BNA: "Müraciətlərin vaxtında qeydə alınması vacibdir" ÖZƏL - AÇIQLAMA
"Bakı Nəqliyyat Agentliyi sərt karantin rejimi müddətində əməkdaşlarının daşınması üçün nəqliyyat xidmətlərinə ehtiyacı olan müəssisə və təşkilatlara müvafiq dəstək göstərilməsinə hazırdır". Bu barədə SİA-ya Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, müraciətlər artıq dünəndən qeydə alınmağa başlayıb və bu gün də davam etdiriləcək. Lakin, o vurğulayıb ki, müraciətlərin vaxtında qeydə alınması vacibdir və sərt karantin günlərində ( 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək) müraciətlərin qeydə alınması mümkündür: "Vaxtında müraciət edilməlidir ki, gecikmə olmasın. Məsələn, bir saatdan sonra harasa daşınma lazımdır, bu biraz çətinlik yaradacaq".
Belə ki, məlumata əsasən, Bakı Nəqliyyat Agentliyi həftə sonları tətbiq ediləcək sərt karantin rejimi müddətində əməkdaşlarının daşınması üçün nəqliyyat xidmətlərinə ehtiyacı olan müəssisə və təşkilatlara müvafiq dəstək göstərəcək:
"Lakin daşımaları daxili imkanlar hesabına tənzimləyə bilməyən müəssisə və təşkilatlar ciddi zərurət olduğu halda Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etməlidir. Yalnız Operativ Qərargahın müvafiq tapşırığı əsasında nəqliyyat xidmətlərinin göstərilməsi təmin olunacaq. Eyni zamanda bildiririk ki, nəqliyyat xidmətləri ilə bağlı müraciətlər əvvəlcədən planlı qaydada olmalıdır. Bu nəqliyyat vasitələrinin, sürücü və digər texniki heyətin hazırlanması baxımından vacibdir".
Həmçinin qeyd edilib ki, sərt karantin rejimi tətbiq olunması ilə əlaqədar 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı şəhərində müntəzəm və ekspres xətlər üzrə sərnişindaşımaları tam dayandırılacaq və 05 iyun 2020-ci il tarixində isə müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə olduğu kimi fəaliyyət göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB