Yararlı yun növlərinin müəyyənləşdirilməsi ilə bağlı tədqiqat aparılıb FOTO

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xalçaşünaslıq” sektorunun əməkdaşları Qobustan rayonunda xalçaçılıq üçün yararlı olan yun növlərinin müəyyənləşdirilməsi ilə bağlı tədqiqat aparıblar. İnstitutdan SİA-ya verilən məlumata görə, sektorun müdiri, professor Vidadi Muradov bildirib ki, Azərbaycan xalçasının yerli xammal əsasında toxunması qarşıya məqsəd kimi qoyulub. Bu məqsədin reallaşdırılması üçün respublikamızda təbii və təsərrüfat imkanları mövcuddur:

"Tarixən Azərbaycan xalçasını dünyada məşhurlaşdıran da elə onun yerli qoyun cinslərinin yunundan hazırlanan və təbii boyaqlarla boyanan ipliklərdən toxunması olub. Xalça üçün yun ipliklər Abşeron, Balbas, Bozax, Cəro, Herik, Ləzgi, Mazıx, Merinos, Qala, Qarabağ, Tuş, Qaradolaq, Şirvan kimi qoyun cinslərinin keyfiyyətli yunundan hazırlanıb. Bu ənənə indi də davam etdirilir. Qobustan rayonunda böyük qoyunçuluq təsərrüfatları var. Biz müxtəlif dövrlərdə bu rayonun Çalov, Cəyirli, Nabur, Sündü və s. kimi kəndlərinə səfərlərimiz zamanı əhalinin əsas təsərrüfat sahəsi kimi qoyunçuluqla məşğul olduğunu, burada toxunan xalça və xalça məmulatlarının xammalının da yerli yundan hazırlandığını müşahidə etdik, ənənəvi xalq üsulu ilə yundan ipliyin hazırlanması və boyanması prosesinin şahidi olduq. Bu ekspedisiyamız çərçivəsində Qobustan rayonunun bir neçə böyük qoyunçuluq təsərrüfatlarını öyrəndik. Bu təsərrüfatlarda əsasən Şirvan və Qarabağ qoyun cinsləri yetişdirilir".

V.Muradov bildirib ki, sektorda respublikamızın digər bölgələrində də qoyunçuluq təsərrüfatlarının yun xammalı imkanları tədqiq ediləcək. Bu məqsədlə ekspedisiyalar təşkil olunacaq, çöl materialları əsasında məqalələr dərc olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...