Virus mutasiyaya uğrayan zaman nə baş verə bilər? ÖZƏL - AÇIQLAMA

Virus mutasiyaya uğrayan zaman nə baş verə bilər? ÖZƏL - AÇIQLAMA

"Virus mutasiyaya uğrayan zaman ondan yeni bir virus variantı ortaya çıxır. Virusun mutasiyaya uğraması mümkündür. Lakin, nə Azərbaycanda, nə də dünyada hələ ki, bu hal qeydə alınmayıb". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycanın Baş infeksionisti Cəlal İsayev deyib.

Baş infeksionist, Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının: "Koronavirus nə qədər çox insandan insana yoluxursa, mutasiya etmək imkanı qazanır" - fikirlərinə münasibət bildirib.

Cəlal İsayev bildirib ki, burada söhbət, virusun insandan insana yoluxduqca orqanizminin immun sisteminin təsiri nəticəsində mutasiyaya uğrayaraq yeni mutant variantlarının ortaya çıxma ehtimalından gedir:

"Bu zaman mutant variantlara qarşı müalicə də bundan fərqli ola bilər. Operativ Qərargahın sonuncu iclasında bu qeyd edildi. Yəni, buna ehtimal var, lakin, virus hələ mutasiyaya uğramayıb. Burada virusun bu gün mutasiyaya uğramasından söhbət getmirdi. Bu virus hələ ki, eyni virusdur və bu virusa qarşı müalicə tədbirləri davam edir. Dünyada istifadə olunan müalicə preparatlarından Azərbaycanda da istifadə olunur".

Qeyd edək ki, Ramin Bayramlı çıxışında virusun antigenlərində dəyişiklik ola və müalicəyə tabe olmayan halların arta biləcəyini vurğulayıb. Onun sözlərinə görə, xarici mütəxəssislərlə də müzakirələr nəticəsində ümumi müalicəyə tabe olmayan halların bununla bağlı olunması qənaətinə də gəlinib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə