Narazılığın ifadə forması ədəb-ərkanla tapılmalıdır - MÖVQE ÖZƏL

Narazılığın ifadə forması ədəb-ərkanla tapılmalıdır - MÖVQE ÖZƏL

"Əvvəla həftəsonu karantin qaydalarının icrasına nəzarəti polislərimiz Daxili Qoşun əsgərləri ilə birlikdə həyata keçirir və bu halda polisə atılan cisimlər həm də hərbçi əsgərimizə atılan cisim deməkdir. Hansısa hikkəsinin ucbatından nadanlıq edənlərin sabah hərbçi əsgərlərimizdən erməniyə qarşı döyüşlərdə şücaət ummağa üzü və haqqı olacaqmı?". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bu gün küçələrdə pandemiya ilə mübarizəyə nəzarət edən polislər sabah elə həmin hərbçi əsgərlərlə çiyin-çiyinə torpaq uğrunda müharibəyə getməyəcəkmi?! "80-ci illərin sonlarından indiyədək polislər erməni təcavüzünə qarşı müharibədə azmı şücaət göstərib?! Yaşadığı yuxarı mərtəbələrdən aşağıya "zibil qusanlar" hardan bilsinlər ki, neçə min polis şəhidimiz, neçə nəfər polis Milli Qəhrəmanımız var. Vətənin torpağının, demək həm də namusunun real müdafiə qüvvələrindən biri olan polisə bu sayaq münasibət göstərənlərin milli namusdan,qeyrətdən danışmağa haqqı ola bilərmi?!"

O qeyd edib ki, bəllidir ki, yuxarı mərtəbələrdən "zibil qusanlar" bir-iki nəfər cahillər ola bilər: "Polisin bu günlərdəki fəaliyyətinə dəstək verən ictimai qüvvə o qədər güclü və həlledicidir ki, bunun qabağında bir-iki adama heç əhəmiyyət verməmək də olardı. Ancaq bu cahil hərəkəti və əslində cinayəti kənardan görənlər də olub axı. Passiv seyrçi mövqelərdəki sükutu anlamaq olmur. Demirəm ki, o cahil daş-qalaq edilməli idi. Ən azı ona etdiyinin cinayət və mənəviyyatsızlıq olduğu başa salınmalı idi".

A.Quliyev vurğulayıb ki, hansısa polis nəfərinin, ya zabitin hərəkətindən narazılıq ola bilər: "Ancaq narazılığın ifadə forması qanun-qayda ilə, ya da heç olmasa ədəb-ərkanla tapılmalıdır. Polis Azərbaycanın ən çoxsaylı nizami rəsmi mütəşəkkil qüvvəsidir. O qədər çoxsaylı ki, ölkədə polislə birbaşa bağlılığı olmayan tək-tük ailələr tapmaq olar. Tək-tək ailələr ola bilər ki, polisdə işləməyən bir kəsi olsun. Belədə polisə qarşı kiminsə həqarəti əslində Azərbaycan ailələrinin mütləq əksəriyyətinə qarşı həqarət deməkdir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə