Vətənin xilası, xalqın qurtuluşu...

Vətənin xilası, xalqın qurtuluşu...

"15 iyun - Milli Qurtuluş Günü... Düz 27 il bundan öncə, tarixin bü günü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçiliyimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edildi. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə ölkədə milli birliyə nail olundu, iqtisadi-siyasi həyatda ciddi uğurlara imza atıldı". Bu fikirləri YAP Qadınlar Şurasının sədrini müavini, YAP Nərimanov rayon təşkilatının qadınlar şurasının sədri Məhəbbət İbrahimova söhbət zamanı "SƏS" qəzetinə verdiyi açıqlamasında Ulu Öndər Heydər Əliyevin dünya xalqlarının həsəd apara biləcəkləri lider olduğunu bildirdi: "Belə bir deyim var: adını tarixə yazanlar, adı ilə tarixi yazanlar. Ulu Öndər Heydər Əliyevin adı Azərbaycan tarixinə böyük hərflərlə həkk olunub. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu Azərbaycan xalqının Ümummilli Lideri kimi adını tarixə qızıl həriflərlə yazmış dahi Liderdir. Heydər Əliyev Azərbaycanın yüksəldən onu tanıtdıran, inkişaf etdirən Lider kimi hər birimizin qəlbində əbədiyyətə qədər yaşayacaqdır".

Milli qurtuluşdan başlanan yol bu məkanın da inkişafına hərtərəfli təkan verdi

M.İbrahimova onu da bildirdi ki, 15 iyun Azərbaycan xalqının gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası olan tarixi gündür: "Müxtəlif tarixi hadisələrlə əlamətdar olan günlər çoxdur. Lakin 15 iyun Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan və həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsasını qoyan tarixi gündür. Eyni zamanda, 1993-cü ilin 15 iyununu zirvə hesab etmək olar. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əlirza oğlu Əliyevdir".

M.İbrahimova onu da bildirdi ki, Azərbaycanın bugünkü uğurları qurtuluş məfkurəsi ilə əlaqədardır: "1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə ölkədə sabitliyi təmin etdi. Bundan sonra isə müstəqil, hüquqi-demokratik dövlət quruculuğuna başlanıldı. Milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, cəmiyyətin demokratikləşdirilməsi insan hüquq və azadlıqlarının qorunması sahəsində səmərəli tədbirlər həyata keçirildi. Ölkəmiz vahid Avropa ailəsinə qəbul edildi. Dünyanın tanınmış neft şirkətləri ilə “Əsrin müqaviləsi” və digər kontraktlar imzalandı, bütün sahələrdə islahatlar başlandı. Azərbaycana investisiya axınının əsası qoyuldu. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi. Ölkənin ali qanunvericilik orqanına, yerli idarəetmə orqanlarına beynəlxalq müşahidəçilərin iştirakı ilə azad və demokratik seçkilər keçirildi.

Görkəmli dövlət xadimi, bütün türk dünyasının ən nadir tarixi simalarından sayılan Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycan xalqının müstəqilliyini məhv olmaqdan qurtardı və bu müstəqilliyi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyunun tarixi nailiyyətləridir. Bəli, həmin tarix xalqımızın mübarizələrlə dolu yeni tarixinə yeni eranın başlanğıcı kimi daxil oldu. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə yeni siyasi bir dövr, yeni təfəkkür mərhələsi başlandı. Məhz bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi daxil olmasına əsaslı təminat yaratdı. Məhz ötən dövrdə qazanılan bütün nailiyyətlərin əsasında Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasətinin davamçısı İlham Əliyevin əlindədir. Bu gün Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən, modernləşən dövlətinə çevrilib, möhtəşəm iqtisadi uğurlara imza atıb. Bunu tək Azərbaycan vətəndaşları yox, beynəlxalq aləm də təsdiq edir. Azərbaycana səfər edən hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Hətta bir sıra beynəlxalq ekspertlər ölkəmizdə təkcə yoxsulluğun səviyyəsinin son illərdə azalması faktoruna istinad edərək Azərbaycanı inkişaf etməkdə olan yox, inkişaf etmiş ölkələrin sırasına daxil edirlər. Ölkəmizdə gedən inkişaf həm çoxşaxəli, həm də bütün regionları əhatə edir. Bu da çox önəmli bir amildir. Yəni, inkişaf tək paytaxtla məhdudlaşmır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən proqramlar olduqca böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası misli görünməmiş sosial-iqtisadi inkişafa nail olub, regionda lider ölkə statusunu qazanıb. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində özünəməxsus xüsusi yeri olan önəmli bir dövlətdir. Ölkəmizdə çox uğurla həyata keçirilən iqtisadi siyasətin nəticəsidir ki, dünyada tüğyan edən qlobal böhran Azərbaycana tam təsir göstərə bilmir və başqa ölkələrdən fərqli olaraq respublikamızda dinamik artım davam edir, böyük maliyyə tutumlu layihələr həyata keçirilir, investisiya qoyuluşu genişlənir, əhalinin sosial rifah halı yaxşılaşır.

Bir sözlə, məhz Ümummilli Liderimizin görmək istədiyi Azərbaycan bu günün reallığına çevrilib və Heydər Əliyev yolu ilə inamla daha yüksək inkişafa doğru addımlayır. Və bu gün bütün dünyanı ağuşuna alan koronavirusla mübarizədə belə Prezidentimizin apardığı dərin düşünülmüş uğurlu addımları hər bir Azərbaycan vətəndaşın qürur duyur. Çünki dövlət başçımızın atdığı hər bir uğurlu addımı xalqına, dövlətinə olan səmimi məhəbbəti və doğma Vətənimiz naminə səmərəli fəaliyyəti nümayiş olunmaqdadır. Və bu yolda xalqımız daima və əbədi olaraq öz Prezidenti ilə həmrəydir!".

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə