Həftə sonu fəaliyyəti dayandırılmayan sahələr açıqlanıb Nazirlər Kabineti

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək məhdudiyyətlər tətbiq edilir. Nazirlər Kabineindən SİA-ya verilən məlumata əsasən, aşağıda qeyd edilənlər istisna olmaqla, bütün iş, xidmət, o cümlədən ticarət sahələri üzrə fəaliyyət dayandırılır:

- siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;

- xəstəxanalar və təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;

- sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;

- kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);

- elektrik enerjisinin istehsalı və təchizatı;

- meliorasiya və su təsərrüfatı;

- rabitə xidmətləri;

- teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;

- dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;

- boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;

- fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);

- neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

- fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətlər.

Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin və xidməti avtomobillərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək. Eyni zamanda dövlət əhəmiyyətli, həyat təminatlı müəssisələrin və qurumların, həmçinin fasiləsiz işləyən qurumların fəaliyyətləri zəruri hesab edilən işçilərini məhdud sayda cəlb etməklə tənzimlənəcəkdir.

2020-ci il 5 iyun tarixində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib.

Xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyır.

Bir daha vətəndaşlarımızı COVID-19 virusu ilə mübarizədə sosial məsuliyyətdən irəli gələrək həmrəylik nümayiş etdirməyə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına əməl etməyə, özlərinin və yaxınlarının sağlamlığını qorumağa çağırırıq.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə