Azərbaycanın atdığı addımlar beynəlxalq aləmdə təqdir olunur

Azərbaycanın atdığı addımlar beynəlxalq aləmdə təqdir olunur

Hər bir məsələnin həllində başlanğıc mərhələ önəmli rol oynayır. Dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri hər bir ölkənin malik olduğu imkanların təqdimatında, eyni zamanda, vəziyyətdən çıxmaq üçün düzgün istiqamətin seçilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan koronavirusa qarşı mübarizədə də kompleks tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verdiyini bir daha nümayiş etdirir. Azərbaycanın ilk gündən atdığı addımların beynəlxalq aləmdə təqdir olunması, Ümumdünya Səhiyyə Təşkilatı rəsmilərinin görülən işləri yüksək dəyərləndirmələri də səbəbsiz deyil.

Qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ölkəmizdə ilkin mərhələdə xəstəliyin geniş yayılmaması uğurlu addımlar sırasındadır. Mübarizəyə başlandığı gündən əsas çağırış məsuliyyətli olmaq, sosial məsafəni gözləmək, tibbi maskalardan istifadə etmək olub və həmin məsələlər bu gün də öz aktuallığını qoruyur. Ehtiyac duyulmadığı təqdirdə evdən çıxmamaq əsas tələblər sırasındandır. Koronavirusun həm insanların həyat tərzinə, həm də hər bir ölkənin iqtisadiyyatına böyük zərbə vurduğu halda, cənab İlham Əliyev əhalinin sağlamlığının qorunmasının prioritetliyini önə çəkərək bu istiqamətdə zəruri olan bütün addımları atdı. Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail oldular. Ölkəmizdə istifadəyə verilən iki müəssisə tibbi maska ilə yanaşı, tibbi spirt, dezinfeksiya məhsulları, qoruyucu kombinezonlar istehsal edir. Məhz ölkəmizdə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində tətbiq olunan karantin rejimində mərhələ-mərhələ yumşalmalar həyata keçirildi. Ölkəmiz aparılan testlərin sayına görə də öz birinciliyini qoruyur. Ümumiyyətlə, testlərin aparılması hər bir ölkəyə geniş imkan yaratdı ki, xəstələrinin sayını müəyyənləşdirsin, onlara operativ tibbi xidmət göstərsin və eyni zamanda, özünü bu dəhşətli bəladan qorusun.

Respublikamızda pandemiya şəraitində Prezident İlham Əliyevin tapşırığına əsasən, ən yaxşı və ən müasir texniki təchizata malik səhiyyə müəssisələri insanların sağlamlığının qorunmasına cəlb olunub. Ölkə üzrə belə xəstəxanaların sayı 20-dən çoxdur. Pandemiyaya qarşı mübarizənin səmərəliliyinin artırılmasında xəstəliyin erkən mərhələdə aşkarlanması mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə paytaxt Bakıda və bölgələrdə qısa müddətdə 23 laboratoriya yaradılıb və dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla təchiz edilib ki, bunun da sayəsində testlərin yüksək səviyyədə və dəqiqliklə keçirilməsi təmin olunur. Bu günlərdə cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrindən dövlət başçımızın ünvanına çoxsaylı minnətdarlıq məktubları daxil olur. Həmin məktublarda vətəndaşlar onların sağlamlığının və sosial müdafiəsinin qayğısına qaldığına görə Prezident İlham Əliyevə minnətdarlıq hisslərini ifadə edirlər. pandemiya ilə mübarizədə ölkəmizin nümunəsi beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Bunu pandemiya şəraitində Azərbaycanın sıx əməkdaşlıq etdiyi Ümumdünya Səhiyyə Təşkilatının dəyərləndirməsindən də görmək mümkündür.

Son günlər isə infeksiyaya yoluxma hallarının artması vətəndaşların daha diqqətli və məsuliyyətli olmasını zəruri edir. İnsanlar hökumətin qərar və tövsiyələrinə ciddi əməl etməlidirilər ki, koronavirus bəlasından daha tez xilas ola bilək.

Vəfa Əliyeva, 22 saylı Uşaq Poliklinikasının baş həkimi

Bütün xəbərlər Facebook səhifəmizdə