Xilaskarlıq missiyasının başlanğıc nöqtəsi

1993-cü il 4 iyun hadisələrindən 27 il ötür

1993-cü il 4 iyun hadisələrinin 27-ci ili tamam olur. “4 iyun hadisələri” illər keçdikcə, yenə də müzakirə obyektidir.

Çünki bir əsrdə iki dəfə istiqlaliyyətə qovuşmuş Azərbaycanın müstəqillik taleyi çətinliklərlə dolu olub. 1918-ci ildə yaradılan ADR-in varlığına bolşevik Rusiyasının işğalı son qoydusa, 1991-ci ildə ikinci dəfə azadlığına qovuşmuş ölkəmizi həm xaricdən, həm də daxildən təhlükə öz ağuşuna almışdı. Bu, azmış kimi, Dağlıq Qarabağda SSRİ rəhbərliyinin təhriki ilə yaradılan münaqişə Azərbaycan xalqını növbəti bir sınaqla üz-üzə qoymuşdu. Az keçmədi ki, bu problemlərin sırasına daha biri əlavə olundu: hakimiyyət böhranı...1992-ci ilin mayında hakimiyyətə yiyələnmiş AXC-Müsavat cütlüyünün səriştəsizliyi addımbaşı öz bəlalı nəticəsini büruzə verirdi. Məhz bunun sayəsində ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Gənc respublikada hakimiyyətə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında qızğın mübarizə gedirdi. Məntiqsiz, bir-birini təkzib edən fərmanlar, özbaşınalıqlar hakimiyyətdə olanların ölkəni idarə edə bilməyəcəyini göstərirdi. Problemlər getdikcə artırdı.

Siyavuş Novruzov: "Həmin hadisələr hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün iflası idi"

YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov o günləri heç vaxt unutmayacağını deyir: “4 iyun hadisələrinin iştirakçısı olan birisi kimi, qeyd edə bilərəm ki, həmin hadisələr hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün iflası idi. Bəzən hadisələri cəmiyyətə başqa ad altında təqdim edirlər. Amma belə deyil. Səriştəsizlik, idarəetmənin bilinməməsi nəticəsində ölkə xaos vəziyyətinə gətirilmişdi. Bir tərəfdən ərazilərimizin işğal olunması, digər tərəfdən isə hər bir siyasi partiyanın (Yeni Azərbaycan Partiyası xaric olmaqla - S.N.) özünün silahlı dəstəsinin olması, ayrı-ayrı şəxslərin ordunun müxtəlif qruplarına rəhbərlik etməsi, nizami ordunun olmaması, dövlət idarəçiliyində səriştəsi olmayan insanların rəhbərliyə gətirilməsi, o cümlədən yerli icra hakimiyyətlərində fəaliyyət göstərməsi hər şeyin bərbad hala düşdüyünü göstərirdi. Kim meydanda daha çox qışqırmışdısa, onu hansısa rayona icra başçısı qoymuşdular. O baxımdan da idarəçilikdən xəbərləri yox idi.

Ölkədə bir xaos hökm sürürdü. Həmin vaxt bu xaosdan istifadə edən qüvvələr Surət Hüseynovun rəhbərliyi ilə Gəncədə qiyam qaldırdılar. Halbuki, həmin şəxsə o vaxtkı rəhbərlik tərəfindən “Milli Qəhrəman” adı verilmişdi. Surət Hüseynov isə qoşunları Qarabağ istiqamətinə deyil, Bakı istiqamətinə göndərmişdi. Ardıcıl olaraq o vaxtlar rayonların icra başçıları bir-bir güllələnirdi, ya da onların yerinə özlərinə yaxın olanı, əksəriyyəti də kriminal aləmə bağlı olanları təyin edirdilər. Gəncə kimi şəhərdə qiyam baş verdi və icra başçısı qətlə yetirildi. Bu səpkidə proseslər davam etməkdə idi. Bir tərəfdən də cənub zonasında Əlikram Hümbətov qondarma “Talış Muğan Respublikası” adlı separatçı qurum yaradırdı. Bununla da, Azərbaycan parçalanmağa doğru gedirdi. Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan bu gün 100 illiyini qeyd etdiyimiz Cümhuriyyətimizin taleyini yaşayacaqdı. Belə bir anda ümummilli lider Heydər Əliyevə müraciət olundu. Ulu öndərə müraciət olunmaqla həm özlərini, həm də Azərbaycanı xilas etdilər”.

Xalqının xilaskar LİDERİ

1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Məhz Ümummilli Liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu. Xalqın xilaskarına çevrilən Heydər Əliyev Azərbaycan qarşısında tarixi bir missiyaya imza atdı. Millətinin bir əsrdə qurduğu ikinci müstəqil dövlətini yaşadan Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə problemlər məngənəsində qıvrılan Azərbaycan qısa bir zamanda regionun liderinə çevrildi. Bu mənada, Ulu Öndərimiz Heydər Əliyevin xalqımızın xilasında, dövlətimizin müstəqilliyinin möhkəmlənməsində diplomatik təcrübəsindən, bilik və bacarığından yetərincə yararlanması Onun tarixi şəxsiyyətlər sırasında ən uca zirvədə dayanan fenomenal şəxsiyyət olduğunu deməyə əsas verir. 1993-cü ilin yayında Azərbaycanın olduqca çətin və gərgin günlərində daxili çəkişmələr, erməni təcavüzü, o cümlədən, digər separatçı qüvvələrin fəallaşması dövləti eyni anda yaxaladığı bir zamanda vəziyyətdən çıxış yolu tapmaq üçün dahi olmaq lazım idi. Sonralar Ulu Öndər bu məsələ ilə bağlı bildirirdi: "1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".

Ulu Öndər Heydər Əliyev dövlətin xilaskarı olmaqla yanaşı, həm də millətinin taleyinin xilaskarıdır. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün öz inkişafının ən sürətli dövrünü yaşayır. Vətəndaş cəmiyyəti institutlarının hələ formalaşmadığı, üstəlik, xarici işğala məruz qalan ölkəni yalnız və yalnız Ümummilli Liderimiz Heydər Əliyev xilas edə bilərdi və etdi də. Bu gün Ulu Öndər Heydər Əliyev dühasının bəhrəsi olan müstəqil Azərbaycan dövlətinin inkişafı millət-dövlət tandeminin üzərində qurulduğu üçün sarsılmazdır. Məhz Ulu Öndər Heydər Əliyevin siyasi varisi Azərbaycan Prezidenti İlham Əliyevin apardığı düzgün siyasət ölkəmizi bütün sahələrdə uğurdan-uğura daşıyır. Əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs ölkədə vətəndaş cəmiyyətinin inkişafına yol açıb.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...