"Bu hallar hardasa yanlış istiqamətləndirmədən doğdu" ÖZƏL - AÇIQLAMA

"Bu hallar hardasa yanlış istiqamətləndirmədən doğdu" ÖZƏL - AÇIQLAMA

"Bu müddətdə ipə-sapa yatmayanlar, polisə müqavimət göstərənlər, evlərinin balkonlarında narahatlıq yaradanlar da oldu. Bu hallar hardasa yanlış istiqamətləndirmədən doğdu". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü olan deputatı Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, vətəndaşımız bu iki günlük sərt karantin rejimini anlayışla qarşılayıb: "Ümumi müşahidələr onu göstərdi ki, insanlar həqiqətən bu çağırışa səs verdilər. Bu müddət ərzində küçələr müşahidə etdiyimiz qədər ilə boş idi. Nəqliyyatın sıx hərəkəti və gediş-gəliş yox idi. Lakin, ayrı-ayrılıqda bir sıra faktlar da oldu. Əvvəl onu demək lazımdır ki, məsələni anlayışla qarşılayan vətəndaşlarımıza minnətdarıq. Çünki, o insanlar anlayırlar ki, bütün bu qadağalar və rejimin sərtləşdirilməsi insanlarımız və onların sağlamlığı üçündür. Ümumilikdə isə ölkəmizin qorunması üçündür. Lakin, ipə-sapa yatmayanlar, polisə müqavimət göstərənlər, evlərinin balkonlarında narahatlıq yaradanlar da oldu. Bu hallar hardasa yanlış istiqamətləndirmədən doğdu. Bəlkə də sosial şəbəkələrdə müəyyən xoşagəlməz, məqsədli şəkildə ötürülən informasiyalardan doğdu və ya vətəndaşlarımızda hardasa inamsızlıq da var idi. Düşünürlər ki, bu xəstəlik bəlkə də heç yoxdur. Əlbəttə ki, bu kimi səhv yanaşmalardan doğan bəzi narahatçılıqlar yaşadıq".

Millət vəkili bildirib ki, qarşımızdakı 2 həftə ərzində sərt karantin rejimin tətbiq edildiyi bu günlərin statistikasından müsbət nəticələr ortaya çıxacaq: "Bildiyimiz kimi bu xəstəlik 2, hətta 3 həftə sonra özünü biruzə verə bilir. Virusa yoluxan şəxslərdə simptomlar dərhal özünü bir sonrakı gündə göstərmir. Buna görə də 2 günlük sərtləşdirilmiş karantin rejimi müddətində əldə olunan müsbət nəticələri növbəti həftələrin statistikasında müşahidə edəcəyik. Düşünürəm ki, artıq bu statistikada yoluxmalar azalacaq. Bu iki gündə demək olar ki, əhalimiz karantin qaydalarına 95 faizdən daha çox əməl edə bildi. Bunun nəticəsini insanımız görəndən sonra anlayacaq ki, həqiqətən də bu tədbir lazım imiş".

Jalə Əliyeva qeyd edib ki, şənbə və bazar günləri əksəriyyətimiz evdə qalırdı və əvvəllər şikayətlənirdik ki, istirahət etməyə vaxtımız olmur: "Çoxları vaxtının olmadığı və övladını kifayət qədər görə bilmədiyi üçün şikayətlənirdi. Bu müddəti dəyərləndirmək olardı. Düşünürəm ki, evdə qaldığımız bu 2 günün müsbət nəticəsini də yaxın zamanda görəcəyik".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə