"Azərbaycan polisi hər zaman xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib" İsa Həbibbəyli
"Artıq neçə aylardır koronavirus pandemiyası ilə əlaqədar olaraq ölkəmizdə karantin rejimi elan olunub. Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra bir sıra vətəndaşlarımızın Nazirlər Kabineti yanında Operativ Qərərgahın tövsiyələrinə laqeyd yanaşması, karantin qaydalarına riayət etməməsi yoluxmaların sayında artımın baş verməsinə səbəb oldu. Buna görə də digər ölkələrdə olduğu kimi, Azərbaycanda da son iki gündə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq Bakıda, Sumqayıtda, Gəncədə, Abşeron və Lənkəranda insanların küçəyə çıxmasına tamamilə qadağa qoyuldu". Bu fikirləri AMEA-nını vitse-prezidenti, Milli Məclis yanında Toponimiya komissiyasının sədri, millət vəkili İsa Həbibəyli son günlər asayiş keşikçiləri olan polisə qarşı bəzi vətəndaşların qeyri-qanuni hərəkətlərinə münasibət bildirərkən deyib.
İ.Həbibbəyli onu da vurğulayıb ki, belə həssas günlərdə həkimlərlə yanaşı, Daxili İşlər Nazirliyi orqanları bütövlükdə koronovirus pandemiyası dövründə vətəndaşlarımızın təhlükəsizliyi və asayişin qorunması üçün şərəflə öz vəzifə borclarını yerinə yetiriblər: "Lakin təəssüf doğuran odur ki, son zamanlar sosial şəbəkələrdə radikal müxalifət nümayəndələri, ayrı-ayrı şəxslər Azərbaycan polisi haqqında həqiqəti əks etdirməyən, qərəzli, subyektiv mülahizələrə əsaslanan məlumatlar yayırlar. Sözsüz ki bütün bunlar vətəndaşlarla polis arasında olan münasibətlərə xələl gətirmək üçün bilərəkdən təxribatlar törədirlər. Amma həmin qüvvələr onu anlamalıdırlar ki, bu gün Azərbaycan polisi milli dövlətçiliyimizin möhkəmləndirilməsində, hüquqi dövlət, demokratik cəmiyyət quruculuğunda, ölkəmizdə sabitliyin, əmin-amanlığın təmin olunmasında müstəsna rol oynayaraq özü də bu prosesin içində böyük inkişaf yolu keçib. Xüsusilə də, koronavirusla mübarizə dönəmində Azərbaycan polisi ən yüksək dərəcədə peşəkarlıq nümayiş etdirməklə dövlətinə və millətinə növbəti dəfə sədaqətini göstərməklə dünyada ən yaxşı polis nümunəsi göstərərək, üzərinə düşən bu missiyanı şərəflə icra etməkdədir. Həmişə olduğu kimi, həftəsonu karantin rejiminin sərtləşdirilməsi günlərində bir daha bunun şahidi olduq. Daha çox köməyə ehtiyacı olan insanlara dəstəyi ilə yadda qalmaqla Azərbaycan polisi bir daha polis-vətəndaş həmrəyliyi nümayiş etdirərək, öz dövlətinə sədaqətlə xidmət etdirdiyini göstərdi. Lakin sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakinin mənzillərinin eyvan və pəncərələrindən asayiş əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndirməsi isə mədəniyyətsizlik və utanverici hərəkətdir. Azərbaycan cəmiyyətinin dünyaya müharibə elan edən koronavirus epidemiyasına qarşı effektiv mübarizə aparmaq üçün birliyə, həmrəyliyə nail olduğu bir zamanda, bu təxribatçı hərəkətlər edənlər xalqını, vətənini sevməyənlərdir. Və bu hərəkətləri edənlər unutmamalıdırlar ki, Azərbaycan hüquqi dövlətdir, polisinə - asayiş keşikçisinə müqavimət göstərmək, onun üzərinə əşyalar atmaq qanun pozuntusudur, hər bir kəs də etdiyi əməlinə görə cəzasını alacaq".
Millət vəkili İsa Həbibbəyli, həmçinin onu da bildirib ki, hər kəs ilk öncə özündə sosial məsuliyyət hiss etməlidir: "Doğurdan da, bugünkü məqamda ən önəmli məsələlərdən biri də sosial məsuliyyət məsələsidir. Sirr deyil indiki situasiya təkcə dövlət orqanları qarşısında deyil, hər bir vətəndaş qarşısında ciddi məsuliyyət müəyyənləşdirir. Hamı başa düşməlidir ki, sosial yönündən asılı olmayaraq atılan müvəqqəti və məcburi addımların cəmiyyətin sağlamlığı, təhlükəli virusun neqativ təsirlərindən maksimum dərəcədə qorunmaq üçündür. Və sosial şəbəkələrdə şayiə və dezinformasiya, təşviş doğuran xəbərlər yayanlara qarşı isə ciddi tədbirlər görülür, görülməlidir də. Və dövlətin xalqın təhlükəsizliyi üçün bir qədər də zəruri və sərt addımlar atması ancaq və ancaq vətəndaşların sağlamlığı və təhlükəsizliyi üçündür!
Ulu Öndər Heydər Əliyevin dediyi kimi: "Polis xalqımıza, müstəqil Azərbaycan dövlətinə, onun hər bir vətəndaşına xidmət edir”. Buna hamı əml etməlidir!".
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB