"Təcili tədbirlər görülməsə..." RƏY-ÖZƏL

"Əhalinin davranışı hökumət üçün karantin rejimini yenidən sərtləşdirməkdən başqa variant qoymayıb. Yəni, karantin rejimini yenidən sərtləşdirəkmi, sərtləşdirməyəkmi deyə variant qalmayıb". Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini, media eksperti Müşfiq Ələsgərli deyib. O bildirib ki, karantin rejiminin yumşaldılması, təəssüf ki, insanlar tərəfindən pandemiyanın bitməsi kimi qəbul edildi: " Adamlar o qədər sərbəstləşdilər, o qədər arxayın davrandılar ki, heç bir təbliğatı, təşviqatı dinləmədi, sosial məsafə gözləmədi, tibbi maskalardan istifadə etmədilər. Məhz ona görə də sərt karantin dövrü ilə indiki şəraitdə yoluxmanın intensivliyi baxımından ən azı 10 dəfə fərq var. Pandemiyanın ən kəskin vaxtında ölkədə yoluxma həddi 10, 20, 30 nəfər idisə, indi 200, 300 nəfər və daha artıqdır". Ekspert qeyd edib ki, COVİD-19-a yoluxma səviyyəsi elə bir həddədir ki, təcili tədbirlər görülməsə, vəziyyət tamamilə nəzarətdən çıxa bilər: "Başqa bir səbəb yoxdur, yeganə səbəb kimi insanların davranış qaydalarıdır. Ona görə də inzibati müdaxiləyə ehtiyac var, vəziyyət yenidən nəzarətə götürülməlidir. Əhalinin sağlamlığını qorumaq üçün bunlar vacib amillərdir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə