"Xəstəliyin ilk günündən həkimə müraciət etmək lazımdır" ÖZƏL - MÜNASİBƏT

"Bunun özbaşına keçəcəyini düşünürlər. Lakin, xəstəliklə bağlı ilk gündən həkimə müraciət etmək lazımdır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü olan deputatı Anar İsgəndərov ölkədə pandemiya ilə əlaqədar hazırkı vəziyyətlə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası təkcə Azərbaycan xalqını və dövlətini əhatə etmir, bu, bütün dünyanı bürüyən xəstəlikdir və bütün dünya gücü çatdığı qədər onunla mübarizə aparır:

"Bu cəhətdən Azərbaycan dövləti ilk gündən dəyən ziyanı, xüsusilə də, insan həyatı ilə bağlı, vətəndaşının təhlükəsizliyini təmin etmək üçün, sağlamlığını qorumaq üçün ilk olaraq uğurlu addımlar atıb. Bu, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də dəyərləndirilib. Dünyanın ayrı-ayrı dövlətləri tərəfindən də Azərbaycanda həyata keçirilən tədbirlərə xüsusi önəm verilib. Operativ Qərargahın həqiqətən də operativ fəaliyyəti ilə Azərbaycanın ayrı-ayrı bölgələrindən gündəlik hadisələrin hamıya çatdırılması və insanların maarifləndirilməsi həyata keçirilmişdir. Digər bir məsələ isə dövlət, tibb işçiləri, hüquq mühafizə orqanları əlindən gələni etdiyi halda və mətbuat vasitələrinin kifayət qədər təbliğat aparması ilə yanaşı görəsən, vətəndaşlarımız və cəmiyyətimiz məsələyə necə yanaşır? Bu xəstəliyin törətdiyi fəsadların mahiyyətini tam mənasında başa düşüb, qaydalara riayət edirlərmi? Son dövrün məlum hadisələri göstərir ki, hələ də çoxsaylı vətəndaşlarımız məsələnin mahiyyətinə varmır".

Millət vəkili bildirib ki, bəzi şəxslər uzun müddət hərarətdən əziyyət çəksə də bunu gizlədir və xəstəliyin özbaşına keçəcəyini düşünürlər:

"Bununla bağlı ilk gündən həkimə müraciət etmək lazımdır. Maska ilə bağlı isə Parlament məcbur olub qanun qəbul etdi. Bu qanun şəxs özünü qorumadıqda hansı cəzanın onu gözlədiyini ehtiva edir. Şəsx cəzanı çəkməmək üçün, cərimə olunmamaq sadəcə təyin olunan qanuna riayət etməlidir. Vətəndaş 50 manat cəriməni vermək istəmirsə, bu cəriməni ondan heç kəs məcburən almır. Bu vergi deyil, ödəniş deyil. Sadacə şəxs qoruyucu vasitədən istifadə etməli, sağlam qalmalıdır. Əgər bu cərimə çoxdursa, şəxsin bu cəriməni ödəmək imkanın yoxdursa, qəbul edilən qanuna riayət etməlidir. Bununla da şəxs sağlamlığının qeydinə qalır, ətrafındakı insanların təhlükəsizliyini təmin edir və Azərbaycan da bu bəladan daha tez canını qurtarmağa imkan əldə edir. Hər gün iqtisadiyyatımız və dövlətimiz milyonlarla manat itirir. Bunu fikirləşmək lazımdır. Mənə elə gəlir ki, bir tərəfdən maarifləndirici işlərin aparılması, digər tərəfdən isə qəbul edilən qanunlara riayət etmək və buna nəzarət bizə imkan verəcək ki, təhlükəli virusdan canımızı tez qurtaraq".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə