AŞPA-nın əsas hədəfi Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaqdır

AŞPA-nın əsas hədəfi Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaqdır

Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcək. Prezident İlham Əliyev 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısındakı çıxışında da aydın bəyan etdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə hazır və qadirdir, o, müstəqil siyasət həyata keçirir və bəzi anti-Azərbaycan xarakterli təşkilatların qeyri-konstruktiv və sifarişli bəyannamələrinə məhəl qoymur. Hazırda Dağlıq Qarabağda saxta xunta rejimi hökm sürür. Təbii ki, bu saxta rejim tərəfindən keçirilmiş saxta seçkilər gülməli bir şoudur. ATƏT-in Minsk qrupunun həmsədrlərindən tutmuş İslam Əməkdaşlıq Təşkilatına qədər - bütün önəmli beynəlxalq təşkilat və əksər dövlətlər bu saxta seçkiləri tanımadıqlarını bəyan etdilər. Lakin maraqlıdır ki, cəmi bir təşkilat susdu. Bu təşkilat isə illərdir sistemli bir şəkildə anti-Azərbaycan qətnamələri qəbul edən Avropa Şurasıdır.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, onun haqqında uydurmalar yaymaq və saxta məruzələr qəbul etməkdir. Cənab Prezidentin də qeyd etdiyi kimi, heç kəsə sirr deyil ki, son vaxtlar Avropa Şurası Parlament Assambleyası tamamilə nüfuzdan düşmüş bir quruma çevrilib. Görünür, AŞ PA məhz Azərbaycanın hesabına özünə reytinq yığmağa çalışır. AŞ PA-da son illər aparılan müzakirələrin hamısı daha sönük keçməkdədir. Onun 324 əsas üzvü olsa da, müzakirələr zamanı əksər hallarda ümumi sayın 1/3 və ya daha aşağı hissəsi plenar iclaslarda iştirak edir. Cənab Prezident Avropa Şurasının anti-Azərbaycan mövqeyini, azərbaycanofobiya adlandırmış, Azərbaycanın sürətli inkişafını gözü götürməyən bu təşkilatın qərarlarının bizim üçün əhəmiyyətsiz bir kağız parçası olduğunu söyləmişdir. Avropa Şurası öz nüfuzunu itirmiş və getdikcə hörmətdən düşən bir təşkilata çevrilməkdədir. Bunun əsas səbəbi AŞ PA-nın siyasi sifarişlə işləməsi, işğalçı Ermənistana təəssübkeşliyini hüquq və ədalətdən üstün tutması, beynəlxalq əlaqələri və nüfuzu getdikcə güclənən Azərbaycana qarşı ardıcıl təzyiq yolu tutmaqla işğalçıya tərəfkeşlik etmək cəhdləridir. Azərbaycanın güclü lideri var, güclü xalqı var, güclü ordusu var. Bizim nə AŞ PA-nın dəstəyinə ehtiyacımız var, nə də onun qərəzli mövqeyindən qorxumuz. Bizim istədiyimiz ədalətli münasibətdir. Biz öz torpaqlarımızı işğaldan azad edəcəyik, o torpaqlarda həqiqi, demokratik seçkilər keçirəcəyik.

AŞPA və ATƏT-in müvafiq strukturları heç cür Azərbaycana qarşı azərbaycanofobiya halını almış antipatiyasını gizlədə bilmir. Bunun əsas səbəblərindən biri yəqin ki, hazırda Qərbdə sürətlə vüsət alan islamofobiyadır. Bütün bunlara münasibətdə son olaraq qeyd etmək istərdim ki, Azərbaycan heç bir antipatiyaya, saxta və əsassız qətnamələrə və mənasız nifrət çıxışlarına baxmayaraq öz uğurlu inkişaf yolu ilə irəliləyəcəkdir.

Fərhad Cəfərquliyev,

Müdafiə Sənayesi Nazirliyi Aqreqat İstehsalat Birliyinin baş direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə