"Polislərimizin sərt karantin rejinində fəaliyyəti təqdirəlayiqdir" ÖZƏL - AÇIQLAMA
"Sərt karantin elan edilən iki gün ərzində insanlarımızın tibbi ehtiyaclarını, həkimə olan ehtiyacını qarşılayan və onlara müxtəlif cür yardım göstərən polislərimizin fəaliyyəti təqdirəlayiqdir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü olan deputatı Kamilə Əliyeva Azərbaycan polisinin ötən 2 günlük sərt karantin rejimi ərzində fəaliyyətindən danışarkən deyib.
Onun sözlərinə görə, son günlərdə Azərbaycanda virusa yoluxanların sayı artdığına görə Nazirlər Kabineti yanında Operativ Qərargahın həftə sonu sərtləşdirmə qaydalarını tətbiq etməsi tamamilə insanlarımızın sağlamlığının qorunması naminədir: "Artıq biz dünyada pandemiyanın yol açdığı nəticələri müşahidə edərkən nələr baş verdiyini açıq şəkildə görürük. Virusa yoluxanların və COVID-19-dan həyatını dəyişənlərin sayı çoxumuza məlumdur. Bu günə qədər ölkə rəhbərinin apardığı siyasət və atılan qabaqlayıcı addımlar nəticəsində Azərbaycan COVID-19 statistikasına görə yaxşı mənada ön sıralarda idi. Təəssüflər olsun ki, insanlarımızın əksəriyyəti bu xəstəliyi ciddi qəbul etmədi. Qaydalara riayət etmədi və bunun da nəticəsində hər gün həyatını itirənlərin, virusa yoluxanların sayı gün ərzində artmağa başladı".
Millət vəkili qeyd edib ki, bu gün də dövlətimiz pandemiya ilə əlaqədar öz tədbirlərini həyata keçirir: "Bu dövrdə fəaliyyət göstərən həkimlərimizlə yanaşı polislərimizə də öz dərin minnətdarlığımı bildirirəm. Pandemiya ilə mübarizədə həkimlər insanlarımızın sağlamlığı naminə öz fədakarlıqlarını orta qoyurlarsa, polis əməkdaşlarımız da bizim sağlamlığımız naminə öz əməklərini sərf edirlər. Onlar qaydalara riayət olunmasına diqqət edirlər. Əlbəttə ki, son günlərdə sosial şəbəkələrdə təsadüf olunan polis əməkdaşlarına qarşı olan təzyiqi nümayiş edən faktları heç cürə qəbul edə bilmirəm. İnsanlarımız polis əməkdaşlarına qarşı belə reaksiya verməməlidirlər. Əksinə onlar da həyatlarını həkimlərimiz kimi təhlükə altına atırlar. İnsanlarımızın sağlamlığının qorunması naminə öz həyatlarını təhlükə altında qoyurlar. Buna görə də əlbəttə ki, polis əməkdaşlarımıza minnətdar olmalıyıq və öz əməllərimizlə onlara dəstək olmalıyıq".
Kamilə Əliyeva qeyd edib ki, bu günlərdə, sərt karantin elan edilən iki gün ərzində insanlarımızın tibbi ehtiyaclarını, həkimə olan ehtiyacını qarşılayan və onlara müxtəlif cür yardım göstərən polislərimizin fəaliyyəti təqdirəlayiqdir: "Xüsusilə də, bir ailədə uşağın yemək ehtiyacını polisin qarşılaması, həmin ailə ilə öz övladının yeməyini bölüşməsi və bunun kimi xeyirxah əməlləri də mən xüsusilə qeyd etmək istərdim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB