Vüsar İsmayılov: “İctimai qınaq ən güclü silahdır” - MÖVQE

Vüsar İsmayılov: “İctimai qınaq ən güclü silahdır” - MÖVQE

"İqtisadi-siyasi münasibətlər kontekstində, müxtəlif məsələlərə baxış bucağı təbii olaraq, heç də reallığı əks etdirmir. Amma yanlış təsəvvür formalaşdırmaq cəhdləri birmənalı olaraq bəzi siyasi düşərgə mənsublarının xarakter cizgilərini tam şəkildə ortaya qoya bilir ”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Vüsar İsmayılov deyib.

Onun sözlərinə görə, hansıya siyasi, iqtisadi və yaxud da ictimai yönlü hadisələrin fonunda rəy, fikir bildirmək, mülahizə söyləmək ədalətli, obyektiv mövqe sərgiləmək, düşüncə meyarı kimi sosial həyatımızda əsas prioritetə çevrilir: “İnsanlar tərəfindən haqlı mövqedə olanların fikirləri daha mütərəqqi tezislər kimi qəbul olunur və ictimai arenaya transformasiya edilir. Cəmiyyət daha çox diskussiyalarda obyektivliyi, reallığı tərənnüm edənlərin fikirlərinə istinad edir. Çünki ziddiyyətli polemikalar yorucu təsir elementi kimi fikir müxtəlifliyinin əhəmiyyətini kiçildir. Konkretlik və əməli işin vəhdəti önə çıxır. Ümummilli Lider Heydər Əliyevin idarəçilik və xalqın mənafeyinə söykənən siyasəti, uzun illərdir siyasi plüralizmin bir tərkibi olaraq, birmənalı və çoxşaxəli istiqamətdə davamlılığını təmin edə bilir. Heydər Əliyev idarəçiliyinin əsas prinsipləri olan, ümumbəşəri dəyərlərin milli dəyərlərlə sintezi üzərində qurulan modern dövlətçilik ənənəsi ideoloji amil kimi daha da proqressiv, ciddi və aktual xarakter daşıyır. Düşünülmüş siyasət müsbət effekt verməklə yanaşı, həm də milli məfkurənin formalaşmasına uzunmüddətli zəmin yaratdı. İdeologiyanın əsasları müəyyənləşdi və ictimai həyatımıza sirayət eləməyə başladı”.

V.İsmayılov bildirdi ki, artıq cəmiyyət milli, mədəni, tarixi ənənələrini, müasir dövlətçilik prinsiplərini qoruyan, yeni ideoloji sistemlə idarə olunur: “Bu gün sosial və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaş, istənilən formada KİV-lərdə, sosial şəbəkələrdə öz fikirlərini söyləyir və həm də ictimai nəzarət funksiyasını yerinə yetirir. Ölkə Prezidenti Cənab İlham Əliyev Dahi Öndərimiz Heydər Əliyev prinsiplərinə sadiq qalaraq, bu dəyərləri daha da stimullaşdırır. Təsadüfi deyil ki, əksər çıxışlarında hər bir açıq fikirə hörmətlə yanaşdığını və iqtidar düşərgəsində hansısa yanlışlığın baş verməməsi üçün ictimai nəzarətin ən düzgün variant olduğunu bəyan edir. Bu ilk növbədə cənab Prezidentin proseslərə son dərəcə demokratik yanaşmasından və qeyd etdiyim kimi əsası Ümummilli liderimiz tərəfindən qoyulmuş milli məfkurəyə sədaqətindən irəli gəlir. Fərdlərin və yaxud qrupların fikirlərinin ifadə formasında qərəzin və mərəzin olmasından asılı olmayaraq ideoloji sistem etibarlı şəkildə qorunur. Heç kəs söylədiyi fikirlərə görə təqib olunmur, yalnız ictimai rəydə olsa-olsa tənqid olunur. Lakin bu hal təəssüf ki, sui istifadə hallarına da bəzən geniş yol açır. Ona görə də hesab edirəm ki, sosial şəbəkələrə məhdudiyyətlərin qoyulmasıyla bağlı səslənən fikirlər əslində ictimaiyyətdə yaranan narazılığın aradan qaldırılması baxımından faydalı olar. Söyüş biabırçılığından qurtulmaq üçün senzor tətbiq edilməlidir. Qərəzi həm də söyüşlə çatdırmaq, demokratiya demək deyil. Ali dəyərlərə hörmətsizliklə nəticələnən bu xəstəlikdən xilas olmaq lazımdır. Çixışlarında kəskin qərəz və nifrət hiss olunan fərdlərin ədəbsiz əməllərinə bəraət qazandıranlar da elə o cür məxluqatların genindəndir”. V.İsmayılov onu da qeyd etdi ki, Cənab Prezidentimiz İlham Əliyevin bütün sahələrdə rəğbətlə qarşılanan islahatları ideoloji sahədə də mövcud boşluqların doldurulmasına təsirsiz ötüşməməlidir: “İnsanların heysiyyatı ilə oynamaq, onların şərəf və ləyaqətlərini alçaltmaq kimi streotiplər uzaq olmalıdır. Azad sözə verilən önəmin əhəmiyyəti o vaxt güclü olar ki, o təhqirə çevrilməsin. Vətəndaş cəmiyyəti institutları da zənnimcə fəal mövqe ortaya qoymalıdırlar. Onların bu baxımdan kifayət qədər, yetərli imkanları var. Sosial qruplarda, qeyri-hökumət təşkilatlarında çalışanlar da potensialını bu yöndə qursalar səmərəli nəticələr əldə etmək mümkündür. İctimai qınaq ən güclü silahdır. Vaxtında qarşısı alınmayan bu bəla sonradan pis tendensiya yaradacaq. Gənc nəsilin düşüncəsində yararsız vərdişlər formalaşdırar və bu da çox təhlükələrə yol aça bilər. Nə qədər ki, gec deyil, saf amallar üzərində qurulan ideoloji prinsiplərə olan yad təzyiqləri, təsirləri birgə səylə neytallaşdırmaq və tamamilə aradan qaldırmaq lazımdır. Önəmlisi odur ki, ölkəmizdə bunun üçün hüquqi baza var və bu əsas verir ki, hər birimiz milli-mənəvi ruhda fəaliyyətimizi uzlaşdıraq, inkişafımızın qüsursuz təmin olunmasına töhfəmizi verək”.

Bütün xəbərlər Facebook səhifəmizdə