"Polis də kiminsə övladı, kiminsə qardaşıdır" ÖZƏL - MÜNASİBƏT

"Polis də kiminsə övladı, kiminsə qardaşıdır" ÖZƏL - MÜNASİBƏT

"Polis nəfəri də kiminsə övladı, kiminsə qardaşı və ümumilikdə, bu cəmiyyətin bir fərdidir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü olan deputatı Anar İsgəndərov deyib.

Millət vəkili bildirib ki, Azərbaycan polisi xalqın təhlükəsizliyini təmin etmək üçün 24 saat iş başındadır və vəzifəsini də vicdanla yerinə yetirir: "Polisimiz bütün çətinliklərə baxmayaraq əhali ilə xoş münasibətdədir. Əvəzində isə bəzi vətəndaşlarımız nə edir? Metroda baş verən hadisələri xatırlatmaq istərdim. Həmin hadisəyə nəzər salsaq, polis vətəndaşdan nə istəyirdi? Sadəcə olaraq, karantin rejiminin qaydalarına riayət etməyi, pamdemiya ilə mübarizədə qoruyucu maskalardan istifadə etməyi. Bununla da heç birimiz çətin vəziyyətə düşməyəcəyik. Digər tərəfdən sərt karantin rejiminin tətbiq olunduğu şənbə və bazar günlərində vəzifəsini icra edən polisə qarşı edilən hərəkətə nəzər salmaq istərdim. Qaydanı pozan vətəndaş cəzalanmalıdır. Kimliyindən asılı olmayaraq. Vətəndaş qanunu pozub və polis öz vəzifəsini icra edib. Onun müqabilində hündürmərtəbəli binalardan bizim vətəndaşlarımız bizi qoruyan polisə qarşı bu cür hərəkət edirsə bunu necə qiymətləndirmək lazımdır? Bu heç cürə təqdir oluna bilməz".

Anar İsgəndərov bildirib ki, polis nəfəri də kiminsə övladı, kiminsə qardaşı və ümumilikdə bu cəmiyyətin bir fərdidir: "İnsanlar bunu dərk etməlidir. Azərbaycan polisinin vəzifəsi nədir? Ona verilən göstərişləri eynilə icra etmək. Yəni, göstəriş verilibsə, həmin göstərişə əməl edilməlidir. Polis bir azərbaycanlı olaraq Azərbaycan vətəndaşını qoruyur. Bu mənada 2 günlük sərt karantin dövründə polislərimizin hərəkətini yüksək qiymətləndirirəm".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə