"Daha böyük təhlükələrlə, fəsadlarla və itikilərlə üzləşə bilərik" ÖZƏL - AÇIQLAMA

"Həftə sonlarında qadağaların, məhdudiyyətlərin, sərtləşdirmələrin nəzərdə tutulması artıq zərurətdən doğan bir məsələ oldu. Bu artıq məcburiyyətdir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü olan deputatı Kamilə Əliyeva pandemiya ilə əlaqədar Nazirlər Kabinetinin qərarından danışarkən deyib.

Millət vəkili bildirib ki, son vaxtlar yoluxma hallarının artmasında, onun narahatedici məqama çatmasında bir çox vətəndaşlarımızın rolu olub, çünki, hələ də bu məsələyə barmaqarası yanaşanlar, onu ciddiyə almayanlar, "belə bir virus yoxdur" deyənlər aramızda var: "Bu çox təhlükəli tendensiyadır. Bu yanaşmadan, bu tendensiyadan artıq uzaqlaşmaq lazımdır. Bu məsuliyyətsizlik, biganəlik, laqeydlik dünənki nəticələrə gətirib çıxartdı. Bu məsuliyyətsizlik həm şəxin özünün, həm də digərlərinin həyatını böyük təhlükə və risk yaradır. Ona görə də vətəndaşlarımız məsuliyyətsizlik, biganəlik göstərməməlidirlər. Dövlət başçısı Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müraciətlərinə, çağırışlarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın, TƏBİB-in tövsiyyələrinə, onların təyin etdiyi qaydalara, tələblərə birmənalı və bir nəfər kimi əməl edilməlidir.

Bildiyimiz kimi Parlamentin sonuncu iclasında da İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi. Elə həmin gün də dövlət başçısı tərəfindən imzalanaraq hüquqi qüvvəyə mindi. Bu dəyişikliklərdə tibbi maskalardan istifadə etməyənlərlə bağlı cərimələr nəzərdə tutulur. Bəli, biz istəməzdik ki, kimlərsə bu çətin vaxtlarda əlavə ziyana düşsünlər, cərimələnsinlər, bunu heç kəs istəmir. Ancaq bunun olmaması üçün vətəndaşlarımızın tibbi maskalardan, əlcəklərdən istifadə etməsi, sosial məsafəyə riayət etməsi lazımdır".

Kamilə Əliyeva vurğulayıb ki, insanlarımızdan sadə 3 elementar qaydaya riayət etmək gözlənilir ki, bura sosial məsafəni saxlamaq, maskadan istifadə etmək, gigiyenik qaydalara əməl etmək daxildir: "Cəmi 30 qəpik xərcləyib, 50 manat cərimədən uzaq olmaq mümkündür. Bununla da insanlar həm özlərinin, həm də ətrafındakıların sağlamlığının qayğısına qalmış olurlar. Bu baxımdan mövcud qərarı dəstəkləyirəm. Operativ Qərargahın, TƏBİB rəhbərliyinin açıqlamalarını və narahatlıqlarını bölüşürəm. Hesab edirəm ki, həftə sonlarında qadağaların, məhdudiyyətlərin, sərtləşdirmələrin nəzərdə tutulması artıq zərurətdən doğan bir məsələ oldu. Bu artıq məcburiyyətdir. Son qərar da artıq verildi. Baş nazir insanlara müraciət etdi və qaydalar müəyyənləşdirildi. Bütün bu hallarda məhdudlaşdırıcı və sərtləşdirici addımlara gedilməsi mənə elə gəlir ki, mütləqdir. Lazımdır və vacibdir. Bu tədbirlərdən doğan qaydalara da riayət edilməsə biz daha böyük təhlükələrlə, fəsadlarla və itikilərlə üzləşə bilərik. Bunun baş verməməsi üçün deyilənlərə əməl etməliyik. Məsuliyyətli davranmalı və məhdudlaşdırıcı addımları anlayışla qarşılamalıyıq. Bu birmənalıdır. Mən bütün insanlarımıza müraciət edərək onların bu pandemiyanın ciddiliyini dərindən dərk etməyə dəvət edirəm və qoyulan tələblərə ciddi riayət etməyə çağırıram".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə