Azərbaycan vətəndaşları yüksək sosial məsuliyyət nümayiş etdirir

Azərbaycan vətəndaşları yüksək sosial məsuliyyət nümayiş etdirir

Azərbaycan dövləti pandemiya ilə mübarizədə digər dünya ölkələrinə örnək olacaq addımlar atır. Bu addımlar bir neçə istiqaməti əhatə edir. COVID-19 infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən bu ilin əvvəlindən zəruri qabaqlayıcı tədbirlərin görülməsinə başlanıb.

İlk növbədə, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması və güc strukturlarının bu işə cəlb edilməsi istiqamətində adminstrativ tədbirlərin həyata kecirilməsi çox düzgün qərardır. Dövlətimizin başçısı İlham Əliyev də qapalı yerlərdə tibbi maskadan istifadə edir. Bunu Prezidentin Tərtər və Ağcabədi rayonlarına səfəri zamanı da gördük. Dövlət başçısı tibbi maskadan istifadə etməklə həm də bir nümunə göstərdi. Vətəndaşların sağlam həyat şəraitinin, təhlükəsizliyinin təmin edilməsi və hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün də ən vacib və prioritet məsələdir.

Ölkəmiz öz vətəndaşlarının bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir. Dövlət orqanlarının fəaliyyətini əlaqələndirən Operativ Qərargahın yaradılması, bəzi ölkələrlə sərhədlərin bağlanması və gediş-gəliş təmaslarının məhdudlaşdırılması, karantin rejiminin tətbiqi və digər addımlar, eyni zamanda ölkədə sərt karantin rejiminin tətbiqi hazırkı dövrə kimi qarşıya qoyulan vəzifələri maksimum icra etməyə imkan verir. Həyata keçirilən tədbirlər bir tərəfdən virusun insan sağlamlığına təsirinin qarşısını almaq məqsədi daşıyırsa, digər tərəfdən iqtisadi subyektlərin, sahibkarların, kənd təsərrüfatı sahələrində əmək fəaliyyəti ilə məşğul olanların, işləməyənlərin maddi itkilərinin azaldılmasına və dövlət tərəfindən qarşılanmasına xidmət edir.

Hökumətimizin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur. Məhz bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planı həyata keçirilməsinə artıq başlanılmışdır. Lakin vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminə əməl etməməsinə görə, yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandığı səbəbindən, karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təklif hazırlanmışdır. həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır. Son sərtləşmənin yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığın olmamasına xidmət edir.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan vətəndaşları yüksək sosial məsuliyyət nümayiş etdirir. Etiraf etmək lazımdır ki, koronavirusla mübarizə çərçivəsində vətəndaşlardan tələb olunan sosial məsuliyyət o qədər də böyük əziyyət tələb etmir. Bu, tibbi maskalardan istifadə etmək, sosial məsafə saxlamaq, gigiyenik qaydalara əməl etməkdən ibarətdir. Bunların verəcəyi fayda hər bir insan üçün, bütövlükdə cəmiyyət üçün əhəmiyyətlidir.

Kərəm Sadıqov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti (SHXÇ) “Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzi MMC”nin Sabunçu rayon filialının direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə