Prezident İlham Əliyev: “Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir”
"Bu dövr ərzində bir daha demək istəyirəm ki, Azərbaycan beynəlxalq arenada siyasi cəhətdən özünü güclü dövlət kimi göstərdi, iqtisadi sahədə güclü dövlət kimi göstərdi, sosial sahədə güclü dövlət kimi göstərdi. Göstərdi ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur. Onu da bildirməliyəm ki, bu dövr ərzində aparıcı beynəlxalq maliyyə qurumlarının hesablamalarına görə, 150-dən çox ölkə beynəlxalq maliyyə qurumlarına yardımla bağlı müraciət edib. Azərbaycanın adı bu siyahıda yoxdur. Biz heç kimdən yardım almırıq, heç kimdən yardım istəmirik, biz kredit istəmirik. Ancaq yüksək texnoloji layihələrin həyata keçirilməsi üçün kredit ala bilərik, bizə məqbul olan şərtlərlə. Ona görə bütün parametrlər üzrə Azərbaycan liderlik göstərib. Bu liderlik artıq regionumuzun çərçivələrindən çoxdan çıxıb".
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 9-da üç modul tipli xəstəxananın açılışı zamanı deyib. Ancaq bu yerdə bu reallığı dönə-dönə vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev prezidentlik fəaliyyətinin son 17 ilində özünü dəfələrlə təsdiqləyib. Və təsdiqləyib ki, bu gün həyata keçirilən uğurlu siyasət, məhz Ümummilli Lider Heydər Əliyev siyasətini davamıdır. Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq yerinə düşər: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevıriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Ümummilli Lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".
Bəli, budur əsl siyasət, budur hər bir vətəndaşın Prezidenti olmaq!.
«Vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb"
Dövlət başçısı həftə sonu tətbiq olunan karantin rejimindən danışaraq vətəndaşları məsuliyyətli olmağa səsləyib: "İndi bütün ölkələrdə yumşaldıcı addımlar atılır, o cümlədən Azərbaycanda. Buna baxmayaraq, mən onu da demişdim ki, əgər görsək xəstələrin sayı kəskin artır, yenə də məhdudlaşdıracağıq. Bu məhdudlaşdırıcı addımların səbəbi də bəllidir. Bəzi insanlar məsuliyyətsizlik göstərirlər. Ancaq bütövlükdə deyə bilərəm ki, Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir. Şənbə-bazar günlərində xüsusi karantin rejimi bunu göstərdi, qayda pozuntuları çox cüzi sayda olmuşdur. Bu, onu göstərir ki, vətəndaşlar məsuliyyəti dərk edirlər. Ancaq hər bir vətəndaş bunu dərk etməlidir. Çünki bir məsuliyyətsiz vətəndaş yüz nəfəri yoluxdura bilir, onların və özünün həyatını risk altına ata bilir. Koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Həkimlərin ümumi rəyinə görə, peyvənd icad olunana qədər insanlar bu xəstəlikdən əziyyət çəkəcəklər. Ona görə biz də hazır olmalıyıq ki, yeni davranış qaydaları çərçivəsində yaşayaq. İndi bunun başqa yolu yoxdur. Bir daha demək istəyirəm ki, bu davranış qaydaları insanlara o qədər də əziyyət vermir. Sadəcə dediyim qaydalara əməl etmək və daha məsuliyyətli olmaq lazımdır".
"Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir"
Dövlət başçısı çıxışı zamanı hər bir sahədə xalqımızın həmrəydik və birlik nümayiş etdirdiyini bildirib: "Bildiyiniz kimi, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıbdır və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılmışdır. Ancaq bu gün sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manatı ötüb. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir. Ona görə mən özəl sektorun bu işlərdə fəal rolunu dəstəkləyirəm. Eyni zamanda, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu və digər ictimai təşkilatlar, sahibkarlar bu dövrdə maddi vəziyyəti aşağı olan insanlara humanitar yardım da göstərmişlər və bu proses davam edir. Amma hər kəs bilir ki, bu mübarizədə, əlbəttə ki, əsas yük Azərbaycan dövlətinin üzərinə düşür. Azərbaycan dövləti əlindən gələni edir ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək".
"Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır"
«Onu da bildirməliyəm, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır»-deyən dövlət başçısı bütün bunlar qabaqlayıcı tədbirlər nəticəsində əldə olunduğunu deyib: "Qabaqlayıcı bütün tədbirlər elə görülüb ki, biz ən çətin vəziyyətə hazır olaq. Bu məqsədlə yeni laboratoriyalar alınıbdır. Hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Koronavirus xəstələrini müalicə etmək üçün bizim ən qabaqcıl xəstəxanalar ayrılıb, onlara təqdim edilib, o cümlədən “Yeni klinika” - bizim ən gözəl, ən müasir xəstəxanamız və digər xəstəxanalar. Bu xəstəxanaların sayı 20-dən çoxdur. Eyni zamanda, hesab edirəm ki, karantin şəraitində qalan vətəndaşlar üçün də dünya miqyasında Azərbaycanda xüsusi şərait yaradılıb. Çünki onlar 4-5 ulduzlu otellərdə, eyni zamanda, Atletlər Kəndində yerləşdirilir və karantin rejimində olan ən çox insan Atletlər Kəndində yerləşdirilibdir. Minlərlə insan xaricdən təxliyə edilib və bu proses davam etdirilir, təbii ki, qrafik üzrə. Orada da bütün işlər mütəşəkkil qaydada görülməlidir. Bildiyiniz kimi, xüsusi portal yaradılıb və Azərbaycana qayıtmaq istəyən vətəndaşlar o portalda qeydiyyatdan keçirlər, növbəlilik prinsipi əsasında dövlət hesabına ölkəmizə gətirilirlər. Yəni, bütün şərait yaradılıb ki, Azərbaycan vətəndaşları dövlət tərəfindən qayğı ilə, diqqətlə əhatə olunsun".
"Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırıb, özü də bir neçə dəfə"
Dövlət başçıs onu da deyib ki, məhz atılan uğurlu addımların və görülən tədbirlərin nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırıb: "Hesab edirəm ki, bu günə qədər görülmüş işlər və işlərin nəticələri məhz bu siyasətin təzahürünü əks etdirir. Təsadüfi deyil ki, beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırıb, özü də bir neçə dəfə. Həm pandemiyanın ilk mərhələsində ki, biz operativ tədbirlər gördük, bütün lazımi məhdudlaşdırıcı addımları atdıq, həm də ondan sonrakı dövrdə və bu yaxınlarda yenə də Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Azərbaycanda görülmüş işləri çox yüksək qiymətləndirmişlər".
"Düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur"
«Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur». Bu fikirləri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 9-da üç modul tipli xəstəxananın açılışı zamanı deyib.
Dövlət başçısı, həmçinin Operativ Qərargah, İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB, enyi zamanda həkimlərin fəaliyyətini, fədakarlığını yüksək qiymətləndirib: «Mən də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır».
"Ermənistan rəhbərliyi yüzlərlə lənətlə dolu çağırışlar eşidir"
Dövlət başçısı bir çox inkişaf etmiş ölkələrdə koronavirusla bağlı vəziyyətin Azərbaycanda hədəflərə ardıcıllıqla çatdığını, insn tələfatının az olduğunu, lakin işğalçı ölkə Ermənistan rəhbərliyi yüzlərlə lənətlə dolu çağırışlar eşidildiyini vurğulayıb: "Ona görə dünyada baş vermiş hadisələrə və bir çox inkişaf etmiş ölkələrdə koronavirusla bağlı acınacaqlı vəziyyətə baxdıqda bir daha görürük ki, Azərbaycan bu sahədə də öz modelini ortaya qoyub və bütün hədəflərə ardıcıllıqla, məqsədyönlü şəkildə çata bilib. Əlbəttə ki, mən bizi başqa ölkələrlə müqayisə etmək fikrində deyiləm. Ancaq dünyada hər şey müqayisə ilə ölçülür. Misal üçün bu günə qədər Azərbaycanda yoluxanların sayı 8 minə qədərdir, 350 mindən çox test keçirilib və adambaşına testlərin sayına görə biz qabaqcıl yerlərdəyik. Ancaq qonşu Ermənistanda yoluxanların sayı 13 mini ötüb və testlərin sayı bizdəkindən 5-6 dəfə azdır. Nəzərə alsaq ki, Ermənistan əhalisi Azərbaycan əhalisindən 5 dəfə azdır, mənzərə tam aydındır. Əgər mən gündə yüzlərlə təşəkkür məktubu alıramsa, Ermənistan rəhbərliyi yüzlərlə lənətlə dolu çağırışlar eşidir".
«Bizdə isə sadəcə yoluxanların sayı 8 minə qədərdir. Ona görə bizdəki yanaşma, - hər bir yoluxmuş insana tibbi xidmət göstərilir, - ən düzgün, ən humanist yanaşmadır və bu istiqamətdə əlavə addımlar atılacaq»-deyən dövlət başçısı bütün bunlara vaxtında qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində əldə olunduğünü deyib: "Biz, eyni zamanda, sənaye imkanlarımızdan da istifadə etdik. Qısa müddət ərzində tibbi maska müəssisələri fəaliyyətə başladı. İki müəssisə indi fəaliyyətdədir. Dezinfeksiya vasitələri artıq Azərbaycanda istehsal olunur. Eyni zamanda, Azərbaycanda həkimlər üçün xüsusi geyimlər, kombinezonlar istehsal olunur. Həmçinin biz tibbi maskaları xaricdən də idxal edirik. Çünki tələbat artır və tələbatın artması bilavasitə məhdudlaşdırıcı tədbirlərlə bağlıdır".
"Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin"
Dövlət başçısı, bir daha vətəndaşlara qapalı şəraitdə maskalardan daha çox istifadə etməyə çağırdı: "Biz müşahidə edirik ki, vətəndaşlar son günlər tibbi maskalardan daha çox istifadə edirlər. Bir daha demək istəyirəm ki, bu, qapalı şəraitdə mütləqdir. Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir - ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin. Çünki cəmi bu üç amil, - bunu həkimlər, müxtəlif ictimai xadimlər bəlkə də min dəfə deyiblər, - gərək nəzərə alınsın: tibbi maska, bir yarım-iki metr məsafə və dezinfeksiya vasitələri. Bu amillər insanları həkimlərin yekdil rəyinə görə, 95 faiz qoruyur. Ona görə vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb".
Bəli, bütün bu görülən tədbirlər bir daha dövlət başçısının xalqına olan məhəbbəti və qayğısıdır. Bugün ölkə Prezidentinin həyata keçirdiyi uğurlu sosial siyasəti bunu sübutudur. Və bu gün bu uğurlu siyasətə qara yaxmağa çalışan, yalan və manipuliyasiyalarla insanların fikirlərini dəyişdirməyə can atan məkrli xarici qüvvələri və nüfuzdan düşmüş radikal müxalifətin anti-Azərbaycan təbliğatını mənasız və əsassızdır.
Bəli, bütün bunları xalqımız görür və öz Prezidentinin yanındadır.
Məhz buna görə son günlərdə dövlət başçısına gələn təşəkkür məktublarının sayı-hesabı yoxdur. Prezidentin saytında oxuya biləcəyimiz məktublarda insanlar böyük səmimiyyətlə və ürəkdən gələn sözlərlə dövlətin həqiqətən xalqla birlikdə olduğunu deyir, “Biz birlikdə güclüyük!” şüarının sadəcə bir söz olmadığını ifadə edirlər. Əslində hər zaman cənab İlham Əliyevin bütün düşüncələri, qərarları və addımları vətəndaşın rifahına yönəlmişdi. Xüsusi dövrdə isə belə olduğu xüsusilə hiss edilirbütün bunlar bir daha onu təsdiqləyir ki, xalqımız möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bundan sonra daha böyük nailiyyətlərə imza atacaqdır.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB