Vətənin xilası, xalqın qurtuluşu - 15 İYUN

Vətənin xilası, xalqın qurtuluşu - 15 İYUN

15 iyun - Milli Qurtuluş Günü... Düz 27 il bundan öncə, tarixin bü günü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçiliyimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edildi. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə ölkədə milli birliyə nail olundu, iqtisadi-siyasi həyatda ciddi uğurlara imza atıldı. Belə bir deyim var: adını tarixə yazanlar, adı ilə tarixi yazanlar. Ulu Öndər Heydər Əliyevin adı Azərbaycan tarixinə böyük hərflərlə həkk olunub. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu Azərbaycan xalqının Ümummilli Lideri kimi adını tarixə qızıl həriflərlə yazmış dahi Liderdir. Heydər Əliyev Azərbaycanın yüksəldən onu tanıtdıran, inkişaf etdirən Lider kimi hər birimizin qəlbində əbədiyyətə qədər yaşayacaqdır. Bugünkü Azərbaycanımız, müstəqilliyimizin möhkəmlənməsi və ölkəmizin lider dövlətə çevrilməsi, məhz Ulu Öndər Heydər Əliyevin müqayisə edilməyən siyasətinin məntiqi nəticəsidir. Lakin 1990-92-ci illərdə, səriştəsiz rəhbərlik, eyni zamanda, ölkədə yaradılmış bir çox siyasi qruplaşmalar, xaos, özbaşınalıq yaradaraq, Azərbaycanı uçuruma aparırdı, dövlətçilik, müstəqillik böyük təhlükə altında qalmışdı. Belə bir vaxtda xalq Heydər Əliyevin Azərbaycana qayıdışı tələbi ilə çıxış edirdi və bu tarix 1993-ci il iyunun 15-də Azərbaycanımızın salnaməsinə qızıl hərflərlə yazıldı.

Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən ölkə Prezidenti seçildi.

Heydər Əliyevin siyasi uzaqgörənliyinin zirvəsi - dövlətimizin inkişafını hamıdan yaxşı təmin edəcək yeni dövrün Lideri - İlham Əliyev

Bəli, bugün Azərbaycanda siyasi hakimiyyətin Heydər Əliyevin yaratdığı dövlətçilik təməli üzərində inkişaf etdirilməsi, möhkəmləndirilməsi zərurəti üzərində düşünərkən təsdiqini tapmış belə bir həqiqəti dərk edirik ki, Heydər Əliyevin siyasi

uzaqgörənliyinin zirvəsi onun özündən sonra siyasi kursunu hamıdan yaxşı davam etdirərək, Azərbaycanın müstəqilliyini hamıdan yaxşı qoruya biləcək, dövlətimizin inkişafını hamıdan yaxşı təmin edəcək yeni dövrün Liderini - İLHAM ƏLİYEVİ yetişdirməsi olmuşdur.

Azərbaycanı Qafqazın ən qüdrətli dövlətinə çevirmiş, ölkəsinin bütün sahələrdə qalibiyyət potensialını üzə çıxarmış Prezident İlham Əliyevlə Azərbaycan xalqı özünə ən etibarlı siyasi gələcək, mütərəqqi inkişaf yolunu seçdiyini təsdiqləyir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür. Onun 2003-cü ildə prezidentlik fəaliyyətinə başlaması Azərbaycanın tərəqqi və inkişaf yolu ilə irəliləməsində yeni mərhələ olmuşdur. Məhz o vaxtdan başlayaraq respublikada demokratikləşmə prosesləri genişlənmiş, ölkəmizin dünyaya transformasiya proseslərinə inteqrasiyası daha intensiv xarakter kəsb etmiş, milli iqtisadiyyatın daha da inkişafı üçün mühüm sosial-siyasi baza yaranmışdır. Heydər Əliyevin siyasət məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar sayəsində Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr olmuş, səmərəli intensiv islahatlar aparılmışdır. Prezident İlham Əliyev vurğulayıb: "Bizim təcrübəmiz onu göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. İqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir, ölkəmiz üçün çox lazım olan sabitliyi möhkəmləndirir, ictimai-siyasi vəziyyətə müsbət təsir göstərir".

Dövlətləri və millətləri birləşdirən uğurlu siyasət

Bəli, bu, Azərbaycan Prezidenti İlham Əliyev siyasətidir. Son aylar dünyanı çalxalayan koronavirus pandemiyasdir. zamanında Qoşulmama Hərəkatının Sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə Zirvə görüşününü keçirilməsi, ilk növbədə keçirilməsi ilk növbədə dövlət başçısının dünyada böyük nüfuza malik lider olmasının göstəricisidir. Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə təşkilata sədrliyi öz üzərinə götürən zaman Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaq.

Göründüyü kimi, bu Zirvə görüşü də bir daha göstərdi ki, Azərbaycan Prezidentinin sözü ilə əməli birdir. Zirvə görüşündə ölkə başçısı Azərbaycanın koronavirusla mübarizə modelini dünyaya təqdim edərkən faciənin qarşısının alınması üçün həmçinin, dünyaya yol göstərdi. Bu gün bütün sahələrdə olduğu kimi, koronavirusla mübarizə tədbirlərində də ölkəmiz dünyada özünəməxsus imic formalaşdırıb - Azərbaycan modeli. Bu reallıqdır. Çünki Azərbaycanın unikal təcrübəsi dünya tərəfindən qəbul edilir, bəyənilir. Həmçinin, reallaşdırılan sosial-iqtisadi dəstək proqramları, genişmiqyaslı antiböhran tədbirlər də beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Çünki Azərbaycan artıq beynəlxalq aləmdə inkişaf, tərəqqi, yüksəliş simvoluna çevrilir. Və bütün dünyanın etiraf etdiyi bu reallıq Prezident İlham Əliyevin fəaliyyətinə verilən haqlı və real qiymətdir. Və Azərbaycan dünya üçün qlobal düşüncəni təqdim etdi. Bu, həmçinin dövlətləri və millətləri birləşdirən siyasət oldu. Bu siyasət Azərbaycan tərəfindən təqdim olundu. Azərbaycanın gördüyü işlər təkcə bu gün yox, gələcəkdə də öyrəniləcək. Əlbəttə ki, bu bir fəxrdir, qürurdur!

Bəli, bütün bunların əsas mənbəyi isə məhz 15 iyun tarixindən doğan reallıqlardır. Və biz bir daha əminliklə deyə bilərik ki, əldə edlən inkişaf və tərəqqi müstəqil Azərbaycan uğrunda və Heydər Əliyevin ölməz ruhu qarşısında fədakarlıqla çalışmağın nəticəsidir.

Ulu Öndər Heydər Əliyevin özü vaxtilə müdrikcəsinə demişdir: "Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz".

Bu inam, bu qətiyyət Milli Qurtuluş gününün mənası və verdiyi ibrət dərsləridir. Bu onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla, irəliyə aparacaqdır.

Prezident İlham Əliyev: "Ona zaman da qalib gələ bilmədi"

"...Heydər Əliyev qalib idi. O, bütün döyüşlərdən qalib kimi çıxıb, heç kim ona qalib gələ bilməmişdir. Əslində, o, yeni güclə, yeni enerji ilə siyasi mübarizəyə qoşuldu, yenidən qələbə qazandı və tarixdə qalib kimi qaldı. Heç kim və heç nə ona qalib gələ bilmədi. Nə xarici düşmənlər, nə də Azərbaycanda özünü ona rəqib qismində təqdim etməyə çalışanlar, bəzi uğursuz siyasətçilər. Ona zaman da qalib gələ bilmədi!"

Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi bu fikirlər zaman keçdikcə öz əhəmiyyətini saxlamaqdadır və saxlayacaqdır. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan dünyanın döyünən ürəyinə, mərkəzinə çevrilən bir ölkə kimi beynəlxalq aləmdə də öz qətiyyətli sözünü deməkdədir. Çünki Ümummilli Lider Heydər Əliyev ideyaları sarsılmaz, dönməzdir və bu ideyalaları başda dövlət başçımız İlham Əliyev olmaqla, bütün xalqımız yaşadır. Bizlər də bu faktoru əsas götürərək Azərbaycanımızın çiçəklənməsi naminə Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı cənab İlham Əliyevin ətrafında daha da sıx birləşəcəyik.

Fürsətdən istifadə edərək mən də qürurlu azəbaycanlı kimi bütün xalqımızı qarşıdan gələn gələn bayram münasibəti ilə ürəkdən təbrik edirəm. BAYRAMLARINIZ MÜBARƏK BÖYÜK VƏ QÜDRƏTLİ AZƏRBAYCAN XALQI!

ZƏRİFƏ QULİYEVA,

YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə