"Müharibə vaxtı insanlar necə yaşayırsa, o cür yaşamağa alışmalıyıq" ÖZƏL - AÇIQLAMA

"Müharibə vaxtı insanlar necə yaşayırsa, o cür yaşamağa alışmalıyıq" ÖZƏL - AÇIQLAMA

"Maarrifləndirmə işlərinin aparılmasına böyük ehtiyac var. Təəssüf ki, həm bölgələrimizdə, həm də paytaxt Bakıda, digər iri şəhərlərdə koronavirusun mövcudluğu ilə bağlı insanlarda şübhələr var, adamlar bəzi hallarda məhz bu inamsızlığa görə sosial izolyasiya, karantin qaydalarına əməl etmirlər". Bu sözləri SİA-ya açıqlamasında Teleqraf Media Holdinqin rəhbəri, politoloq Aynur Camal pandemiya ilə mübarizədə həlledici amillərdən danışarkən deyib.

Onun sözlərinə görə, pandemik virusla bağlı vəziyyətin bütün dünyada, eyni zamanda bizim ölkədə həddən artıq ağır olduğunu əhali anlamalı və sərt karantin rejiminə birmənalı riayət etməldir: "Biz ötən həftəsonu 2 günlük karantin qaydalarına və polislərin bu yöndəki tələblərinə tabe olmaq istəməyən vətəndaşlarımızı gördük. Bu, təəssüf doğurmaqla yanaşı, onun göstəricisidir ki, insanlar hələ də vəziyyətin həddən artıq ağır, kritik, təhlükəli olduğunu anlamayıblar. İnsanlar fərqində deyil ki, pandemiya sözün əsl mənasında, müharibədir. Müharibə vaxtı insanlar nə edir, necə yaşayırsa, biz də o cür yaşamağa alışmalıyıq. Karantin qaydalarını həyat tərzimizə çevirməliyik. Dünyanın bəzi ölkələri, son olaraq Avstralia sərt karantin rejimi sayəsində koronavirusa qalib gəldi. Artıq orada sosial izolyasiya qaydaları ləğv olunub. İnsanlar normal həyatlarına davam edirlər. Bu məsələdə yalnız dövlətin, aidiyyatı qurumların, Operativ qərargahın, həkimlərin, polislərin fədakarlığı kifayət etmir. Hər bir vətəndaş özü özünü bu məsələdə səfərbər etməlidir. Çünki başqa yolumuz yoxdur".

Aynur Camal vurğulayıb ki, Prezident İlham Əliyev Tərtərdə səfərdə olarkən tibbi maska taxmışdı və bu hər birimizə bir siqnal olmalıdır: "Anlamalıyıq ki, sosial məsafəni gözləmək, tibbi maska və əlcəkdən istifadə etmək, lazım olmadıqca evdən çıxmamaq məhz bizim özümüzün sağlamlığımız, həyatda qalmağımız üçündür. Dünya iqtisadiyyatı bütövlükdə koronavirusa görə 4 trilyondan artıq zərər görüb. Dünya, o cümlədən də Azərbaycan iqtisadi itkilərə ona görə getmir ki, kimlərləsə zarafat etsin. Bu, bəşəriyyəti qorumaq aktıdır. Ona görə də hər kəs vəziyyətin ciddiliyini qəbul etməli və qeyd şərtsiz karantin rejiminin bütün tələblərinə əməl etməlidir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə