Məlum olduğu kimi, qıpçaq döyüşçüləri 1106-cı ildə Qurucu David tərəfindən əsası qoyulmuş məşhur Gelat kompleksinin güclü divarlarının tikintisində fəal iştirak etmişlər. Düşməndən güclü müdafiə qalasının tikintisi zamanı onlar xalqın hörmətini qazanmış, öldükdən sonra onları müqəddəs yerlərdə dəfn etmişlər. Bunu Gürcüstanın cənubunda Axalsix şəhərindəki Rabat qalasının daxilində tapılan unikal arxeoloji eksponatlar qıpçaq döyüşçulərinə məxsus olan ox uzluqları, yay və qılıncdır. Qala yaxınlığında qoç başlarının təsviri olan abidələr bu regionda qıpçaqların həyat fəaliyyətindən xəbər verir.
Qıpçaqlar bir çox türk etnoslarının – qazaxların, qırqızların, qaraqalpaqların, tatarların, başqırların, kumıkların, qaraçaylıların, balkarların, noqayların, krım tatarlarının əcdadlarıdır. Borcalı azərbaycanlılarının və Ahıska türklərinin etnogenezisində də qıpçaq elementləri güclüdür. Eyni zamanda Azərbaycanın Eldənizlər sülaləsi də Qafqaz qıpçaqları ilə bağlıdır.
Mənbələrdə ermənilərin qıpçaqlarla “bağlılığı” da diqqəti çəkir. Bu isə əsil qalmaqala səbəb olmuşdur. Eduard Vartanov “Rəsmi Rostov” qəzetinin 12 fevral 2003-cü il sayında “Ermənilərin köçürülməsi haqqında əfsanə” adlı məqalə yazmışdır. Müəllif tarixi mənbələrə əsaslanaraq yazır ki, “ermənilər tərəfindən Qara dəniz ətrafı və Rusiyanın Cənubunu mənimsəməsi haqqında dəlil” heç bir əsası olmayan uydurulmuş tarixdir. E.Vartanov bir şeydə səhv edir ki, əslində Gürcüstanda pravoslav xristianlığı qəbul etmiş qıpçaqların “erməni-qriqorian xristianlığı qəbul etmiş erməni-qıpçaqlar” adlandırır. Müəllif onların türk leksikası, adət və ənənələrindən fərqlənmədiyini, milli geymlərinə görə tatarlara bənzədiklərini qeyd edərək yazır: “Ermənilər tarixi Ermənistan haqqında heç nə bilmirlər. Buradan da indiyədək mövcüd olan yadlaşma özünü göstərir. Buna görə də onlar xüsusi etnos olaraq qalırlar”. Bu məqalə ciddi elmi dairələrdə sensassiya doğurmasa da Ermənistanda çox qəzəblə qarşılandı. Çünki onun məzmunu “erməni-qıpçaqların” mənşəyinin ermənilərdən yaranmasını irəli sürən ermənişünaslıq konsepsiyası ilə ziddiyyət təşkil edirdi.
Qərbi Azərbaycanda - müasir Ermənistanın Şirak əyalətinin Artiksk rayonunun Arıç kəndində (vaxtilə Qıpçaq adlanırdı) XII əsrdə monastr yaranmışdır. Ermənilər onu Xkçavank (Qıpçaq monastrı) adlandırmışlar. Bizcə, bunlar xristian qıpçaqlardır ki, onlar Qərbi Azərbaycanda alban monastır kompleksi tikmişlər.
Orta əsrlərdə Gürcüstan ortodoksal xristianlığın hakim olduğu bir ölkə idi. Qıpçaqlar müxtəlif monarxlara o cümlədən məşhur çariça Tamaranın hakimiyyəti dövründə də onu sədaqətlə qulluq etmişlər. Gürcü cəmiyyətinə assimilyasiya olunan qıpçaqlar – nogivcaqara – keçmiş qıpçaqlar adlanırdı. P.B.Qolden “Orta əsr Avrasiya qıpçaqlarının dini” adlı məqaləsində yazır: “Qıpçaqların bir hissəsi xristianlıqla hələ Avrasiya çöllərində köçərilikləri zamanı tanış idilər. Çox az ehtimal etmək olar ki, “kilsə” terminini işlətmişlər. Bundan başqa münkündür ki, xristianlığın digər, yerli mənbələri də Qərbi Avrasiyada kumanlara təsir etmişdir. Onların qonşuları və müttəfiqləri Şimali Qafqaz regionunda yaşayan alanlar bir necə yüzilliklər ərzində xristian təsirinə məruz qalmışlar”.
Qıpçaq kəndi erməni saxtakarları tərəfindən Ariç adlandırılmışdır.
Bu monastrın yanında alban kilsəsi tikilmişdir. Monastır kompleksi XII əsrdə alban knyazları İvane və Zaxare Zaxaridlər (ermənilər isə tarixi faktı təhrif edərək Zaxaryan yazırlar) tərəfindən tikdirilmişdir.
Qıpçaqlar Gürcüstanla yanaşı, Azərbaycanda və Dağıstanda da yaşamışlar. Qədim gürcü mənbələrində - “Kartlis sxovroba” ona daxil olan “Kartlinin müraciətləri”, “Kartli çarlarının həyatı” salnamələrində türklərin Gürcüstana birinci axınının eramızdan əvvəl VII-IV əsrlərdə baş verdiyi göstərilir. “Kartlis sxovreba” da deyilir ki, Gürcüstana türklərin axınının ikinci dalğası XI əsrə təsaduf olunur. “Çarlar çarı Davidin həyatı” adlanan salnamənin müəllifi yazır ki, Gürcüstan çarı David IV Ağmaşenebeli (Qurucu) səlcuq imperiyasının oğuz türklərinə qarşı mübarizə aparmaq üçün türk-qıpçaqları dəvət etmiş və onları (200 000 min nəfər) Borçalıda və ətraf bölgələrdə yerləşdirilmişdir. Həmin dövrdə Gürcüstanda gürcülərin sayı 1 milyon nəfərdən artıq deyildi. Bunların arasında assimilyasiyalaşmış türklər də var idi. Xristian türklər-qıpçaqlar Gürcüstanın tarixində böyük rol oynamış, onun dövlətçiliyinin qorunmasında həlledici əhəmiyyət kəsb etmişdir.
David Qurucu haqqında salnamədə deyilir ki, çar polovetslərin (qıpçaqların) başçısı Atrakın qızı Quranduxtla evlənir, Quranduxt Gürcüstanın çariçəsi olur. Atrak Davidə igid, sədaqətli qıpçaqları ailələrilə göndərir. Çar onları atla, silahla təmin edir. İgidlik göstərənlərə qul bağışlayır. 5 minə yaxın sədaqətli və igid qıpçaq xristianlığı qəbul edir. Polovetslərin (qıpçaqların) özlərini xristianlığın qəbul edənlərin sayı günü-gündən artır, çox saylı kütlə İsa peyğəmbərə üz tutur.
Göründüyü kimi, türk-qıpçaqlar xristianlığı qəbul edib təkcə Qurucu Davidə deyil, onun nəslindən olan çarlara da sədaqətlə xidmət etmişlər.
Qıpçaqların köməyilə çar Didqori döyüşündə səlcuqlara qalib gəlmiş, Tiflisi, Dumanisi və Anini Gürcüstana qatmışdır. Qıpçaqlar “çar Davidin nəslinə qullluq etmiş, “qızıl əsrdə” Gürcüstanın bir çox hərbi sərkərdələri qıpçaq mənşəli olmuşlar. Məhz qıpçaqlar çar David Ağmaşenebelinin nəvəsi III Giorginin başçılıq etdiyi yeganə gürcü dövlətini ona qarşı çıxan əmisi oğlu ermənilərə və Cənubi Qafqazın feodalarına arxalanan şahzadə Demnının qiyamından xilas etmişlər. Qiyamın yatırılmasına Şimal Azərbaycan hökmdarı Şirvanşah I Axsitan öz ordusu ilə kömək etmişdir.
Firudin Gəlilov “Xristian kuman-qıpçak bouları” məqaləsində yazır: “Qıpçaq türklərindən grigoryan xristianlığını qəbul etmiş boylarının tarixi, etnoqrafiyası və dili XIX-XX əsrlərdə türkoloji tədqiqatlardan kənarda qalmış, müsəlman qıpçaqlardan fərqli olaraq, bu xristian toplumun çoxsaylı yazılı qaynaqlarına önəm verilməmiş, bu sahədə yaranmış boşluq qıpçaqları türk kimliyindən ayırmaq üçün "erməni qıpçaqlar" adı ilə aparılan araşdırmalarla dolmuşdur. Grigoryan qıpçaqdilli mətnləri türkcə sözlüklər, tarixi rəvayətlər, qanun-törə bitikləri, məhkəmə sənədləri, dini ədəbiyat, atalar sözləri, tap - macalar və sair mövzuları əhatə edən çoxsaylı tarixi qaynaqlar olmasına baxmayaraq, indiyəcən sistemli şəkildə araşdırılmamışdır. Bu qədər zəngin yazılı qaynaqları olan xristian qıpçaqların tarixi öyrənilmədiyi kimi, türkoloji baxımdan dili-ədəbiyatı da araşdırılıb öyrənilməmişdir. Azərbaycanda olduğu kimi, Türkiyə uzmanlar da bu toplumun varlığını görməzdən gəlmiş, türk etnosunun önəmli parçası olan xristian qıpçaqlara "dini təəssüblə" xor baxmışlar. Bu yöndə rus və avropalı türkoloqlar tərəfindən xristian qıpçaqların türkcə danışan başqa etnos kimi (hay, yunan və b.) təqdim olunması siyasəti də öz məkrli rolunu oynamışdır. Ötə yandan, müəyən tarixi çağlarda geosiyasi nədənlər daxilində müsəlman türk soydaşları tərəfindən "sası dinli kafir" - deyə, dışlanan grigoryan qıpçaqlardan bəzi toplumların erməni adı ilə sonradan haylaşması olayı da bir gerçəklikdir.
Əvvəllər doğuya köçən kuman boylarından bəziləri Xəzər dövləti dağılandan sonra başqa boylarla birlikdə batıya üz tutdu. Bu köçün əsl səbəbini XI əsrin tarixçiləri əl-Marvazi və Efesli Matvey belə izah edirlər ki, kayı boyu tərəfindən sıxışdırılan sarı boyları türkmən, quz və peçeneq yurdlarına doğru getdilər. Onlar Aralüstü bölgələrdəki qıpçaqlara birləşib İtil çayını keçdilər.
Qıpçaqların VIII-X əsrlərdə ortaya çıxması haqqında olan yorumlar elmi ədəbiyatda geniş yayılmışdır: X əsrdə Kimak elindən ayrılan qıpçaq boylarından bir qisminin Urala gedib başqord xalqının, bir qisminin də Aral ətrafında bəzi türk xalqlarının (qazax, qaraqalpaq, özbək) yaranmasında iştirak etməsi göstərilir, Tobol-İrtış çayları arasında Sibir tatarlarına qarışmasından, İtil bulqarlarına qoşulanların Kazan tatarlarının yaranmasındakı rolundan bəhs olunur. Qıpçaqların bir qismi də XII əsrdə Kırımda, Dunay qıyılarında oturub bir sıra xanlıq, bəylik qurmuşlar. Bir çox yerə yayılsalar da, Qaradəniz quzeyində və Qafqaz bölgələrində daha önəmli güc sahibi olmuşlar. Kuman adı Kiçik Asiyada Kumma neş max, Kum - manni yazılışı ilə hələ m.ö. XIX-XVIII əsr lərə aid Boğazköy mətnlərində keçirdi, Van ilə Urmu arasındakı Kuman bəyliyi də m.ö. XIII-VIII əsrlərdə Asur yazılarının gündəmində idi”.
Vahid Ömərov
AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB