“Azərişıq” və “Azəriqaz” ucqar kəndlərdə birgə layihələrin icrasına başladı FOTO

“Azərişıq” ASC və “Azəriqaz” İstehsalat Birliyi ucqar dağ kəndlərində kommunal problemlərin həlli ilə bağlı birgə layihələrin reallaşdırılmasına start verib.

SİA-ya daxil olan birgə məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olaraq əhalinin elektrik enerjisi və qaz təchizatının yaxşılaşdırılması istiqamətində hər iki qurum qarşıya qoyulan tədbirlər proqramının icrasına məsuliyyətlə yanaşır.

“Azərişıq” ASC-nin paylayıcı elektrik şəbəkələrinin yenidənqurulması proqramına əsasən, Gədəbəy rayonunun ən ucqar dörd kəndində - Qasımlı (abonent sayı 73), Əyrivəng (abonent sayı 113), Arıqıran (abonent sayı 447), Qərqər kəndlərində (abonent sayı 387) 10 və 0,4 kv-luq şəbəkələrin yenidənqurulmasına başlanılıb.

Qasımlı kəndində 10 və 0,4 kv-luq dayaqlar tam olaraq quraşdırılıb. Əyrivəng kəndində 0,4 kv-luq dayaqlar quraşdırılıb, işlər davam edir. Arıqıran və Gərgər kəndlərində elektik şəbəkələrinin yenidənqurulması istiqamətində hazırlıq işləri aparılmaqdadır. Hazırda ümumilikdə 1020 abonentin olduğu sözügedən dörd kənddə işlər davam etdirilir. Transformator məntəqələri, kabellər, dayaqlar hətta sayğaclar belə yeniləri ilə əvəz olunur. Bir sözlə, yaşayış məntəqələrinin elektrik təsərrüfatı tamamilə yenilənir.

Paylayıcı elektrik şəbəkənin yenidən qurulmasında əsas məqsəd istehlakçıları dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdir. Xatırladaq ki, “Yeni kəndlər” layihəsi çərçivəsində “Azərişıq” ASC indiyədək ölkə üzrə 500-dən çox kənddə elektrik enerjisi sistemini tamamilə yenidən qurub.

“Azəriqaz” İstehsalat Birliyi 2020-ci il ərzində dövlət proqramı əsasında Gədəbəy rayonunun Gərgər kəndində 360, Qasımlı kəndində 61, Arıqıran kəndində 474 və Əyrivəng kəndində 68 fərdi yaşayış evinin qazlaşdırılması işlərinə başlayıb. Tədbirlər planına uyğun olaraq bu ucqar kəndlərin bəzilərində planlaşdırılan işlərin 50 %-i icra olunub. Gədəbəy rayonunun Qasımlı, Gərgər, Arıqıran və Əyrivəng kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 92 kilometrdən çox müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətlərinin çəkilməsi nəzərdə tutulur. Layihə üzrə 963 evin hər birinə fərdi sayğac, tənzimləyici və sayğac qutusu quraşdırılacaq.
Qeyd edək ki, 2019-cu ilin sonuna ölkədə qazlaşma səviyyəsi 96 %-ə çatıb. Bu ilin dövlət proqramı ilə 51 şəhər və rayonda yerləşən yaşayış məntəqələrinin qazlaşdırılması nəzərdə tutulur. Artıq bu işlərin başlanılması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ayrı-ayrı bölgələri əhatə edən 4 sərəncam imzalanıb. O cümlədən Gədəbəy rayonu da daxil olmaqla Ağstafa, Şəmkir və Tovuz rayonlarındakı ərazi vahidləri, yaşayış massivlərinin qazlaşdırılması üçün dövlət büdcəsindən dövlət neft şirkətinə 8,19 milyon (8 milyon 190 min) manat vəsait ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə