinin qurtuluşu oldu
Bəli, bu QAYIDIŞ, sözün həqiqi mənasında, Azərbaycan millətinin və dövlətçiliyinin qurtuluşu oldu. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının dövlətçiliyimiz üçün misilsiz əhəmiyyəti oldu. O, cəmi 4 ay Ali Sovetin sədri vəzifəsində çalışsa da, bu qısa müddətdə qanunverici orqana siyasi mədəniyyət gətirdi, parlamentin ruhunu kökündən dəyişdi. Onun təşəbbüsü ilə parlamentdə müstəqil dövlətimiz üçün həyati əhəmiyyətli qanunlar qəbul olundu. Heydər Əliyev Prezident seçildikdən sonra da parlamentlə sıx əlaqə saxladı, yüksək səviyyəli Prezident-parlament münasibətlərinin dövlətçiliyimizin daha da möhkəmlənməsinə, xalqın rifah halının yaxşılaşmasına xidmət etməsi üçün səylərini əsirgəmirdi. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədəki xaos və anarxiya qısa zamanda aradan qaldırıldı. Separatçıların ölkəni parçalamaq kimi məkrli niyyətlərinə son qoyuldu. Dövlətçilik prinsipləri tədricən bərpa olundu. Milli ordu quruculuğu sahəsində mühüm işlər görüldü. Cəbhədə atəşkəs elan olundu. Dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul olundu. Azad və demokratik şəraitdə Prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Ölkədə demokratik dəyişikliklər aparıldı. Hüquq-mühafizə, məhkəmə sistemi yenidən quruldu. Dünyanın tanınmış neft şirkətləri ilə "Əsrin müqaviləsi" imzalandı. Ölkəmizə investisiya axını başlandı. Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə bütöv bir regionun iqtisadi simasını dəyişə biləcək Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərlərinin çəkilişinə start verildi. İqtisadiyyatın dirçəldilməsi üçün konkret addımlar atıldı. Sənayedə, kənd təsərrüfatında islahatlar aparıldı, torpaq kəndliyə verildi. 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" ölkənin neft strategiyasının reallaşmasına imkan yaratdı. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyətə başlaması ölkənin böyük strateji uğuru oldu. Azərbaycan regionda lider dövlətə çevrildi və indi regiondakı bütün beynəlxalq layihələrdə uğurla iştirak edir.
Ulu Öndər tərəfindən yaradılan Azərbsycsn Konstitusiyası dövlət mülkiyyəti üzərində dölətsizləşdirmə siyasətini özündə ehtiva edir. Bunun nəticəsində yaranmış yeni iqtisadi sistemin tərkib hissəsi olan xüsusi mülkiyyətin dövlət mülkiyyətindən daha səmərəli idarə olunduğunu və cəmiyyətin maraqları üçün daha əhəmiyyətli olduğunu təsdiq edir. Ölkədə məhsul istehsalında və büdcəyə ödəmələrdə xüsusi mülkiyyətin payı ildən ilə artır.
Ölkədə həyata keçirilən sosial iqtisadi reformalar nəticəsində iqtisadi dirçəliş özünü göstərməyə başladı: sənaye istehsalı, tikinti, kənd təsərrüfatı dirçəldi. Dirçəlişin əsas şərtlərindən biri ölkə ərazisində keçirilən özəlləşdirmə prosesi idi. Yeni mülkiyyətçi təbəqə formalaşdı və investisiya mühitinin yeni əlverişli mərhələyə daxil olması təmin edildi. Özəlləşdirmə siyasəti ardıcıl və qətiyyətlə aparıldı ki, bu da qısa müddət ərzində ölkədə orta və kiçik müəssisələr, vətəndaşların mənzilləri özəlləşdirildi. Torpaq islahatlarının aparılması üçün zəruri olan çoxlu qanunlar qəbul edilməsi kənd təsərrüfatı torpaqlarının vətəndaşlar tərəfindən özəlləşdirillməsinə əsaslı zəmin yaratdı. Kəndin yeni iqtisadi münasibətlərə tərəf dönüşü müstəqilliyimizin böyük nailiyyəti oldu. Yaranan yeni sahibkarlar sinfi müstəqil dövlətimizin iqtisadi dayaqlarından biri oldu.
Ulu Öndər Heydər Əlyevin dünya miqyasında böyük siyasi xadim kimi tanınması Azərbaycan diplomatiyasının uğur qazanmasında əhəmiyyətli rol oynadı. Dünyanın ən böyük dövlətlərinin prezidentləri, həmin dövlətlərlə müqayisədə əhalisinin sayına və ərazisinin miqyasına görə çox kiçik görünən yeni müstəqillik qazanmış Azərbaycan respublikasının Prezidenti Heydər Əliyev ilə bərabər hüquqi danışıqlar apardılar. Bu Böyük Şəxsiyyət Heydər Əliyev nüfuzunun siyasi gücünü göstərirdi. Azərbaycan respublikasının beynəlxalq aləm tərəfindən qəbul olunması təsdiq edildi. Dahi Lider Heydər Əliyev siyasi dühası və müstəqil dövlətimizin tarixindəki mühüm xidməti onun ardıcıl olaraq diplomatik qələbələr qazanmaq, ikili standartlar siyasətini neytrallaşdırmaq üçün lazımi yollar tapması idi. O beynəlxalq təzyiqləri daxildə siyasi çevriliş cəhdlərini səbrlə və məharətlə aradan qaldırırdı. İstər neft strategiyasında , istər müstəqil xarici və daxili siyasətin yeridilməsində ona kifayət qədər müqavimət göstərən qüvvələr ortaya gəlirdi. Amma xalqın müdrik oğlu seçdiyi müstəqillik kursunu ləyaqətlə irəli aparır və uğur qazanırdı. Xarici siyasərdə hər hansı ifratı, dözümsüzlüyü yol verilməz hesab edirdi.
Ulu Öndər Heydər Əliyevin xarici siyasət kursuna neft strategiyasına bu gün də heyran qalmamaq çətindir. Müharibə şəraitində olan ölkəyə dünyanın ən nüfuzlu investorların cəlb etmək, dəyəri milyardlarla ölçülən layihələri reallaşdırmaq böyük diplomatik məharətin nəticəsi idi. Lakin bu layihələrin baş tutmasını istəməyən bütün qüvvələrin planları alt-üst oldu. Xəzərin neft ehtiyatlarının istismarı üçün külli miqdarda vəsait xərcləndi. Əsrin ən əhəmiyyətli layihəsi olan Bakı-Tbilisi-Ceyhan boru xətti qısa bir zamanda tikilib istifadəyə verildi. Bu gün artıq vətəndaşlarımız bu strategiyanın bəhrəsini öz ailələrinin büdcələrində hiss edirlər.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB